Konstitusiyanın 13-cü maddəsinin I bəndində qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur
Ölkəmizin qərb bölgəsində yerləşən rayonlar içərisində Gədəbəy rayonunun adı dövrü mətbuatda son bir-iki il ərzində daha çox hallanıb, problemləri gündəmi zəbt edən mövzulardan birinə çevrilib, rayon ərazisində baş alıb gedən məmur özbaşınalığı, süründürməçilik amilləri və s. daim qabardılıb. Yəni, bu o deməkdir ki, gözdən uzaq, könüldən qıraq bir ərazidə yerləşən Gədəbəydə qanun şah deyil, şah qanundur faktoru əsas meyardır. Əgər bu belə deyilsə, o halda çoxsaylı vətəndaşlarla yerli vəzifə sahibləri arasında yaşanan problemlər azacıq da olsa həllini tapar və yaxud da tərəflər arasnda “sülh sazişi” də imzalanardı. Hal-hazırda rayon sakinlərinin əksəriyyəti yerli vəzifə sahiblərinə, sanki 17-ci il Oktyabr inqilabının rəhbəri olmuş V.İ.Leninin brujaziyaya baxdığı kimi baxıb, bəlli münasibətlərini də ortaya qoyurlar. Bəli, bu cür yanaşmanın, bu cür münasibətin səbəbləri olduqca çoxdur. Hər kəs bilir ki, bu gün Ramiz Yediyarov Gədəbəy RİH-nin başçısıdır və ölkə Konistitusiyasından irəli gələn səlahiyyətlər çərçivəsində, məhz adı çəkilən rayonda idarəetməni həyata keçirir. Eyni zamanda icra başçısı vəzifəsini daşıyan bu şəxs, həm də ölkə rəhbəri cənab İlham Əliyevin səlahiyyət verdiyi şəxs hesab olunur. Deməli, Ramiz Yediyarov mövcud Konstitusiyamızdan irəli gələn prinsiplər və ona verilmiş səlahiyyətlər çərçivəsində idarəetməni həyata keçirməli, rayon ərazisində əmələ gələn hər cür sosial-iqtisadi məsələ və problemlərin həllinə də çalışmalıdır. Bəs bu gün nələr baş verir? Ramiz Yediyarovun icra başçısı olduğu rayonda sosial problemlər həllini tapır, yoxsa “yalan ayaq tutub yeriyir?” Fakt budur ki, hazırda rayon ərazisində daha çox sadə vətəndaşların pozulmuş hüquqları bərpa olunmur, süründürməçilik amilləri tüğyan edir və digər xoşagəlməz olayların həddi-hüdudu bilinmir. Adicə bir misal çəkək və söylədiklərimizin həqiqət olmasını da isbata edək. Məsələn, Gədəbəy rayonu 20 Yanvar küçəsi ev-14 ünvanda qeydiyyatda olan Əliyev Oqtay Qaraoğlu adlı rayon sakini, 12 fevral 2015-ci il tarixdən üz-üzə qaldığı problemini dəfələrlə “Gündəm Xəbər”də və digər media qurumlarında ictimailəşdirsə də, hələ də probleminin həllinə nail ola bilməyib. Belə ki, bu şəxs neçə illərdir ki, qanuni əsaslarla adına olan əmlak problemini heç cür həll edə bilmir, RİH Aparatına ünvanladığı ərizə və müraciətlərinin isə, sanki “divara dəyərək sifətinə yapışdığını” bildirir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd olunub ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrdən istifadə etməklə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Daha sonra Konstitusiyanın 29-cu maddəsində qeyd olunub ki, hər kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın belə bir prinsiplərinin varlığına baxmayaraq, bu gün də adı çəkilən şəxs getgəldədir və pozulmuş hüquqlarının bərpasına çalışır. Heç bir dövlər qurumundan, hər hansı vəzifə sahibindən probleminin həllinə dəstək görmədiyindən, Oqtay Qaroğlu bir daha üz-üzə qaldığı probleminin ictimailəşdirilməsinə qərar verib. Belə ki, bir-iki gün bundan öncə o, təkrar müraciətini “Gündəm Xəbər”ə çatdıraraq bildirdi ki, “Səhhətimdə əmələ gələn problemlərlə bağlı Bakı şəhərində müalicə olunduğum vaxt, yəni 12 fevral 2015-ci il tarixdə Gədəbəy çəhəri M.Quliyev küçəsində 0.006 ha torpaq üstündə yerləşən iki nömrəli bir girişli və ümumi sahəsi 38,5 kvm olan obyektimi, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda məni və yaxud da yaxınlarımdan bir kimsəni xəbərdar belə etdirmədən, yerli vəzifə sahiblərinə vermiş olduğu şifahi tapşırıq əsasında darmadağın etdirib. İcra başçısının belə bir qanunsuzluğa söykənən tapşırığı ilə bağlı aidiyyəti qurumlara, yüksək çinli vəzifə sahiblərinə dəfələrlə müraciətlər etməyimə baxmayaraq, hələ də etdiyim müraciətlərim müraciət olaraq