Bu gün isə bələdiyyə sədri problemin varlığı ilə məlumatsız olduğunu bildirir və öz bildiyi formada oyun da oynayır
Abşeron rayonunun Mehdiabad qəsəbəsində (Balaxanı yolunun üstü, Yeni yaşayış massivi adı ilə tanınan ərazi, hansı ki, həmin ərazi sakinlərin bildirdiyinə görə Mehdi Hüseynzadə, yaxud Mehdi Hüseyn küçəsi adlanır) yaşayan sakinlər tərəfindən “Gündəm Xəbər”ə ünvanlanan müraciətdə hansısa yol probleminin varlığından, komunal xidmətlərin təmin olunması sahəsindəki çatışmazlıqdan və digər neqativ halların varlığından deyil, məhz yaşadıqları ərazidə qonşularının onlara yaratdıqları problemin varlığından bəhs edirlər. Belə ki, sakinlər ünvanladıqları müraciətlərində yazırlar ki, “biz uzun illər ərzində adı çəkilən ərazidə yaşamışıq və bir-birimizə qarşı olduqca səmimi münasibətdə də olmuşuq. Amma, son bir-iki il ərzində yaxınlıqda yaşayan qonşumuzun bizə yaratdığı problem, bu gün əməlli-başlıca qarşıdurma da yaradıb. Belə ki, həmin qonşumuz həyətindən çıxan suyu müəyyən istiqamətə yönəltmək əvəzinə, bizim yaşadığımız evlərə tərəf axıdır. Bu haqda yaxın bir-iki il ərzində xəbərdar olmasaq da, bu gün əmələ gələn problemlər bizi hər şeydən xəbərdar edib. Belə ki, qonşumuzun axıtdığı su nəticəsində yaşadığımız həyət evlərinin bəzilərində çatlar əmələ gəlib, həyətyanı sahələrimizi su basması səbəbindən isə, meyvə verən ağaclarımız quruyub. Bütün bunların qarşılığında qonşulara ziyan vuran, narazılıq hissinin əmələ gəlməsinə səbəb olan qonşumuz isə, hələ ki, öz ampulasındadır.
Təəccüb doğuran hal odur ki, sakinlərin üz-üzə qaldıqları problemlərin həllinə birbaşa cavabdehlik daşıyan yerli qrum rəhbərləri isə, hələ də susmaqdadırlar. Mehdiabad bələdiyyəsinin mövqeyinə gəlincə isə, deyəsən bələdiyyə rəhbərliyində duranlar bu gün də müəyyən edə bilməyiblər ki, həmin ərazi hansı rayona, hansı bələdiyyəyə məxsusdur. Amma, həmin ərazidə bələdiyyə rəhbərliyinin, yaxud da kənd icra nümayəndəliyinin icazəsi olmadan daşı daş üstünə qoyan şəxsin tikdiyi tikilinin yeri dərhal müəyyən olunur və yeri gəldikdə altüst də olunur. Bu da onu söyləməyə əsas verir ki, Abşeronun rəhbərliyi başda olmaqla yerli vəzifə sahiblərinin görə biləcəyi işlər, deyəsən yalnız olub-qalan torpaq sahələrini satmaqdan, “kəsr”də qalan büdcələrini doldurmaqdan ibarətdir.
Diqqəti cəlb edən məqamlardan biri də, qeyd olunan ünvanda yaşayan sakinlərin üz-üzə qaldıqları problemlərə Mehdiabad bələdiyyəsinin sədri cənab Əbülfət müəllimin özünəməxsus tərzdə yanaşmasıdır. O, ünvanlanan suala “mən bilmirəm ki, həmin ərazi hansı bələdiyəyə məxsusdur. Yaxşı olar ki, sakinlər qəbuluma gəlsinlər və problemi birlikdə araşdıraq” desək də, sən demə ərazidə yaşayan sakinlər həmin problemlə bağlı dəfələrlə Əbülfət müəllimin qəbulunda olmuşlar. Bu gün isə bələdiyyə sədri, problemin varlığı ilə məlumatsız olduğunu bildirir. Deməli, bələdiyyə sədri oyun oynayır, özü də öz bildiyi kimi.
Qəzetimiz çapa gedərkən o da məlum oldu ki, ərazidə yaşayan sakinlərin əsas tələbi bir neçə jurnalisti ora dəvət etmək və yerli vəzifə sahiblərinin fəaliyyətsizliklərini geniş ictimaiyyətin də diqqətinə çatdırmaqdan ibarətdir. Odur ki, yaxın bir-iki gün ərzində problemin yaşandığı ərazi ilə bağlı lazımi çəkiliş həyata keçirib, geniş açıqlama da hazırlayacağıq. Problemin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?