Gəncə şəhərində orta məktəblərin 1-ci sinfinə gedəcək şagirdlərdən məcburi şəkildə yeni geyim forması almaq tələb olunur.
Gəncə şəhər məktəblərində Elmar Vəliyevin tapşırığı ilə şəhərin abadlaşdırılması üçün müəllimlərdən 20 manatdan pul yığılması biabırçılığı kütləvi informasiya vasitələrində işıqlandırıldığı üçün bu proses müvəqqəti olaraq dayandırılmışdır. Keçən tədris ili məktəblərin hazırlıq qruplarında oxuyan uşaqlara tədris ilinin ikinci yarısında məktəbli forması aldırılmışdı. İndi bu uşaqlar birinci sinfə gedir, amma buna baxmayaraq məcburi şəkildə uşaqlara yeni forma aldırırlar. Dəyəri 40-45 manat olan bu məktəbli formasına şəhərin 25, 2, 1, 5 saylı məktəblərində 75 manat; 10, 12, 14, 39, 13 saylı və digər orta məktəblərdə isə hətta 80-85 manat pul gətirmək valideynlərdən tələb olunur.
Həmin formanın tamamilə eynisini valideyn hansı mağazadan alsa belə, bu qəbul edilmir.Valideynlərdən 80-85 manat pul gətirmək tələb olunur. Bu işdə məktəb direktorları xüsusi canfəşanlıq göstərir. Aldığımız çox dəqiq məlumatlara görə, bu məktəbli formaları Yevlax şəhərində olan "Lalə" tekstil fabrikinin məhsullarıdır və bu fabrik Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məxsusdur. Gəncə şəhərində yerləşən orta məktəblərin bütün şagirdlərindən məcburi şəkildə bu fabrikin məhsullarından almaq üçün 80-85 manat tələb olunduğunu nəzərə alsaq, kifayət qədər böyük məbləğ alınar. Görünür ki, şəhər rəhbərliyi qazanc mənbəyi tapıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?