"Haqq nazilər, amma üzülməz” deyimini, KİVDF “haqq nazilər də, üzülər də” olaraq redaktə etdi
Nəhayyət ki, jurnalistlər üçün tikilən bina təhvil verildi və yeni sakinlərin adı bəlli oldu. Bəri başdan bəyan edirik ki, prezident İlham Əliyevin bu təşəbbüsü alqışa layiq haldır və bunu bütün jurnalistlər dəstəkləyir. Çünki bir jurnalist belə bir mənzili əldə etmək üçün ən azı 20-30 il dayanmadan işləməlidir. Amma bir anın içində jurnalist istəyinə nail olur. Buna görə jurnalistlər ilk gündən prezidentə təşəkkürlərini bildirdilər və bizdə bu təşəkkürə qatılırıq. Amma...
Xüsusi “komissiya”nın zərbəsi
Amma gözləntilər özünü doğrultmadı. Cənab prezidentin bu nəcib təşəbbüsündən yenə yararlananlar tapıldı və şəffaflığa ağır zərbə vuruldu. Belə ki, mənzillərin jurnalistlər arasında şəffaf bölünməsi üçün KİVDF-nin nəzdində elə bu qrumun sədri Vüqar Səfərlinin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Elə bütün oyunlarda bundan sonra başladı. Xatırladaq ki, komissiyanın ilk işi mənzillərin verilməsi üçün şərtləri müəyyənləşdirməsi oldu. Gəlin tənbəllik etməyib bu şərtlərə bir də baxaq. Çünki qanunsuzluğun kökündə dayanan ilk məqam elə bu şərtlərdir. Şərtlərə əsasən, televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytlar 3 namizəd müəyyənləşdirə bilərlər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir. KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı). KİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları) əlavə olunmalıdır.
Adları Mətbuat Şurasının "qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Müstəqil jurnalistlərə qurulan tələ
Gəlin indi şərtlərin mahiyyətinə baxaq. İlk ağır şərt budur ki, ev almaq istəyən jurnalist ən azı fasiləsiz 3 il, KİV-lədə isə ən azı fasiləsiz 10 il işləməlidir. Onda sual verilir , 20-30 il jurnalist kimi fəaliyyət göstərən amma ev alma ərəfəsində iş yerini dəyişən şəxsin kənarda saxlanılması hansı məntiqə sığır?. Və yaxud tutalım Qulu Məhərrəmli, Elçin Şıxlı, İbrahim Nəbioğlu kimi peşəkar simalar müstəqil olaraq fəaliyyət göstərirlərsə hansı məntiqlə bunlar oyundankənar duruma salınmalıdırlar?. Gördüyünüz kimi ilk qanunsuzluq buradan başlayır. Bunun kökündə isə aşağıdakı məqam dayanır. Bildiyiniz kimi bu gün müstəqil mediada maddi durum ağırdır. Buna görə qəzetlər, saytlar zaman-zaman əməkdaşları ilə bağladıqları müqaviləni dayandırmalı olurlar. Nəticədə müstəqil və peşəak jurnalistlər çox vaxt 3 il bir yerdə işləyə bilmirlər. Deməli bu şərtə əsasən peşəkarlar oyundan kənar duruma salınır. Bu gün stabil fəaliyyət göstərən KİV-lər isə əsasən hakimiyyətə yaxın KİV-lərdir. Və bu orqanlarda çalışanlar sabit əmək haqqı almaqla, bəzən 10 il də bir yerdə işləyə bilirlər. Deməli bu şərtin yaranmasında əsas məqsəd müstəqil jurnalistləri oyundan çıxartmaqdır.
Vüqar Səfərli konstitutsiyadan yüksəklikdədir?
Qoyulan şərtlərdən biri də budur ki, adları Mətbuat Şurasının "qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər. Bu şərt isə bir başa cinayətdir və bu cinayətin adı ölkənin ən ali qanunverici bazası olan konstitutsiyanın kobud şəkildə, özüdə bilərəkdən pozulmasıdır. Nəyə görə? Ona görə ki, konstitutsiyaya uyğun olaraq ölkə vətəndaşı cinayət törədib cəzasını alandan sonra, yəni həbsdən azad olduqdan sonra onun yalnız iki məsələdə fəaliyyəti məhdudlaşdırılır. Bu isə prezident və parlament seçkilərində namizəd olaraq iştirak edə bilməməsidir. Belə olan halda Vüqar Səfərli hansı məntiqlə konstitutsiyanı alt-üst edir? Belə deyək haqqında məhkəmə qərarı olan məhdudiyyəti cəhənnəm bir təhər yola vermək olar. Bəs prokurorluğun adi xəbərdarlığına görə qadağanın yaradılmasını necə anlayaq? Axı xəbərdarlıq hüquqi statusu olmayan məsələdir. Belə olan halda, hansısa prokurorun ən xırda məsələ üzündən jurnalistə xəbərdarlıq etməsinə görə bu jurnalistin həyatını məhv etmək olar? Bu bir başa konstitutsiyanın təhqir edilməsidir və yəqin ki, rəsmi şəkildə buna aydınlıq gətirilməlidir. Bundan başqa məsələnin bir mənəvi tərəfi də var. Məsələn, götürək elə qəzetimizin təsisçisi Şirin Cəfərini. Bu şəxs üstüstə 20 ildən bir qədər çox müddət ərzində Azərbaycan mətbuatında çalışmış və hər zaman məhsuldar fəaliyyəti ilə dərin iz də buraxmışdır. Bu gün isə o, ailə üzvləri ilə birlikdə Azərbaycan Texniki Universitetinin balansında olan bir otaqlı yataqxanada yaşayırlar. Onun sənədlərini komissiyaya verə bilməməsinə səbəb olan amillərdən biri də, barəsində çıxarılmış ədalətsiz məhkəmə qərarının varlığı oldu. Çünki, guya Şirin Cəfəri vergidən yayınıb və belə bir ad altında da, onunla bağlı çıxarılmış qondarma məhkəmə qərarı, atılacaq bütün addımların yolunu kəsdi. Sizcə bunu edənlər hüquq bir yana, mənəvi baxımdan əzab çəkmirlərmi? Çətin...
