Vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşları aldadan şəxsi kim himayə edir?
Səlim Müslümov və Hüseyn Bağırovun rəhbərlik etdiyi Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinən Şəki sakini, 1954-cü il təvəllüdlü Valeh Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Valeh Rəsulov 2015-ci ilin fevral ayının əvvəllərində tanışı Şahnaz Mustafayevanın vasitəsilə Şəki şəhər sakini Tərxan Həmidovun işsiz olmasını və iş axtarmasını öyrənib. O, bundan istifadə edərək Tərxan Həmidova məxsus özgə əmlakı olan pulu ələ keçirmək qərarına gəlib. Vəzifəli şəxslərin adından dələduzluq Valeh Rəsulov Tərxan Həmidovun anası Rəhimə Quliyeva ilə Şahnaz Mustafayevanın yanında görüşüb. Görüş zamanı ona yaranmış inam və etibardan sui-istifadə edərək Tərxan Həmidovun Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə fəhlə kimi işə götürlüməsi müqabilində Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifəli şəxsə rüşvət verməkdə vasitəçilik edəcəyi vəd edib, Rəhimə Quliyevanı ələ alıb. Bununla da Rəhimə Quliyevanı səlahiyyətlərinin icrası ilə bağlı hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə, lakin rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan rüşvət verməyə təhrik edib. Bu adla aldatma yolu ilə Rəhimə Quliyevadan 2015-ci ilin fevral ayının ortalarında Şəki şəhər M.F.Axundov prospektində yerləşən “Ləzzət” şirniyyat evində Tərxan Həmidova məxsus 700 manat pul alıb. Hansı vəzifəli şəxs rüşvət istəyib? Bundan sonra Valeh Rəsulov 2015-ci ilin noyabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində Şəki şəhər sakini Əbülfət Ağayevə əlilliyə çıxarmaq müqabilində vəzifəli şəxslərə rüşvət verməkdə vasitəçilik edəcəyi vədi verib. Bunununla da Əbülfət Ağayevi səlahiyyətlərinin icrası ilə bağlı hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə, lakin rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan təkrar rüşvət verməyə təhrik edib. Bu adla aldatma yolu ilə Əbülfət Ağayevdən 2015-ci ilin noyabr ayında Şəki rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 1200 manat, həmin ilin dekabr ayının ortalarında 17 saylı TSEK-in inzibati binasının qarşısında 800 manat, 2016-cı ilin yanvar ayının ortalarında isə Şəki rayon Mərkəzi Xəstəxanasının ərazisində 200 manat alıb. O, Əbülfət Ağayevə ümumilikdə 2200 manat pulunu alaraq dələduzluq edib. Daha sonra Valeh Rəsulov 2016-cı ilin iyun ayında Şəki rayonunun Oxud kənd sakini İlham Ağabalayevin Şəki rayon Məhkəməsinin 1 iyun 2016-cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən təyin edilmiş 600 manat məbləğində cəriməsini sildirmək müqabilində qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsə rüşvət verməkdə vasitəçilik edəcəyi vədi verib. O, İlham Ağabalayevi səlahiyyətlərinin icrası ilə bağlı hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə, lakin rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan təkrar rüşvət verməyə təhrik edib. Bu adla aldatma yolu ilə 2016-cı ilin iyun ayının əvvəllərində İlham Ağabaleyevdən Şəki Məhkəmə Kompleksinin qarşısında 300 manat, 2016-cı ilin iyun ayının ortalarında isə Şəki bazarının yaxınlığındakı Fontan kafesində 100 manat alıb. Vədinə əməl etməyərək İlham Ağabalayevə qarşı dələduzluq edib. Valeh Rəsulov Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq etmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməyə təhrik etməklə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilib. Valeh