Yerli məmurlar sakinlərin şikayətini qulaqardına vurur
Göyçay rayonu, Mirzəhüseyinli kənd sakini Əliyev Rafiq Təvəkkül oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. O, bildirir ki, yaşadığı kəndin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır: “Bunu isə rüşvətxor, harın vəzifəli şəxslər ediblər. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır”.
Rafiq Əliyev yazır ki, təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib: “50 nəfərə yaxın insan isə onkoloji xəstədir. Mal-qara tələf olur. Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və mal-qaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edək. Hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır. Bu ciddi məsələ barədə Göyçay rayon icra başçısına, 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə və digər qurumlara müraciət etsək də, heç bir tədbir görülməmişdir. Bu əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kənd icra nümayəndəsi Hafiz Həsənov və bələdiyyə sədri Səyyaf Səmədov razılıq veriblər. Çünki onlar bizim kənddə yaşamır və bu arxın suyundan istifadə etmirlər”.
Şikayətçi qeyd edir ki, Ərəbcəbirli, Mirzəhüseyinli kəndlərinin bələdiyyəsi və icra nümayəndəliyi eynidir: “Kənd icra nümayəndəsi və bələdiyyə sədri Ərəbcəbirli kəndində yaşayırlar. 6 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsi Göyçay şəhərində yerləşir. Oranın müdiri Mədət Novruzovun başı ancaq rüsum adı altında vətəndaşları soymağa qarışıb. 23 fevral 2017-ci il tarixdə Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürdəmir rayonunda Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək. Mirzəhüseynli kənd sakinləri də nazir Hüseynqulu Bağırovun qəbulunda olacaq və bu acınacaqlı vəziyyət barədə ona şəxsən məlumat verəcəyik. Bir kəndin camaatını dəhşətli xəstəliyə yoluxdurmaq genosid sayılır. Kənd camaatının həyat və sağlamlıqları təhlükədədir. Ümüdimiz Allaha və vicdanlı şəxslərə qalıb.Xahiş edirik, bizə kömək edin”.
Sorğu
Yeni dizaynımız necədir?