“İcra başçısı müəllimlərdən dərsə vahid geyimdə gəlməyi tələb edir”
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı ilə şəhərdəki məktəblərdə çalışan müəllimlərə zorla uniforma satdırılır. Pedaqoqlara əmr edilib ki, onlar gələn həftənin ilk iş günündən məktəbə xüsusi geyimdə gəlməsələr, dərsə buraxılmayacaqlar. İşdən də azad olunacaqlar”. Bu barədə məlumatı “Yeni Müsavat”a Gəncədəki mənbə verib. Məlumatı şəhərdə əlaqə saxladığımız müəllimlər də təsdiqləyiblər: “Artıq bir həftədir Gəncədə müəllimlərin başına oyun gətirilir. Deyəsən, Elmar Vəliyevə təcili pul lazımdır, bunu kasıb müəllimlərin cibindən çıxarmaq istəyir. Elmar Vəliyevin tikiş fabriki var. Gəncədə və ətraf rayonlarda valideynləri məcbur edirlər ki, icra başçısının fabrikində tikilmiş məktəbli paltarlarını alsınlar. İndi isə heç bir qanunda, təlimatda nəzərdə tutulmasa da, Elmar Vəliyev müəllimlərdən dərsə vahid geyimdə gəlməyi tələb edir. Üstəlik də bunu dərs ilinin bitməsinə cəmi 3 ay qalmış edir. Mayın sonunda məktəb bağlanır. Görünür, icra başçısına təcili pul lazımdır, o nəsə ziyana, xərcə düşüb”. Mənbə bildirdi ki, müəllimlərə vahid formanı (kişilər – müəllimlər üçün qara kostyum, ağ köynək, müəllimələr üçün isə qara yubka-kofta, ağ köynək və firuzə rəngli nazik şərf dəsti) ölçüsündən asılı olaraq 60-90 manata təklif edirlər: “Bəzi müəllimlərin maaşı 100 manatdan da aşağıdır. Yazıq kasıb müəllim qışın bu çağında, özü də kiminsə qazancı üçün, qanunun tələbi olmadan nə üçün forma almalıdır? Təsəvvür edin, Gəncədə orta hesabla 5000 min müəllim var. Onların hərəsinə bir dəst paltar satsalar, bu 450 min manat – yarım milyon dollardan çox pul edir. Elmar Vəliyev kasıb müəllimlərin büdcəsindən ümumilikdə bu qədər pul çıxarmaq istəyir. Ölkə başçısının məmur özbaşınalığı ilə bağlı məlum çıxışından sonra Gəncədə baş verən bu hadisə bizi heyrətə salıb. Belə çıxır ki, Elmar Vəliyevin prezidentdən qorxu-ürküsü yoxdur”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?