qalmaqdadır. Əlavə olaraq onu da bildirim ki, rayonun M.Quliyev küçəsində yerləşən iki saylı qeyri yaşayış sahəsi hesab olunan obyektimi, hələ 18 mart 2011-ci il tarixdə “Rabitə Bank”ın Şəmkir filialı ilə razılaşıb girovluğa qoymuşdum və adı çəkilən bankdan 50000 AZN məbləğində kreditə pul da götürmüşdüm. Məqsədim gələcəkdə sahibkarlıq fəaliyyətimi genişləndirmək idi. Atdığım belə bir addımla bağlı həyat yoldaşımın bacısı İbrahimova Esmira Rüstəm qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev-1B ünvanda yerləşən 5 saylı mənzili “Rabitə Bank”a ikinci girovluğa qoyduq. Onu da bildirim ki, qeyd olunan ünvanda yerləşən və şəxsi mülkiyyətimdə olan 0,006ha torpaq sahəsindəki iki nömrəli, bir girişli 38,5kvm sahədən ibarət olan birmərtəbəli qeyri yaşayış binası (mağaza), Daşınmaz Əmlakın 1 nömrəli reyester kitabının 20-ci vərəqində mənim adıma qeydiyyatdadır. Mənim adıma olan 0001695 saylı çıxarışa əsasən, 08 iyul 2008-ci il tarixdən başlayaraq şəxsi mülkiyyətimdə olan torpağın üstündəki tikilidən mağaza kimi istifadə edirdim. Yuxarıda qeyd etdiyim kimi, 15 fevral 2015-ci il tarixdə müalicəmlə əlaqədar Bakı şəhərində olarkən, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov məni xəbərdar etdirmədən, hər hansı formada razılığımı almadan şəxsi mülkiyyətimdə olan əmlakımı tam dağıtdırmış və həmin ərazidə istirahət edənlər, yaxud da siqaret çəkənlər üçün künbəzşəkilli oturacaq yeri düzəltdirmişdir. Onu da vurğulayım ki, icra başçısının vermiş olduğu şifahi tapşırıq əsasında mağazam dağıdılarkən, onun içərisində olan avadanlıqların, ayrı-ayrı firmalardan nisyə götürdüyüm ərzaq mallarının, hətta mağazam sökülərkən onun özündən çıxan tikinti materiallarının hara “qeybə çəkilməsindən”, kimin aparmasından da xəbərim olmayıb. Baş verənlərlə bağlı bu günə kimi bir neçə dəfə Gədəbəy RİH başçısının qəbulunda olmaq istəsəm də, dəfələrlə yazılı müraciətlərimi ünvanlasam da, qarşı tərəf heç bir halda nə məni qəbul edib, nə də ki, ünvanladığım müraciətlərimə əsaslandırıcı cavabı verib. Deməli, Ramiz Yediyarov Gədəbəy RİH-nin başçısı olaraq, Konstitusiyanın müvafiq maddələrinin tələblərini kobudcasına pozmuş və bir vətəndaş olaraq qanunla qorunan mülkiyyət hüququmu da tapdaqlar altına atdırıb. Bu gün də icra başçısı heç bir əsas olmadan dağıtdırdığı obyektimə və ələ keçirilmiş torpaq sahəsinə görə, mənə heç bir kompensasiya ödətdirmək niyyətində deyil. Baş verən belə bir olaylardan sonra ortaya çoxsaylı suallar çıxır. Görəsən səbəb nə olur ki, təqribən ötən 34 ay ərzində Oqtay Qaraoğlunun mülkiyyət hüququ qorunmur və mülkiyyət hüququ ilə bağlı problemi bu gün də həllini tapmır? Axı, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində yazılıb ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin I bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bəs bu gün Oqtay Qaraoğlunun mülkiyyət hüququnu kim qorumalıdır? Əgər qorunsaydı, o halda yəqin ki, ona məxsus problemin varlığı bu qədər ictimailəşməzdi?. Oqtay Qaraoğlu onu da bildirir ki, “mənim belə bir problemlə üz-üzə qalmağımda “RabitəBank” ASC-i də mühüm rol oynayıb. Çünki, 2011-ci ildə şəxsi mülkiyyətimdə olan 38,5 kvm-lik obyektimi banka girov qoyub pul götürdüm və xeyli vaxt keçdikdən sonra xəbər tutdum ki, icra hakimiyyəti tərəfindən mənə məxsus mağazamı sökmək istəyirlər. Dərhal bank tərəfini bu haqda məlumatlandırdım və problemlə maraqlanmalarını xahiş etdim. Təəssüf doğuran hal o oldu ki, həmin vaxt bankın səlahiyyətlisi Mansur Osmanov icra başçısı ilə təkbətək görüşdü və apardıqları danışıqların nəticəsi barədə mənə bir söz demədi. Son vaxtlar ikinci girovluğa qoyduğum mənzillə bağlı növbəti problem əmələ gələrkən, yenə də bankdan problemin araşdırılmasında və həllini tapmasında mənə köməklik etmələrini xahiş etdim. Təəssüflər olsun ki, bank tərəfinin səlahiyyət verdiyi Abbas Abbasov adlı şəxs də, icra başçısı ilə təkbətək görüşdü və o da oxşar