Rəsulovun barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. “Əlillik dərəcəsi verilmədi” Təqsirləndirilən şəxs qismində ifadə verən Valeh Rəsulov bildirib ki, Əbülfət Ağayev onun iş yoldaşı Əlosət Ağayevin qardaşıdır: “Əbülfət Şəki şəhərində taksi fəaliyyəti ilə məşğul olub. Axşamlar bir neçə dəfə Əbülfətin avtomobili ilə yaşadığım Şəki rayonunun Baş Küngüt kəndinə getmişəm. Təxminən 5-6 ay əvvəl Əbülfətlə Şəki rayon Mərkəzi Xəstəxanasında rastlaşdım. Sonuncu ilə söhbət zamanı Əbülfət mənə 6 ay xəstəxanada yatmasını və həmin sənədə möhür vurdurmaq istədiyini bildirdi. Əbülfətə kömək etmək məqsədi ilə həmin sənədə möhür vurmaqdan ötrü sənədi ondan aldım, Qinyaz adlı həkimin yanına apararaq möhür vurdurdum. Daha sonra möhür vurulmuş sənədi Əbülfətə qaytardım. Həmin vaxt Əbülfət əlillik dərəcəsi almaq istədiyini, lakin həkim komissiyasından keçə bilmədiyini bildirdi. Əbülfətə sənədlərini təkrar komissiyaya vermək üçün Bakı şəhərinə getməsini dedim. Bir müddət sonra Əbülfət zəng edən zaman dayımın pensiya işi ilə bağlı Bakı şəhərinə gedəcəyimi bildiridim, Əbülfətin mənimlə birlikdə getməsini təklif etdim. Əbülfət mənimlə razılaşdı. Sonra Əbülfətlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərində fəaliyyət göstərən Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinə getdik. Əbülfət əlillik dərəcəsi almaq üçün mərkəzdə yaradılmış komissiyanın qəbulunda olduq. Lakin sonuncuya xəstəliyi ilə bağlı əlillik dərəcəsi verilmədi. Sonra biz Şəki şəhərinə qayıtdıq. Əbülfətə təkrar komissiyadan keçməsini məsləhət bildim”. “Sənəd əldə edə bilmədi” Təqsirləndirilən şəxsin sözlərinə görə, 2016-cı ilin iyun ayının əvvəllərində Şəki Məhkəmə Kompleksində təsadüfən İlham Ağabalayevlə qarşılaşıb: “İlham mənə Şəki rayon Məhkəməsi tərəfindən 600 manat cərimə olunaraq sürücülük hüququndan məhrum edildiyini bildirdi. İlhama apelyasiya şikayəti verməklə, həmin inzibati tədbirlərdən birini ləğv etdirməyin mümkün olacağını söylədim. İlham Ağabalayev ona kömək etməyimi xahiş etdi. İlhama bildirdim ki, bunun üçün adıma etibarnamə verməlidir. İlham Ağabalayev mənə etibarnamə verdi. Verilmiş etibarnamə əsasında Şəki Apelyasiya Məhkəməsinə həmin işlə bağlı apelyasiya şikayəti yazdım. Təxminən 15 gün sonra İlham mənə zəng edərək, bildirdi ki, apelyasiya məhkəməsindən onun ünvanına göndərilən məktubda şikayət verilməsi üçün müddətin keçdiyi yazılıb. İlhama işi ilə bağlı Şəki şəhərində olmaması barədə iş yerindən sənəd gətirməsini və ancaq bu halda müddətin bərpa ediləcəyini bildirdim. Lakin İlham işdən uzaqlaşdırıldığı üçün həmin müddətdə Şəki şəhərindən kənarda işdə olması ilə bağlı sənəd əldə edə bilmədi”. “Pulu geri qaytardım” Valeh Rəsulov qeyd edib ki, 2015-ci ilin əvvəlində tanışı Şahnaz adlı qadın ona Rəhimə Quliyevanın oğlunu işə düzəltmək üçün müraciət edib: “Bundan hardasa 2-3 gün sonra Rəhimə Quliyeva Şahnazla birlikdə Şəki şəhəri M.F.Axundov prospektində 9 mərtəbə deyilən binanın 1-ci mərtəbəsində yerləşən şirniyyat satılan yerdə mənimlə görüşdülər.Həmin vaxt Tərxanı əvvəlcə 1500, sonra 1000 və daha sonra 700 manat pulun qarşılığında Şəki şəhər Meşə Mühafizə və Bərpası Müəssisəsinə işə düzəldəcəyimə söz verdim. Rəhimə Quliyeva Şahnazla birlikdə əvvəlki ünvanda mənimlə yenidən görüşdülər. Görüş zamanı Rəhimə mənə 700 manat pul verdi. Bu görüşdən hardasa 2-3 ay sonra Şəki şəhər Meşə