Maarif Qurbanov: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovdan təvəqqe edirəm, xahişimi çatdırıram ki, 1997-ci ildə 039819 nömrəli orderlə mənə verilmiş mənzilimin boşaldılması üçün, tabeçiliyində olan vəzifə sahiblərinə müvafiq tapşırıqlarını versin”.
Dağlıq Qarabağ müharibəsinin əmələ gətirdiyi problemlər, təkcə 22%-lik ərazilərmizin itirilməsi ilə nəticələnmədi, eyni zamanda çoxsaylı olayların da əmələ gəlməsinə səbəb oldu. 1992-1993-cü illərdən bu günə qədər ötən dövrə nəzər salsaq, onu da müşahidə edə bilərik ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında, ilk növbədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması prinsipi əsasında həllinə çalışsa da, hələ də Ermənistanın fitnəkar mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Belə bir səbəblər üzündəndir ki, qaçqın və məcburi köçkün düşən çoxsaylı vətəndaşlarımız, bu gün də mənzil problemi, yeni iş yerlərinin olmaması, şəraitsizlik və.s kimi problemlərdən əziyyət çəkməkdədirlər.
Bütün bunlarla bərabər, qaçqın və məcburi köçkün həyatı yaşamayan elə vətəndaşlarımız da var ki, hal-hazırda onlar da çıxılmaz duruma düşüblər. Məsələn, bir neçə gün bundan əvvəl redaksiyamıza üz tutan, üzləşdiyi problemlərin mahiyyətini bizimlə bölüşən və Bakı şəhəri Hövsan qəsəbəsi keçid-1850, A/YAT 18, ev-5A ünvanında qeydiyyatda olan Qurbanov Maarif Əşrəf oğlu bildirir ki, “mən 1983-cü ildən 1 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinə başladım. Çox keçmədi ki, kombinatda istər ixtisasım üzrə rəngsaz, istərsə də fəhlə işlədim və az sonra ailə həyatı qurub övlad sahibi də oldum. 1992-ci ildə kombinatda fəhlə işləyənlər, yaxud da digər vəzifə sahibi olanlar üçün, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi M.Hadiniski-101 ünvanında 1 saylı Evtikmə Kombinatı tərəfindən yaşayış binası tikilməyə başladı. Elə ki, qeyd olunan ünvanda aparılan tikinti işləri tam başa çatdırıldı, çox keçmədi ki, 14 saylı binanın 3-cü blokunun 70 saylı mənzilinə aid 039819 nömrəli order mənə verildi. Hal-hazırda ailə üzvlərimizin sayı 5 nəfərdən ibarətdir. Bir qız və iki oğul övladım var ki, hər ikisi də Vətən qarşısında xidməti borcunu yerinə yetiriblər. Həddi-büluğa çatan hər iki oğlum, hal-hazırda ailə həyatı qurub övlad sahibi olmalıdırlar. Amma, Zəngilan rayonundan məcburi köçkün düşən Babayev Baba Qurban oğlu, 1997-ci ildə 039819 nömrəli orderlə mənə verilmiş mənzilimi 1993-cü ildən zəbt edib, bu gün də mənzilimi boşaltmaq istəmir. Əldə etdiyim məlumatlara görə, onların ailəsinə məxsus şəhərin müxtəlif ünvanlarında və ətraf ərazilərində yaşayış evləri var ki, həmin mənzilləri də kimlərəsə kirayəyə veriblər. Belə bir addımlarının qarşılığında isə, mənə məxsus mənzili yenə də boşaltmırlar”.
Hal-hazırda dolanışıq vəziyyətinin olduqca ağır, problemlərinin aşıb-daşdığını, səhhətinin xoşagəlməz duruma düşdüyünü deyən Maarif Qurbanov onu da bildirir ki, “mən illər uzunu istidə-soyuqda fəhlə işləmişəm, zəhmət çəkmişəm, məqsədim mənzilimə sahib olmaq idi. Bu gün isə qanuni yolla mənə verilmiş mənzilimin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması, onsuz da ağır durumda olan ailəmizin vəziyyətini daha da ağırlaşdırıb. Odur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovdan təvəqqe edirəm, xahişimi çatdırıram ki, 1997-ci ildə 039819 nömrəli orderlə mənə verilmiş mənzilimin boşaldılması üçün, tabeçiliyində olan vəzifə sahiblərinə müvafiq tapşırıqlarını versin”.
Bəli, bu vaxtilə minbir zülm, əzab-əziyyət çəkən və mənzil almaq istəyinə sahib olan Maarif Qurbanovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovdan etdiyi xahişdir. Biz də bir redaksiya olaraq inanırıq ki, maddi durumu olduqca ağır olan, oğul övladlarını evləndirmək, nəvə-nəticə sahibi olmaq istəyində olan bir valideynin haqq səsinə, ədalətli yanaşma ortaya qoyulacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?