Hətta, bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar
Bu gün Qaradağ rayonu ərazisində yaşanan çoxsaylı problemlərdən biri də, təqribən 1680 ailəni əhatə edən və 6892 nəfər məcburi köçkünün başına gətirilən həngamələrin varlığıdır. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran və adının çəkilməsini istəmədiyimiz mənbənin bildirdiyinə görə, hələ bir müddət bundan əvvəl adı çəkilən rayonun Su-Kanal İdarəsinə Əhliman müəllimin müdir təyin olunması, məhz çoxsaylı problemlərin də əmələ gəlməsinə səbəb oldu. Məsələn, çatdırılan məlumatlarda bildirilir ki, əgər 2013-cü ildən bu günə kimi məcburi köçkün ailəsinin hər üzvünə 5 kub içməli təmiz su verilirdisə və verilən hər kub suya görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ayrılan vəsait Qaradağ rayon Su-Kanal İdarəsinə köçürülürdüsə, bu heç vaxt hansısa söz-söhbətin əmələ gəlməsinə də səbəb olmurdu. Amma, bu gün yeni rəhbərliyin atdığı addımların nəticəsində “yeni ocaq”lar yanmağa başlayıb. Çünki, hər bir köçkün ailəsinin üzvü ay ərzində verilmiş normadan az miqdarda içməli su işlədirsə, deməli ona aid Su-Kanal İdarəsinin balansında xeyli miqdarda vəsait qalır. Əslində həmin vəsait dövlət tərəfindən ödənildiyi üçün, toplanmış vəsaitlər məcburi köçkün ailəsinin hər bir üzvünə çatmalı və həmin şəxş də, toplanmış vəsaitdən istədiyi formada istifadə etmək hüququna malikdir. Bəs bu gün nələr baş verir ki, Əhliman müəllimin rəhbərlik etdiyi qurum əməlli-başlıca müəyyən söz-söhbətlərin də əmələ gəlməsinə səbəb olmaqdadır. Belə ki, verilən məlumatlarda o da bildirilir ki, son günlər Qaradağ rayon Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkünlərin yaşadığları mənzillərə gedir və içməlu sudan istifadəyə görə borc əmələ gəldiyini də bildirirlər. Hətta, bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar. Düzdür, 2017-ci ildə məcburi köçkünlərin kommunal xidmətlərdən istifadəyə görə imtiyazları ləğv edildi. Amma, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə içməli təmiz suya görə ödənilmiş vəsaitlərin xeyli hissəsi Qaradağ rayon Su-Kanal İdarəsinin balansında qalsa da, yeni rəhbərlik toplanmış vəsaitləri sahiblərinə verməkdən imtina edir. Bu da məcburi köçkün ailələrinin haqlı narazılığına səbəb olmaqdadır. Faciə odur ki, Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkün ailələrinə borc yazarkən onu da bildirirlər ki, “heç də narahat olmayın, yazılmış borcları mart ayında siləcəyik”. O halda sual oluna bilər ki, bu cür addım nəyə əsaslanıb atılacaq? Axı, bu ilin əvvəlindən məcburi köçkünlərin kommunal xidmətlərə görə imtiyazları ləğv edildi. Deməli, qrum əməkdaşlarının bu cür oyun qaydaları qurmalarına səbəb, ötən illər ərzində yığılıb qalan və məcburi köçkünlərə verilməli olan təqribən 20-30 min vəsaitin, Qaradağ rayon Su-Kanal İdarəsi tərəfindən mənimsənilməsinə hesablanmış addımdır. Yaşanan olay diqqəti cəlb etdiyindən, inanırıq ki, “Azərsu”ASC-nin rəhbərliyi yaşanan problemə diqqət göstərəcək və həlli istiqamətində əməli addımlarını da atacaq. Problemin varlığını diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?