Ev alan kimlər oldu
Bütün bunları qoyaq bir kənara , indi isə keçək mənzil alan jurnalistlərin kimliyinə. Diqqətimizi ilk cəlb edən məqam jurnalist olmayanların mənzil alması oldu. Tutalım Əkbər Qoşalı, Aydın Xan Əbilov və başqaları. Bu şəxslərin hər birinin iş yeri bəllidir və görünən də budur ki, onlar jurnalist kimi fəaliyyət göstərmirlər. Və yaxud siyahı açıqlananda aydın oldu ki, ev alanlar arasında katibələr də var. Sual olunur katibə hara, jurnalist hara? Bu suallara isə cavab verən yoxdur. Yəqin ki, bunlardan cənab prezidentin xəbəri yoxdur və kənarda xüsusi komissiya yaradılarsa bütün qanunsuz faktlar aşkarlanar. Aşkarlanar ki, Bakıda 3 yerdə mənzili olan şəxslər var ki, bunlar yenə mənzil əldə edə bildilər. Maraqlıdır, görəsən onsuzda qısır olan bu şərtlər hamıya şamil edilməyibmi? Görünən budur ki, yox. Milli Məclisin evsiz mətbuat katibi? Bu arada mənzil alanlar sırasında Milli Məclisin mətbuat katibinində adına rast gəldik. Doğurdanmı, Akif Nəsirovda bu günə qədər evsiz olub? Hər halda ona yaxın olan şəxslər deyirlər ki, jurnalistlər içərisində bəlkədə ilk evi olanlardan biri də Akif Nəsrovdur. Yaxşı bunu da qoyaq bir kənara. Axı bəyan etmişdilər ki, mətbuat katiblərinə mənzil verilməyəcək. Onda Akif Nəsirova hansı prinsiplə mənzil verilib?.Yenə deyirik ki, bu suallara cavab tapmaq üçün xüsusi komissiya yaradılmalıdır. Amma bu günün özündə də bunun tam əksini görürük, hətta prezidentin köməkçisi Əli Həsənovun son açıqlamasından anladıq ki, haqq səsini qaldıranlara qarşı mənəvi basqı artırılacaq. Əli Həsənov açıqlamasında deyir:” Çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup sosial şəbəkələrdə müvafiq Komissiyanın fəaliyyətinə, nəcib aksiyaya kölgə salmağa çalışırlar. 255 jurnalist arasında aktiv olanlar öz haqlarını müdafiə edir. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər. Həmin qrup arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adlarına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına yalandan staj yazdıranlar da var. Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Çox təəssüf ki, həmin qrup katibələrə ev verildiyini deyirlər, siz də cavab vermirsiniz. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var”. Gördüyünüz kimi Əli Həsənov haqlı iradların araşdırılmasına daha lüzum görmür, əksinə iradları səsləndirənləri “daş qalaq” etməyə çağırır.
Çıxarılan nəticə
Prezident İlham Əliyevin reallaşdırdığı nəcib təşəbbüs çox yazıqlar olsun ki, KİVDF tərəfindən kölgəyə salındı, şəffaflıq yox edildi. Hələ bir neçə ay bundan qabaq belə siqnallar gəlirdi. Hətta Mətbuat Şurasının sədri ilə KİVDF-nin sədrinin arsında buna görə narazılıqların baş qaldırdığıda söylənilirdi. Gərək məhz həmən zaman mövcud komissiya ilə paralel ictimai nəzarət komissiyasıda yaradılaydı. Belə olan halda qüsurlar ən azından diqqəti çox cəlb eləməz, daha çox peşəkar mənzillə təmin olunardı. Amma bunlar olmadı. Bütün bunlara baxmayaraq demək olar ki, ən azı 20-30 peşəkar mənzil ala bildi. Ümidimiz yalnız onalrı təbrik etməyə qalır. Bunu da qeyd edək ki, prezidentin sərancamı ilə jurnalistlər üçün daha bir binada inşa olunacaq. İnanırıq ki, bu dəfə evlərin bölgüsünü yenə məlum qapalı dəstə həyata keçirtməyəcək və bu binada katibələr yox, əsl jurnalistlər yaşayacaq.
Sorğu
Yeni dizaynımız necədir?