Tamella Musayeva: “Belə bir qərardan sonra, anama verilmiş torpaq sahəsini valideyinlərim daş hasara alırlar və içərisində ev də tikirlər”
Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına 2013-2014-cü illərdən haqqına qovuşa bilməyən Musayeva Roza Şamil qızının adından, onun övladı və nümayəndəsi Musayeva Tamella Gümüş qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi xanım ünvanladığı ərizəsində qeyd edir ki, “məlum 1988-ci il hadisələrindən sonra bizim ailə üzvlərimiz də Qərbi Azərbaycandan deportasiya olundu və belə bir səbəb üzündən də, doğma respublikamıza pənah gətirməyə məcbur olduq. Elə həmin ilin sonlarından Abşeron rayonu ərazisində məskunlaşdıq. Çox keçmədi ki, anam Musayeva Roza Şamil qızı Bakı Mebel Hissələri Kombinatında işə girdi və xeyli müddət də adı çəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul oldu. Kombinatın həmkarlar komitəsinin 16 may 1990-cı il tarixli 9a saylı qərarı ilə, adı çəkilən müəssisədə çalışan 300 nəfər əməkçiyə, kollektiv bağçılıq-bostançılıq təsərrüfatı yaratmaq üçün 22,50 hektar torpaq sahəsi ayrılır. Hər bir nəfərə isə, 500 kvm-lik sahənin verilməsi nəzərdə tutulur. Həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına da (əvvəlki soyadı Nəsirova olub) Bakı-Şamaxı yolunun 15-ci km-də, yəni Xırdalan Südçülük Sovxozunun “ATYALI” ərazisində yerləşən Bakı Mebel Hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 30-cu sahədə 0,05ha torpaq sahəsi verilir. Belə bir qərarından sonra, anama verilmiş torpaq sahəsini valideyinlərim daş hasara alırlar və içərisində ev də tikirlər. Həyətyanı sahədə isə, bağçılıqla bərabər, bostançılıqla da məşğul olurlar. Onlar 2010-cu ilə qədər qeyd olunan ərazidə yaşasalar da, çox keçmir ki, anamın səhhətində müəyyən problemlər əmələ gəlir. Belə bir səbəb üzündən də o, atamla birlikdə rayonun Perəküşkül kəndində bir müddət müvəqqəti yaşamalı olur. Bir neçə ildən sonra isə bəlli olur ki, Bakı Mebel Hissələri Kombinatı həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına verilmiş torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub. Bu azmış kimi, torpaq sahəsindəki daş hasarın üstünə “satılır” deyə elan da asılır. Elə ki, ərazini zəbt etmiş şəxslərlə problemimiz əmələ gəldi, o halda yaxın qonşularımız torpaq sahəsinin Hökməli bələdiyyəsi tərəfindən kənar şəxslərə satıldığını bildirdilər. Daha faciəli hal o oldu ki, anama verilmiş torpaq sahəsini zəbt edənlər, bizi zəbt etdikləri evimizə yaxın belə buraxmadılar. Belə olan halda aidiyyəti üzrə, o cümlədən Hökməli bələdiyyəsinin rəhbərliyinə müraciət etsək də, müraciətimiz elə müraciət olaraq qaldı. Bu gün də problemimiz həllini tapmayıb. Düzdür, üz-üzə qaldığımız belə bir problemin məhkəmə müstəvisində həllinə nail olmaq üçün, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdik.
Təəssüf hissi ilə qeyd edim ki, keçirilən proseslər zamanı problem mahiyyəti üzrə lazımınca araşdırılmadı, problemin varlığına cavabdehlik daşıyan bəzi dövlət qurumları, ələlxüsus Hökməli bələdiyyəsinin nümayəndəsi məhkəməyə gətirilmədi və 10 dekabr 2013-cü il tarixdə həqiqəti ifadə etməyən məhkəmə hökmü çıxarıldı. Sözsüz ki, biz belə bir ədalətsiz qərarla heç cür barışa bilməzdik və haqqımıza qovuşmaq üçün, müəyyən addımlarımızı atmağa məcbur idik. Belə olan halda Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 10 dekabr 2013-cü il tarixdə iş№ 2-1(85)-504/2013 saylı qərarından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verdik. Düzdür, kassasiya şikayətimiz qəbul olundu, amma bu məhkəmədə də keçirilən proseslər zamanı çoxsaylı qanunsuzluqlara qol qoyuldu. Bakı Mebel Hissələri Kombinatı həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına verilmiş 0,05 ha torpaq sahəsinə aid sənədləri əsas tutaraq, bu dəfə də belə bir iddia tələbimizi irəli sürdük ki, Hökməli bələdiyyəsinin nümayəndəsi məhkəmə gətirilsin. Əfsuslar olsun ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında keçirilən məhkəmə prosesləri zamanı da, tələbimiz bu dəfə də yerinə yetirilmədi. Etdiyimiz bütün cəhdlərimizə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08 iyul 2014-cü il tarixdə iş№ 2-2(105)-93/2014 saylı qərarı ilə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 10 dekabr 2013-cü il tarixdə iş№ 2-1(85)-504/2013 qərarını qüvvədə saxladı. Belə bir qərarların çıxarılması, hələ ki, bizi çoxsaylı problemlərlə üz-üzə qoyub. Vəziyyətin belə bir həddə gəlib çıxması, artıq bizi digər məhkəmə instansiyalarına müraciət etmək zorunda qoyub. Baxmayaraq ki, bu gün qanuni haqqımızı əldə edə bilməmişik, amma ümidimizi də itirməmişik”. Bəli, bu bir qaçqın ailəsinin yaşadığı anlar, üzləşdikləri problemlərin varlığıdır. Musayeva Tamella Gümüş qızının iddiasına görə, onlara belə bir problemin yaradılmasında əsas tərəflərdən biri də, məhz Hökməli bələdiyyəsinin rəhbərliyi olub. Yaşananlarla bağlı problemin ictimailəşdirilməsi inanırıq ki, adı çəkilən bələdiyyənin bugünkü rəhbərliyini “hərəkətə gətirəcək” və rəhbərlik problemin araşdırılması üçün müəyyən cəhdlər də edəcək. Bu yöndə araşdırmamız davam edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?