Fiziki sağlamlığı məhdud, yəni müxtəlif əlilliyi olan insanlara xalqımız həmişə mərhəmət hissi ilə yanaşır. Hamı hər zaman çalışıb ki, belə insanların könlünü qırmasınlar. Ona görə də əlillərə cəmiyyətdə həmişə diqqət və qayğı ilə yanaşıblar. Heç təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva həmişə əlillərə xüsusi diqqətlə yanaşıblar. Bu kateqoriyadan olan insanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçiriblər.
Amma çox təəssüf ki, yerlərdə öz şəxsi maraqlarını dövlət və ictimai maraqlardan üstün tutan məmur və ya iş adamları əlillərə heç də lazımi diqqət və qayğı göstərmirlər. Əksinə, onların mövcud şəraitini də əllərindən alaraq daha da, pis duruma salmağa çalışırlar. Elə bugünkü yazımızın mövzusu da məhz əlillərə süni şəkildə yaradılan problemlə əlaqədardır.
Söhbət Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinə (İB) məxsus ərazinin zəbt edilməsi çabasından gedir. Bu barədə redaksiyamıza Azərbaycan Karlar Cəmiyyəti (İB)-nın prezidenti Eldar Əliyev və onun tərcüməçisi, yəni lal dilinin əlifbasını bilən Yeganə Tağıyeva müraciət edib. Söhbətdən məlum oldu ki, cəmiyyətin respublika üzrə 8 min lal-kar olan üzvi var. E.Əliyev həmin posta 29 sentyabr 2016-cı ildə seçilib.
Respublika Karlar Cəmiyyətinə prezident seçilməsinə baxmayaraq, niyə hələ də onların sənədləri Ədliyyə Nazirliyi tərəfindən reyestrdən keçirilmir?
Ona qədər isə İB-nın prezidenti vəzifəsini son 3 ildə vitse-prezident olan Musa Tukanov əvəz edib. Son 1 ildə isə İB özləri də istəmədən bir problemin məngənəsində çabalayırlar. Belə ki, hansısa məmurun, ya iş adamının (adları bizə məlumdur...) Yasamal rayonu, Şərifzadə küçəsi-3 ünvanda yerləşən İB-nın 0,7 hektar ərazisinə gözü düşüb. Bu barədə danışmazdan əvvəl İB-nın prezident seçkisi ilə əlaqədar rastlaşdığı bir problemi də diqqətə çatdırmaq istəyirəm. Mənə elə gəlir ki, hər iki problemin yaradılmasında məqsəd eynidir- cəmiyyətin ərazisini ələ keçirmək. Belə olmasaydı 1 il 2 ay bundan əvvəl, yəni 29 sentyab 2016-cı ildə Respublika Karlar Cəmiyyətinə prezident seçilməsinə baxmayaraq, hələ də onların sənədləri Ədliyyə Nazirliyi tərəfindən reyestrdən keçirilməməsi sual olaraq qalır. Bu isə Karlar Cəmiyyətinin işini, sanki iflic edib. Artıq onların bank hesabları necə müddətdir bağlıdır, heç bir əməliyyat aparmaq mümkün deyil, lal və karlara lazım olan arayış və yardımları verə bilmirlər. Çünki Ədliyyə Nazirliyinin reyestrindən keçmədikləri üçün onların möhür və ştampları etibarlı deyil. İndi təsəvvür edin, düz 1 il 2 aydır 8 min lal və karı özündə birləşdirən bir cəmiyyət möhür və ştampsız nə əzab çəkir? Deməli yeni prezident cəmiyyət reyestrdən keçmədiyi üçün səlahiyətsizdir, onu əvəz edən vitse-prezident isə yeni prezident seçildiyinə görə heç nəyə sərəncam verə bilməz. Neçə deyirlər, Əli aşından da olublar, Vəli aşından da. Bir nəfər səlahiyyətli insan fikirləşmir ki, bu karlar cəmiyyəti diqqət və qayğıya möhtac olan bir cəmiyyətdir. Əksinə, onlara qarşı bu biganəlik nəinki cəmiyyətin prezidentinə və vitse-prezidentinə, hətta 8 min lal-kara olan hörmətsizlikdir.
Lal və karlara qarşı “Səlib yürüşü”nün senarisini kim cızıb?
Görəsən Ədliyyə Nazirliyində bu cəmiyyəti çökdürmək hansı səlahiyyətli insana sərf edir? 1 il 2 aydır cəmiyyəti başsız qoyaraq iflic edən Ədliyyə Nazirliyinin səlahiyyətli qurum rəhbərinin məkrli məqsədi son günlərdə daha da qabarıq görünməyə başlayıb. Çünki Şərifzadə-3 ünvanda yerləşən torpaq ərazisinin ələ keçirilməsi üçün 1 ildən artıqdır qurulan plan və planlaşdırılan tələ, nəhayət, 31 oktyabr 2017-ci ildə özünün pik nöqtəsinə çatdı. Belə ki, cəmiyyətin vitse-prezidenti Musa Tukanov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yalançı rüşvət ittihamı ilə həbs edilir... M.Tukanova qarşı Az. Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə yalnış ittiham irəli sürülüb ki, bu da passiv rüşvətxorluq deməkdir. Amma ortada heç bir maddi sübut yoxdur, çünki...
