“Artıq həftədə üç dəfə deyil, yalnız bir dəfə çoxsaylı oxucularının görüşünə gələcək “Gündəm Xəbər”i, düşdüyü durumdan necə xilas etmək olar?”
Hörmətli oxucular! Son vaxtlar “Gündəm Xəbər” qəzetinin üz-üzə qaldığı bəzi problemlərin varlığı, bir redaksiya olaraq bizi müəyyən məqamlara toxunmağa vadar edib. Çünki, yaşananlarla bağlı fikirlərimizi sizlərə çatdırıb onu vurğulamaq istəyirik ki, adı çəkilən bu qəzet 2009-cu ildə işıq üzü görsə də, hal-hazırda həftəlik nəşrinin azalması təhlükəsi ilə üz-üzə qalıb. Düzdür, bunu zəruri edən bir çox obyektiv və subyektiv səbəblər də var. Əvvəla onu qeyd edək ki, “Gündəm Xəbər” qəzeti bir mətbu orqan olaraq həmişə dövlətimizin iqtisadi-siyasi maraqlarının qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, harınlamış məmur özbaşınalıqlarına qarşı aparılan mübarizə tədbirlərinin davam etdirilməsində, daha çox hüquqları pozulmuş sadə vətəndaşların üz-üzə qaldıqları problemlərin ictimailəşdirilməsində, bir sözlə ümumi ictimai əhəmiyyət kəsb edən məsələ və problemlərin həllində əməli addımlarını atmış və belə bir səbəblər üzündən də, bu günə kimi ətrafına çoxsaylı oxucu auditoriyası da toplamışdır. Atılan addımların nəticəsi olaraq daim redaksiyamızın ünvanına yerlərdən, yaxın-uzaq məsafələrdən çoxsaylı oxucu məktubları ünvanlanmış və onların ictimailəşdirilməsi də xahiş olunmuşdur. Onu da vurğulayaq ki, nə qədər çətin olsa da həmişə çalışmışıq ki, oxucularımızı heç bir halda intizarda qoymayaq və onların təqdim etdikləri, yaxud da ünvanladıqları məktub və müraciətləri dərc edək. Belə bir yanaşmamızın nəticəsi olaraq “Gündəm Xəbər” qəzeti, bu gün də çoxsaylı oxucularımız tərəfindən sevilə-sevilə oxunmaqdadır. Amma bütün bunlara baxmayaraq hər həftənin 1-ci, 3-cü və 5-ci günləri satışda olan qəzetimiz, son vaxtlar üz-üzə qaldığımız maliyyə çətinliyi ucbatından, yalnız hər həftənin 1-ci günləri satışda olmaq məcburiyyəti qarşısında qalıb.
Əvvəla onu qeyd edək ki, bu günə kimi “Gündəm Xəbər” qəzetinin maliyyə mənbəyi, yalnız və yalnız satışdan əldə olunan gəlirlər olub. Yəni, bəzi mətbu orqanlardan fərqli olaraq bu qəzet hansısa qruplaşmanın, hansısa vəzifə sahibinin və yaxud da hansısa şəxsin təsir dairəsində olmayıb ki, qeyd olunan ünvanlardan da müəyyən məbləğdə maliyyə yardımı əldə edə bilsin. Adicə onu vurğulayaq ki, hər il 22 iyul- Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə ayrılan vəsaitdən, “Gündəm Xəbər”ə bir qəpik olsun belə maliyyə vəsaiti ayrılmır. Baxmayaraq ki, adı çəkilən qəzet bu günə kimi daim işıq üzü görmüş, ətrafına kifayət qədər oxucu auditoriyası toplamış və ictimai fikirin fomalaşmasına bu və ya digər formada təsir etməyi də bacarmışdır. Amma, “Gündəm Xəbər”dən fərqli olaraq gündəlik, həftəlik işıq üzü görən və yaxud da görməyən elə media qurumları var ki, onlara hər il adı çəkilən qurum tərəfində müəyyən