Salatın Quliyevanın ailəsi hər an dağıntılar altında qala bilər
Füzuli rayonunda bir ailə küçələrdə gecələmək məcburiyyətində qalıb. Bir ildən çoxdur ki, evsiz qalan ailə azyaşlı övladları ilə birlikdə həyətdə gecələyir. Bu barədə redaksiyamıza müraciət edən Füzuli rayonu Bala Bəhmənli kənd sakini Salatın Quliyeva dövlətdən imdad diləyir. Dediyinə görə, 2012-ci ildə yaşadıqları mənzil təbii fəlakət nəticəsində sıradan çıxıb. Həmin vaxt rayonda əsən güclü külək və sürüşmə nəticəsində ev yararsız hala düşüb. Məsələ ilə bağlı qadın Füzuli rayon İcra Hakimiyyətinə məlumat verərək evin yararsız hala düşdüyünü bildirib. Amma, buna baxmayaraq evin təmiri və ya ailənin yerləşdirilməsi barədə heç bir tədbir görülməyib: “Nə həyat yoldaşım, nə də mən heç bir yerdə işləmirik. Həyat yoldaşım ağır xəstədir, heç bir yerdən müavinət də almırıq. Himayəmizdə 5 yaşlı uşağımız da var. Artıq bir ildən çoxdur ki, uçuq evdə qorxa-qorxa yaşayırıq. Heç bir məmur bizimlə maraqlanmır. Rayon rəhbərliyinə dəfələrlə müraciət etsək də bizi qəbul etmirlər. Məcburiyyət qarşısında qış-yay həyətdə qalırıq”.
Çarəsiz ailə məmurların istehza obyektinə çevrilib
Salatın Quliyeva deyir ki, bir neçə ay öncə evin bir hissəsi tamam uçub. Hazırda evə daxil olmaq da təhlükəlidir: “İcra hakimiyyətindən gəlib baxıb gedəndən sonra demişdilər ki, sizə yardım ediləcək. Amma, bu günə qədər heç bir yardım olunmadı. Onlar gördülər ki, ev bu vəziyyətdə olsa da, biz məcbur olub orda yaşayırıq, daha maraqlanmadılar. Dedilər ki, yəqin evdə yaşamaq mümkündü. Amma, bilmirlər ki, biz ailəmizin həyatını təhlükəyə atıb əlascızlıqdan burda yaşayırıq. Məmurlar bizim şikayətimizi istehza ilə qəbul edir. Rayon rəhbərliyini bizim ailənin taleyi maraqlandırmır”.
İcra hakimiyyəti yuxarılara “hə”, imkansız ailəyə isə “yox” deyir
Şikayətçi qadın deyir ki, bir neçə ay əvvəl məcburiyyət qarşısında qalıb Bakıya, yuxarı dairələrə məlumat verib: “Bakıya gəlib Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qəbuluna yazıldım. Fonddan məni qəbul edib şikayətimi dinlədilər və problemimi diqqətdə saxlayacaqlarına söz verdilər. Məlum oldu ki, mənim problemim barədə Füzuli rayon İcra Hakimiyyətinə tapşırıq verilib. Fond icra hakimiyyətindən xahiş edib ki, bizim evə yenidən baxış keçirilsin və mənzil yenidən təmir edilib istifadə olunası vəziyyətə gətirilsin. İcra Hakimiyyətindən bildiriblər ki, guya problemin aradan qaldırılmasına yardım olunacaq. Amma, bu günə qədər hələ heç bir məmur bizimlə maraqlanmayıb. Nə evə baxış keçirməyə gələn var, nə də yardım edən. Artıq havalar soyuyur, xəstə həyat yoldaşım və azyaşlı uşağımın sığınmağa yeri yoxdur. 3 nəfərlik ailə ilə hələ də küçələrdə, həyətdə gecələyirik. Artıq xəstə yoldaşım və uşağım soyuqlara dözə bilmir. Yoldaşımın vəziyyəti get-gedə ağırlaşır. Bu isə Füzuli rayonunun rəhbər işçilərini, aidiyyəti dövlət qurumlarını maraqlandırmır”.
Çarəsiz qadın məmur məsuliyyətsizliyindən Bakıya qaçıb
Bu haqsızlığa dözməyən şikayətçi məcburiyyət qarşısında qalıb evini tərk edib Bakıya gəlib. Salatın Quliyeva deyir ki, artıq yaşamağa yer tapmırlar. Deyir ki, artıq son ümidi bura qalıb: “Bilirəm ki, rayonda ailəm məhv olsa da, məmurlar bizə yaxın durmayacaq. Ona görə də prezident İlham Əliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan yardım istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, ailəmin məhv olmasına imkan verməyin. Ailəmi məhv olmaqdan qoruyun. Yoldaşım əməliyyat olunub, özümün ayağım elektrik cərəyanı vurması nəticəsində qıc olub. Son ümidim sizsiniz. Sizdən xahiş edirəm ki, mənim ailəmi ölümdən qurtarasınız. Füzuli məmurları ailəmizi məhv etmək istəyirlər. Onların məsuliyyətsizliyi bizi ölümə sürükləyir. İcra hakimiyyəti deyir ki, hələlik evdə yaşaya bilərsiniz. Amma, necə yaşayaq, bilmirik, evin iki divarı tam uçub, damını külək atıb, üstü açıq qalıb. Orda necə yaşayaq bilmirik. İcra Hakimiyyətinin əməkdaşları isə bizi vadar edirlər ki, evə girək, uçsun və dağıntılar altda qalıb ölək”.
Sorğu
Yeni dizaynımız necədir?