Hər kəsə məlumdur ki, 1990-cı ilin 20 yanvar gecəsində başdan ayağa silahlanmış Sovet Qoşunu Bakıya yeridildi və həmin gecə misli görünməmiş vəhşiliklər də törədildi. Yəni, yüzlərlə dinc sakin qanına qəltan edildi, yüzlərlə sakin isə yaralandı. Baş verən hadisədən sonra xalqımızda əmələ gələn qorxmazlıq istəyi, istiqlal arzusu daha da artdı və son anda respublikamız müstəqil yaşamaq hüququnu da əldə edə bildi. 1991-ci ildə isə, 70 ildən çox müddət ərzində mövcud olmuş SSRİ imperiyasının varlığına son qoyuldu ki, bununla da yeni dönəmin başlanmasına şərait yarandı. Həmin ildən başlayaraq müxtəlif şəhərlərdə, ayrı-ayrı rayonlarda “20 Yanvar” faciəsi qurbanlarının xatirəsinə abidələr ucaldıldı. Həmin abidələrdən biri də, Bərdədə ucaldılmışdı ki, bu gün həmin abidədən heç bir əsər-əlamət qalmayıb. Buna səbəb, ucaldılmış abidəni Bərdə şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin ağır texnika ilə darmadağın etdirməsi olub. Diqqəti bir məqama yönəldək ki, “20 Yanvar” faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə üçün istifadə olunan mərmərin qiyməti yüzmin manatlarla qiymətləndirilsə də, bu gün həmin abidədən heç bir nişanə belə qalmayıb. Belə bir addımın atılması da, birbaşa xalqa meydan oxumaqdan başqa bir şey deyil. Hələ bu azmış kimi, vaxtilə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədən də, bu gün nəsə qalmayıb. Baxmayaraq ki, onların da əziz xatirəsinə Bərdədə böyük bir abidə ucaldılmışdı. Hətta , abidənin layihəsi Mins şəhərindən gətirildiyindən, onun ətrafındakı böyük hovuzlara, hovuzlardakı balıqlara, bir sözlə yaradılmış gözəlliyə baxmaqla doymaq olmurdu. Ətraf əraziyə əkilən güllər də, Avropa ölkələrindən gətirilirdi ki, bu da abidələrin ətrafına xüsusi yaraşıq verirdi. Vidadi İsayev bu abidələrə də qənim kəsildiyindən, onu da darmadağın etdirmişdir. Abidələrdə istifadə olunan mis lövhələrin harada satılmasından isə, hələ də bir kimsənin məlumatı yoxdur. Görəsən bu cür addımın atılması tariximizə, tarixi keçmişimizə qəsd deyilmi? Axı, biz hər an çalışmalıyıq ki, tariximizi yaşadaq, keçmişimizin unudulmasına imkan verməyək. Bu belə olmalı olduğu halda, Bərdə şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, tarixi keçmişimiz hesab olunan abidələrə qənim kəsilməsinə nə ad vermək olar? Odur ki, bu haqda düşünmək, bir qədər də fikirləşmək gərəkdir ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?