məbləğdə vəsait ayrılır. KİVDF-nin ayırdığı maliyyə vəsaitindən yararlanan, amma 2%-lik belə satışı olmayan, hətta ictimai fikirin formalaşmasına hər hansı formada təsir etməyi bacarmayan media orqanları, məhz atılan addımların nəticəsi olaraq hər il dövlət büdcəsinə xeyli miqdarda ziyan vurmaqla bərabər, yaşamağı da bacarıblar. Digər tərəfdən “Gündəm Xəbər” qəzetinə qarşı tətbiq olunan əsassız vergi cərimələri, illər uzunu davam edən məhkəmə çəkişmələri və digər addımlar, məhz adı çəkilən qəzetin çıxılmaz duruma düşməsinə səbəb olan əsas amillərdəndir. Vəziyyətin acınacaqlı duruma düşməsinə səbəb olanlardan biri də, Bakı Metropolitenində və əlyayımı vasitəsilə qəzetlərin satışına qoyulan qadağanın varlığı oldu. Əgər vaxtilə “Gündəm Xəbər”in bir neçə min nüsxəsi əlyayımı vasitəsilə, yaxud da Bakı metropoliteninin müxtəlif stansiyalarında, keçidlərində satılırdısa, artıq xeyli vaxtdır ki, bu yöndə addımlara da qadağa tətbiq olunub. Bu gün bəzi media qurumlarının, xüsusilə də “Gündəm Xəbər”in maliyyə çətinliyi ilə üz-üzə qalmasına əsas səbəb, hər addımbaşı paytaxt Bakı ilə bərabər, bir çox şəhər və rayonlarımızı ağuşuna alan və “Kiosk-Press” adı ilə tanınan yeni köşklərin varlığıdır. Çünki, yeni üslubda olan bu köşklər qəzet satışı məqsədilə quraşdırılsa da, əslində həmin köşklərdə qəzet-jurnal deyil, daha çox ticarətlə məşğul olunduğu aydın görünür. Faciə odur ki, çox zaman “Kiosk-Press”lərdə çalışanlardan hansısa mətbu orqanın olub-olmadığını soruşduqda “bilmirəm” cavabını eşitməli olursan. Amma, həmin şəxslərə “tütün məhsulları, spirtli içkilər, “kazbek”i əvəz edən siqaret növləri və s. varmı?” deyə sual etdikdə, “var, bu dəqiqə verərəm” cavabını eşitməli olursan. Daha acınacaqlı hal isə, hava şəraitinin yağmurlu, yaxud da küləkli olduğu anlarda yaşananlardır. Çünki, qəzet-jurnal satışı məqsədilə quraşdırılan yeni köşklərdə, həmin vaxtlarda hansısa mətbu orqanı əldə etməyin özü sanki müşkül məsələyə çevrilir. Buna da səbəb, “Kiosk-Press”lərə məxsus “vitrin”lərdən iş vaxtı başa çatmamış mətbu nəşrlərin yığışdırılması və “qapaqlar”ının bağlanması olur. Səhər saatlarında yaşanan ab-hava da, əslində böyük faciələrdən xəbər verir. Bununla bağlı onu bildirək ki, gecə saatlarında fəaliyyətini davam etdirən yayım firmaları qəzet-jurnalları vaxtlı-vaxtında ünvanı üzrə çatdırsalar da, çox zaman naxələf addımlar “Kiosk-Press”lərin əməkdaşlarından atılır. Yəni, əksəriyyət də təsdiqləyə bilər ki, yayım köşklərində çalışanlar çox zaman mətbu nəşrləri səhər saat 10-11 radələrində “vitrin”lərə yerləşdirirlər. Belə bir addımların atılması, məhz gündəlik çoxsaylı oxucuların itirilməsi ilə nəticələnməkdədir. Xoşagəlməz hal odur ki, istər “Kiosk-Press”lərə sahiblik edənləri, istərsə də həmin köşklərdə çalışanları heç bir halda mətbu nəşrlərin satışı maraqlandırmır. Onları daha çox, əslində “mini market” funksiyasını daşıyan və içərisində kişi-qadın geyimlərindən başqa satışa çıxarılan digər malların varlığı düşündürür. Bu da o deməkdir ki, bu gün hansısa çevrə çap mediasına qənim kəsilib. Hələ bu azmış kimi, “Kiosk-Press”lərdə çalışan əməkdaşların oxunan qəzetləri, o cümlədən “Gündəm Xəbər”i də gün ərzində 3-4 saatlığa ayrı-ayrı şəxslərə, iş adamlarına, “taksi” sürücülərinə və s. “arenda”ya vermələri də, adı çəkilən qəzetin maliyyə çətinliyi ilə üz-üzə qalmasına səbəb olan amillərdəndir. Çünki redaksiyamıza daxil olan məlumatlara görə, satış köşklərinin əməkdaşları “Gündəm Xəbər”i adı çəkilən şəxslərə verir və 3-4 saatdan sonra da onları geri tələb edirlər. Belə bir addımların qarşılığında isə, həmin şəxslərdən hər qəzetə görə 20 qəpik qazanc əldə edirlər. Bu zaman udan köşklərin əməkdaşları, uduzan isə redaksiyalar olurlar. Diqqəti cəlb edən hal odur ki, hər “toçka”da yerləşən “Kiosk-Press”lərdə “şıdırğı” alver getsə də, bunun qarşılığında yayım köşklərinin sahibləri bir çox vergi növlərindən kənarda qala bilirlər. Amma, kiçik həcmli market sahibləri isə, hər ay müəyyən adlar adı altında vergi ödəməyə məcburdurlar. Deməli, “PRESSA” adı altında gizlənən yayım köşklərinin sahibləri gündəlik xeyli miqdarda qazanca sahib olsalar da, yəqin ki, onların dövlətə vurduqları ziyanın həddi-hüdudu yoxdur. İndi olub-keçənləri təhlil etməklə kimin hansı qərara gəlməsini, məhz özü müəyyən etməlidir. Bizim gəldiyimiz qərar isə ondan ibarətdir ki, müstəqil mətbuatımızın yaşadılmasına “yaşıl işıq” yandırılmalı və qarşıdakı əngəllər də aradan qaldırılmalıdır. Çünki, bu sahənin inkişaf etdirilməsi həm müstəqil Azərbaycan Respublikasının imicinin, həm də beynəlxalq nüfuzunun möhkəmləndirilməsi deməkdir. Bir redaksiya olaraq onu da vurğulamaq istəyirik ki, bu gün ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan mətbuatının inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması istiqamətində yanaşması, hər kəs tərəfindən lazımınca da qiymətləndirilir. Çünki müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ölkə rəhbəri digər sahələr kimi bu sahəni də daim nəzarətdə saxlayır və lazımi diqqət və qayğının göstərilməsi istiqamətində mühüm tapşırıqlarını da verir. Amma, bəzi vəzifə sahiblərinin verilmiş tapşırıqlara əməl etməmələri və hal-hazırda bu sahədə yaşanan çoxsaylı problemlərin varlığı, məhz bizi bu gün də düşündürməkdədir. Düşünürük ki, ölkə rəhbərinə daha sadiq olan bir şəxs tərəfindən bu sahədə müəyyən araşdırmalar aparılarsa, o halda əsl həqiqətlər üzə də çıxar. Çünki biz belə bir qənaətə gəlmişik ki, Azərbaycan mətbuatının durumu haqda ölkə rəhbərinə çatdırılan məlumatlar bitərəfli çatdırıldığından, hal-hazırda bu sahədə çoxsaylı problemlər yaşanmaqdadır. Odur ki, gəlin həm düşünək və həm də bir qədər götür-qoy da edək. Yoxsa...
Sorğu
Yeni dizaynımız necədir?