İcra başçısı evi uçmaq təhlükəsilə üzləşən vətəndaşın problemilə maraqlanmır
Ucar rayonu, Şahlıq kəndindən redaksiyamıza daxil olan şikayət məktubu və fotoşəkillər bir ailənin hər an məhv olmaq təhlükəsindən xəbəb verir. Məsələ burasındadır ki, məktubu ünvanlayan xanım qəzalı evdə yaşayır.
Bu evin hər an uçmaq təhlükəsi var. Evin sahibi Yəhyayeva Kəklik Mustafa qızı ürək ağrısı ilə öz problemlərindən bəhs edir: “Yaşadığımız ev qəzalı vəziyyətdədir, hər an uça bilər. Buna görə qonşunun evində yaşamağa məcbur olmuşuq. Bu barədə Ucar Rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciət etsək də, heç bir tədbir görmürlər. Gəlib baxıb, nəsə yazıb gediblər, ancaq köməklik etmirlər. İnsult xəstəliyi keçirmişəm pensiyaçıyam, qızım ruhi xəstə olmaqla 2-ci qrup əlildir. Onun pensiyası ilə mənim pensiyam cəmi 210 manat edir ki, bu, bizim heç dərmanlarımıza çatmır. Həyat yoldaşım vəfat edib, oğlum yoxdur. Heç bir yerdən köməyimiz yoxdur.
Bu yaxınlarda Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etmişəm. Hələ cavab verilməyib. Mən mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edib, onlardan xahiş edirəm ki, bizim evə nümayəndənizi göndərin, gəlib baxsınlar, bizə köməklik etsinlər. Acizanə şəkildə xahiş edirəm ki, qəzalı evimizin sökülüb yenisinin tikilməsinə köməklik edəsiniz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?