Bərdə rayonunda yaşanan və analoqu olmayan problemlərin varlığı haqda məlumatları əldə etdikcə, “Gündəm Xəbər” qəzeti olaraq belə bir mövzulara daha çox yer ayırırıq. Məqsədimiz kiminləsə şəxsi ədavət aparmaq, kiminsə ünvanına hansısa şər-böhtanı yazmaq və s. deyil, sadəcə olaraq yaşananları ictimailəşdirməkdir. Çünki, problemlərin varlığını ictimailəşdirmək, aidiyyəti qurumları baş verənlər barədə məlumatlandırmaq, KİV nümayəndəsi olaraq bizim peşə borcumuzdur. Məsələn, bugünlərdə Bərdə şəhəri, Nəsimi küçəsi mən-2 ünvanda yaşayan İlyasov Polad İsmayıl oğlu tərəfindən redaksiyamıza göndərilən məktubda, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin törətdiyi əməllərdən, qol qoyduğu çoxsaylı qanunsuzluqlardan və s. bəhs olunur. Şikayətçi yazmış olduğu ərizəsində qeyd edir ki, “icra başçısı vaxtilə Bərdədə dövlət vəsaiti hesabına ərsəyə gətirilmiş “20 Yanvar şəhidləri”nin xatirəsinə ucaldılmış kompleksin, bir gecənin içərisində darmadağın etdirdi və o, söküntüdən çıxan armaturları, digər metal məmulatları isə, sanki dədə malı kimi Yevlaxda satdırdı. Daha faciəli hal o oldu ki, kompleksin ətrafına əkilmiş yaşıllıqlar da tamamilə məhv edildi. Baxmayaraq ki, qonşu Rusiyanın televiziya kanallarında Şərqi Avropa ölkələrində Böyük Vətən Müharibəsi iştırakçılarının şərəfınə ucaldılmış xatirə komplekslərinin durumu ilə bağlı maraqlı sujetlər göstərilir və həmin abidələr hansısa qüvvələr tərəfındən azacıq olsa zədələnərsə, dərhal dövlət səviyyəsində abidələrin bərpa olunması da tələb olunur. Qonşu dövlətin rəsmi şəxslərinin abidələrin durumu ilə bağlı bu cür yanaşmasının olduğu halda, bizim dövlətdə isə vəzifə sahibi olanların fərqli yanaşmalarının varlığı, sanki hər kəsi dəhşətə gətirməkdədir. Çünki, Bərdə RİH-nə rəhbərlik edən Vidadi İsayev, “20 Yanvar şəhidləri”nin xatirəsinə ucaldılmış abidəyə qənim kəsilməklə, konkret yanaşmasını ortaya qoymuş oldu. Bu şəxs atdığı addımlarına görə cəzalandırılmadığını gördüyündən, bir addım da irəli getdi. Yəni, o, mərhum prezidentimiz Heydər Əliyevin vaxtilə Bərdədə tikdirdiyi möhtəşəm Mədəniyyət Saraynıı da darmadağın etdirdi. Bu cür addımlarını atmaqla Vidadi İsayevin hara getmək istədiyini onun özü bilsə də, biz bərdəlilər bu haqda heç bir məlumata malik deyilik. Əgər mərhum prezidentimiz Heydər Əliyev bilsəydi ki, onun zamanında tikdirdiyi möhtəşəm sarayı Vidadi İsayev yerli-dibli sökdürəcək və söküntüdən əldə olunan materiallardan o, özünə mal tövləsi tikdirəcək, o halda yəqin ki, Bərdədə həmin sarayı tikdirməzdi. Bir bərdəli olaraq onu dərk edirəm ki, icra başçısı cəzasızlıq mühitinin varlığını gördükcə, bu cür xöşagəlməz əməllərindən əl çəkməyəcək. Vidadi İsayevin qol qoyduğu və analoqu olmayan qanunsuz əməllərindən biri də, onun ulu öndər Heydər Əliyevin adını daşıyan Parkda, kanalizasiya sularından yığılan çirkli suların hesabına göl yaratması oldu. Əgər onun təşəbbüsü ilə yaradılmış gölə göl demək mümkündürsə. Çünki, bu gün Bərdə rayon Mərkəzi Xəstəxanasının, Doğum evinin, bir çox restoran və içtimai iaişə obyektlərinin, hətta bəzi yaşayış binalarının kanalizasiya suları belə, yaradılmış gölə axıdılır. Ən dəhşətli və faciəli hal isə odur ki, vərəm dispanserindən axıdılan kanalizasiya suyu da, bu gün həmin gölə axıdılır. Ümumiyyətlə, baş verənlərə diqqət yetirməklə o qənaətə də gəlmək olar ki, hər bir vəzifə sahibi nəinki yaxın tariximizin, hətta uzaq keçmişimizə aid maddi-mədəniyyət abidələrinin, bir sözlə tarixi keçmişimizin yaşadılmasına da çalışmalıdır. Amma, Bərdə RİH başçısının “20 Yanvar şəhidləri”nin xatirəsinə ucaldılmış abidəni yerlə-yeksan etdirməsi, bir daha onu söyləməyə əsas verir ki, adı çəkilən şəxs tarixi keçmişimizə qənim kəsilən vəzifə sahiblərindəndir. Onu da unutmaq olmaz ki, belə bir məsələlərdə ölkə rəhbəri cənab İlham Əliyev olduqca həssas mövqe nümayiş etdirir və keçirdiyi tədbirlərdə, bütün görüşlərində və s. tarixi keçmişimizin yaşadılması barədə lazımi tapşırıqlarını da verir. Verilmiş tapşırıqlara əməl etməyənlərin aqibəti isə, olduqca acı sonluqla nəticələnir. Məsələn, şənbə günü Yasamal RİH-nin başçısı ilə bağlı çıxarılmş qərar da, ölkə rəhbərinin atdığı addımlardan biri oldu ki, bu da hər kəs tərəfindən alqışla qarşılandı. İnanırıq ki, Bərdədə “20 Yanvar şəhidləri”nin xatirəsinə ucaldılmış abidəyə qənim kəsilən icra başçısı ilə bağlı da, çox yaxın vaxtlarda oxşar addımlar atılacaq”. Bəli, bu gün baş verənlərə diqqət yetirməklə o qənaətə gəlirik ki, Vidadi İsayevin “talan siyasəti” hələ Bərdəyə və bərdəlilərə çoxlu sayda iztirablar da bəxş edəcək. Çünki, “Gündəm Xəbər” qəzeti olaraq bu günə kimi dərc etdiyimiz məqalələrdən də aydın olur ki, bu şəxsin başlıca amalı, əsas qayəsi sakinlərin problemlərini həll etmək deyil, məhz onlara yeni-yeni problemlər bəxş etməkdir. Problemlərin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?