addımını atdı. Yəni, apardıqları danışıqların məğzi barədə mənə nəsə demədi. Bu da onu söyləməyə əsas verir ki, “RabitəBank” problemin həllində o qədər də maraqlı deyil. Digər tərəfdən onu da vurğulayım ki, obyektimi girov qoyub kreditə pul götürərkən, şəxsi mülkiyyətimdə olan mağazama və mağazamın alt hissəsindəki 60 kvm-lik torpaq sahəsinə aid çıxarışı da banka təqdim etmişdim. Yəni, bank tərəfi bilirdi ki, 60 kvm-lik torpaq sahəsi də mənim şəxsi mülkiyyətimdədir. Bu belə olduğu halda, bank tərəfi mağazamın hər heç bir əsas olmadan dağıdıldığını gördü və iddia tələbini 4 nəfərlik ailə üzvlərinin yaşadığı mənzilə yönəltdi. Həmin mənzil də həyat yoldaşımın bacısının adına olduğu üçün, bu gün qeyd olunan ünvanda həyat yoldaşımın bacısı 1973-cü il təvəllüdlü İbrahimova Esmira Rüstəm qızı, onun həyat yoldaşı 1960-cı il təvəllüdlü İbrahimov Elman Seyfar oğlu və onların birgə nigahdan olan övladları 1993-cü il təvəllüdlü İbrahimova Aysel Elman qızı və 1994-cü il təvəllüdlü Seyfarlı Aqşin Elman oğlu yaşayırlar. Belə bir halın varlığı da, bu gün məni çıxılmaz duruma salıb. Amma, bu günə kimi icra hakimiyyəti tərəfindən zəbt olunan və 60kvm-lik ərazidə hansısa tiklini tikən icra hakimiyyətindən, həmin torpaq sahəsinin tələb olunması iddiasını bank tərəfi ortaya qoymadı. Bu da adı çəkilən bankın bir müştərisi olaraq, məni olduqca narahat edən məsələyə çevrilib”. Sözsüz ki, belə bir açıqlamalar Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı tərəfindən atılan qanunsuz addımlar nəticəsində, təqribən ötən 34 ay ərzində ərzində getgələ salınan, heç bir qurumda haqq səsi eşidilməyən, ünvanladığı müraciətləri sanki “daşa dəyən” Oqtay Qaraoğlunun açıqlamalarıdır. İnanırıq ki, bu gün də haqlı mübarizə yolundan çəkinməyən gədəbəyli sahibkarın mübarizə yolu, gec-tez haqqın qələbəsi ilə nəticələnəcək. Onu da vurğulayaq ki, artıq bank tərəfi ilə Oqtay Qaraoğlunun girovluğa qoymuş olduğu mənzillə bağlı çox ciddi problemləri yaşanmaqdadır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsə məxsus obyekt, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirməsi və kreditə götürülmüş pulun ödənilməməsi səbəbindən, bank tərəfi ikinci girovluğa qoyulmuş mənzillə bağlı hələ bir müddət bundan öncə Binəqədi rayon Məhkəməsinə müraciət edir. Keçirilən proses zamanı həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan vəsaitin “Rabitə Bank”a ödənilməsi barədə Qətnamə çıxarılır. Hal-hazırda ailəlikcə Bakı şəhərində kirayədə yaşayan və heç bir əmək fəaliyyəti ilə də məşğul olmayan Oqtay Qaraoğlunun səhhətində çox ciddi problemləri də əmələ gəlib. Belə bir səbəblər üzündən də, adı çəkilən şəxsin dolanışıq vəziyyəti olduqca ağır durumdadır. Bütün bunların kökündə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 12 fevral 2015-ci il tarixdə vermiş olduğu şifahi tapşırıq əsasında, Oqtay Qaraoğluna məxsus obyektin altüst etdirilməsi və atlan addımların qarşılığında heç bir kompensasiyanın ödənilməməsidir. Bu gün adı çəkilən şəxsin “Rabitə Bank”dan götürdüyü 50 min manat kredit pulun taleyi də, çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olub. Belə olan halda Oqtay Qaraoğlu nə etməlidir, necə dolanmalıdır, hələlik o, onu bilmir. Amma, onu da unutmaq olmaz ki, adı çəkilən şəxs də bu Vətənin övladıdır, onun da yaşamaq, onun da dolanmaq hüququ var! Bu gün o, problemlərinin həllini kimdən, hansı dövlət qurumundan tələb etməlidir, hələlik onu bilmir. P.S. Hörmətli oxucular! Yəqin ki, sizlərə də bəllidir ki, Gədəbəy rayon sakini Əliyev Oqtay Qara oğlunun problemi, son bir-iki ildir ki, dövrü mətbuatda mütəmadi olaraq işıqlandırılır. Bütün bunlara baxmayaraq, bu şəxsin mülkiyyət problemi hələ də həllini tapmır ki, tapmır. Bunların da kökündə, Ramiz Yediyarovun rayon ərazisində həyata keçirdiyi yarıtmaz idarəçilik, mövcud ab-havanın varlığı durur. Araşdırmamız davam edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?