Mühafizə və Bərpası Müəssisəsinin müdiri ilə danışaraq Tərxan Həmidovu həmin müəssisədə mövsümü fəhlə kimi işə düzəltdim.. Tərxan orada 3-4 ay işlədikdən sonra həmin işi bəyənmədi, könüllü ərizə yazaraq işdən çıxdı. Sonradan Rəhimə Quliyevadan aldığım 700 manat məbləğində pulu sonuncunun tələbi ilə Şahnaz Mustafayevanın vasitəsilə ona qaytardım”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, Əbülfət Ağayevdən sonuncunu əlilliyə çıxarmaq üçün pul almayıb və heç bir vəzifəli şəxsə rüşvət verməyib: “İlham Ağabalayevdən isə 400 manat deyil, yalnız 100 manat pul almışam. Həmin pulu nəqliyyat xərclərinə sərf etmişəm”. Zərərçəkmiş Əbülfət Ağayev ifadəsində əllik dərəcəsi alması üçün Valeh Rəsulova 2200 manat verdiyini deyib. O, bildirib ki, sonradan Valeh Rəsulovun onu aldatdığını başa düşüb və polisə şikayət edib. “Vəzifəli şəxsə pul verəcəyini dedi” Cinayət işi üzrə şahid qismində ifadə verən Tərxan Həmidov bildirib ki, 2016-cı ilin təxminən fevral ayında anası Rəhimə Quliyeva rəfiqəsi Şahnaz Mustafayevaya onun işsiz olduğunu və onun üçün iş axtardığını bildirib: “Şahnaz Mustafayeva bunun üçün tanışı Valeh Rəsulova müraciət edəcəyini dedi. Anam və Şahnaz Musatafayeva ilə birlikdə Valeh Rəsulovla Şəki şəhər M.F.Axundov prospektində yerləşən şirniyyat satılan yerdə görüşdük. Həmin görüş zamanı Valeh Rəsulov anama məni qaz idarəsinə, yaxud meşə idarəsinə işə düzəldə biləcəyini dedi, bunun qarşılığında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsinə vermək adı ilə əvvəlcə 1500 manat, sonra isə 1000 manat pul istədi. Anam isə ona 700 manat pulunun olduğunu bildirdi. Anam bir neçə gün sonra 700 manat pulu M.F.Axundov prospektində yerləşən “Ləzzət” şirniyyat evində rəfiqəsi Şahnaz Mustafayevanın yanında Valeh Rəsulova verdi. Mən isə sonuncu görüşdə iştirak etməmişəm”. Tərxan Həmidov qeyd edib ki, bundan sonra Valeh Rəsulov onu 2016-cı ilin mart ayında Şəki şəhər Meşə Mühafizə və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyində fəhlə işinə düzəldib: “Lakin mənə əmək haqqı yazılmadığı üçün 3-4 aydan sonra öz ərizəm ilə işdən azad olundum. Bildiyimə görə Valeh Rəsulov aldığı həmin 700 manat pulu Şahnaz Musatafayevanın vasitəsilə anama qaytarıb”. Məhkəmənin hökmü ilə Valeh Rəsulov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Valeh Rəsulov apelyasiya şikayəti verib. O, şikayətində günagsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Valeh Rəsulovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə çıxış edən Valeh Rəsulov özünü təqsirli bilməyib: “Məhkəmə barəmdə qeyri-obyektiv nəticəyə gəlib. Hökmdə ittihamı sübut edərək bir fakt belə ortaya qoyulmayıb. Mümkün olan bütün istifadələrdən istifadə edərək, təqsirsizliyimi ortaya qoymaq üçün bütün məhkəmə prosesində mücadilə etmişəm. Məhkəmənin ədalətinə sığınaraq bəraətimi istəmişəm. Ancaq məhkəmə barəmdə cəzanı müəyyən edərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildim. Hesab edirəm ki, məhkəmə tərəfindən qeyd etdiyim hallar tam və hərtərəfli araşdırılmaqla barəmdə bəraət hökmü çıxarılacaq”. Dövlət ittihamçısı Mazan Fətəliyev hökmün qanuni və ədalətli olduğunu deyib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını tələb edib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Valeh Rəsulovun apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Valeh Rəsulovun cəzasını 1 il 6 aya endirib.
Sorğu
Yeni dizaynımız necədir?