Təəssüf doğuran hal o olur ki, şöbənin həyətində sərnişin Anar Məmmədov polis mayoru Məmmədsadıq Nağıyev tərəfindən həm təhqir olunur, həm də bərk döyülür
Polis–Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan və Qanunla müəyyən olunmuş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polis haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Polis vəzifə borcunu yerinə yetirərkən insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət etməli, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərməlidiir. Yəni, bütün bunlar polis haqqında qəbul olunmuş Qanunda öz əksini tapır. Polisin hər hansı şəxsin ləyaqətini alçaldan addımlar atması, qanunla yolverilməzdir. Amma, əfsuslar olsun ki, bu gün də bəzən polis əməkdaşları qanunun belə bir tələbinə nəinki əməl edirlər, hətta açıq-aşkar şəkildə onu tapdaqlar altına da atırlar. Fakt budur ki, belə bir hallar daha çox yol polisi əməkdaşları arasında müşahidə olunmaqdadır. Onu da vurğulayaq ki, yol hərəkəti qaydalarının pozulması hallarının texniki vasitələr tərəfindən qeydə alınması, bu barədə sürücülərin iştirakı olmadan elektron protokolların tərtib olunması, habelə “Yol hərəkəti haqqında” qanunlarmıza məhəl qoyulmaması, vətəndaşlarla kobud davranmalar, onların hansısa maraqlar çərçivəsində get-gələ salınmaları və.s barədə müəyyən məlumatları eşitsək də, nədənsə belə bir qanunsuzluqlara rəvac verən polis əməkdaşlarına qarşı, çox zaman lazımi ölçü götürülmür. Onların tabe olduqları qurumlar isə, əksər hallarda polis əməkdaşlarının müdafiəçisi rolunda çıxış edirlər. Belə olan halda polis əməkdaşları cəzasızlıq mühitinin varlığını hiss edir və daha qəddar addımlarını atmaqla, bir növ vətəndaş hüquq və azadlıqlıarına qənim kəsilirlər. Əslinə baxsan hər bir polis əməkdaşı atdığı addımları, kənar şəxslərə qarşı davranışları və digər yanaşmaları və s. ilə hər kəsə nümunə olmalı olduğu halda, çox zaman biz bunların əksini görürük. Məsələn, adicə bir faktı qeyd edək ki, ötən gün Şirvan şəhəri ərazisində xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşı ilə sürücü arasında baş verən insident, əksər media qurumlarında gündəmi zəbt edən mövzulardan birinə də çevrildi. Baş verən hadisənin mahiyyətindən görünür ki, şəhər yol polisi idarəsinin əməkdaşı, yol polisi mayoru Məmmədsadıq Nağıyev, reyd zamanı VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobili saxlayır və çox keçmir ki, nəqliyyat vasitəsinin sürücüsü ilə mübahisə də etməyə başlayır. Həmin vaxt sürücünün yanında əyləşən digər sərnişin Anar Məmmədovun, baş verən mübahisənin çəkilişini həyata keçirməsi daha bir gərginliyə səbəb olur. Nəticədə mübahisə böyüyür və sürücü ilə bərabər sərnişin də, polis əməkdaşlarının köməyi ilə Şirvan şəhər Polis İdarəsinə aparılırlar. Təəssüf doğuran hal o olur ki, şöbənin həyətində sərnişin Anar Məmmədov polis mayoru Məmmədsadıq Nağıyev tərəfindən həm təhqir olunur, həm də bərk döyülür. Verilən məlumatda o da bildirilir ki, hələ bu azmış kimi, sərnişin müvəqqəti saxlama təcridxanasına da salınır. Şəhər polis idarəsində yol polisi əməkdaşı, polis mayoru rütbəsini daşıyan Məmmədsadıq Nağıyevin vətəndaşa qarşı hansı təhqiredici ifadələr işlətməsi, heç bir etik normaya sığmayan söyüşlər söyməsi, polis adıyla uzlaşmayan addımlar atması və s. bir daha hər kəsi düşünməyə sövq edir. Gizli şəkildə həyata keçirilmiş və əksər media qurumlarının səhifələrində yer alan belə bir çəkiliş bir daha onu söyləməyə əsas verir ki, DİN-nin bəzi qurumlarında cəzasızlıq mühiti yaşandıqca, hələ də bəzi polis əməkdaşlarının qudurğanlıqları davam etməkdədir. Onu da vurğulayaq ki, Şirvan şəhər Polis İdarəsində yaşanan olay, bəzi polis əməkdaşlarının sadə vətəndaşlara qarşı qərəzli yanaşmalarını bir daha ortaya qoyur və əksər mətləblərə aydınlıq gətirməyə əsaslar da verir. Çünki, baş verən insident məsələnin görünən tərəfi olsa da, bir anlığa fikir verək ki, polis vətəndaş münasibətlərinin görünməyən tərəfləri də var. O da DİN-nin bəzi qurumlarında daha çox sadə sakinlərin hədələnmələridir, döyülmələridir, təhqir olunmalarıdır, minbir rəzalətə düçar olunmalarıdır. Düzdür, sadaladıqlarımızı bütün polis əməkdaşlarına heç cür şamil edə bilmərik. Amma, fakt budur ki, atdığı addımları və davranışları ilə əksəriyyətə nümunə olmalı olan polis əməkdaşlarından bəziləri, bəzən Məmmədsadıq Nağıyev kimi əməllərə qol qoymaqla, əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirlər. Əslinə baxsan hər kəs, Azərbaycan polisi ilə öyünür, polis adı ilə qürur hissi keçirir və ona güvənc mənəyi kimi də baxır. Belə olan halda Şirvan şəhər Polis İdarəsində, hətta çoxsaylı insanların gözləri qarşısında VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobilin sənişinini təhqir edən, onun şərəf və ləyaqətini alçaldan, ifadə olunması mümkün olmayan küçə söyüşləri söyən, eyni zamanda polis mayoru rütbəsini daşıyan Məmmədsadıq Nağıyevin əməllərinə və danışıqlarına hansı qiyməti vermək olar? Odur ki, hələlik bu haqda düşünürük. Düşünüb həm də o anı gözləyirik ki, küçə söyüşləri ilə sərnişini söyən polis əməkdaşı, çox yaxın vaxtlarda DİN-nin rəhbərliyi tərəfindən lazım olduğu cəzaya da düçar ediləcək. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?