Nağılvari ittiham: “Bir gün Cırtdan məndən su gətirmək üçün xəlbir istədi...”
Adamın gülməyi gəlir: daha doğrusu, üzəduran deyir ki, Laçın rayonunun Ardanuş kəndinin sakini, keçmiş polis əməkdaşı, “Qarabağ müharibəsi əlili” olan Natiq Cabbarov (?) guya M.Tukanova 50 min manat pul verib. Amma nə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi İlkin Mustafayev, nə də üzə duran Natiq Cabbarov izah edə bilmir ki, bu 50 min manat nəyə görə alınıb? Harada verilib? Lap nağılvari ittiham: “Bir gün Cırtdan məndən su gətirmək üçün xəlbir istədi...” kimi Div Cırtandan Baş... Divə şikayət verir, amma... *** İttihamın saxta olduğu elə ilk baxışdan aydın olur. Çünki özünü Qarabağ əlili kimi təqdim edən keçmiş polis əməkdaşı Natiq Cabbarov, sən demə, heç də Qarabağ əlili deyil. Belə ki, Respublika Karlar Cəmiyyətinin 28 sentyabr 2016-cı il tarixli 08/69 nömrəli sorğusuna əsasən Azərbaycan Respuublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10.11.2016-cı il A/3547 nömrəli cavab məktubunda yazılıb: “Bildiririk ki, Cabbarov Natiq Sədrəddin oğlunun müharibə veteranı olması barədə Xidmətin Laçın rayon bölməsində heç bir məlumat yoxdur”. Sən demə, N.Cabbarov əlini bir bıcaqlaşma nəticəsində zədələyib və bu səbəbdən də özünü hər yerdə Qarabağ əlili kimi təqdim edir. Araşdırma nəticəsində məlum olub ki, N.Cabbarov vaxtilə həmin cəmiyyətdə işləmiş Zaur Tağıyev və onun dostu Həsənqulu Həşimov tərəfindən öyrədilərək bu yola təhrik edilib. Bundan əlavə, N.Cabbarov göründüyü kimi, Laçın rayonundan köçkündür və heç də imkanlı şəxs, yəni, 50 min manat rüşvət verməyə hazır maddi durumlu köçkün ola bilməz.
Üzədurma utanclığı və...
Araşdırma zamanı bizə verilən məlumata görə, dövlətdən köçkün kimi yardım alan N.Cabbarovun nəinki 50 min manat pulu, heç 50 biti də yoxdur. Hətta o, vaxtilə sosial yardım da almaq istəyib, amma... Bu yalançı ittihamla 1 ilə yaxındır ki, Respublika Karlar Cəmiyyətinin başını qatıblar, iş fəaliyyətini dayandırmaq istəyirlər, bu da nəticə vermədikdə isə bəzi torpaq tamahkarları cəmiyyətin vitse-prezidenti Musa Tukanovu həbs etməklə məqsədlərinə çatmaq niyyətindədirlər. Bəs məqsəd nədir? Məqsəd Karlar Cəmiyyətinə məxsus olan, Bakı şəhəri, Şərifzadə-3 ünvanda yerləşən 70 sot ərazini ələ keçirməkdir. Ona görə də Natiq Cabbarovlar, Zaur Tağıyevlər, Həsənqulu Həşimovlar burada ortaya atılmış füqurlardır. Elə Z.Tağıyev tərəfindən “Era-2006” MTK tikinti firmasının həmin əraziyə cəlb edilməsi cəhdi də bu planın tərkib hissəsidir. Amma yuxarıda dedik, bu qarışıq və qaranlıq məsələdə əraziyə iddialı yüksək çinli məmurun tamahı üzə çıxmaqdadır... Guya həmin firma cəmiyyətə məxsus ərazidə bina tikərək, 2 mərtəbəni lal-karlara verəcək və birinci mərtəbəsini də onlara müxtəlif xidmət obyekt kimi nəzərdə tutur. Hazırda isə Respublika Karlar Cəmiyyətinə məxsus həmin ərazidə maşın təmiri sexləri yerləşir. Bu sexlərdə lal və kar olanlar işləyir. Eyni zamanda, bu sexlərdən əldə olunan gəlirdən digər lal və karların bir sıra problemlərinə də kömək edilir. *** ...Respublika Karlar Cəmiyyəti İctimai Birliyi hələ Musa Tukanov həbs edilməmişdən xeyli əvvəl Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Baş prokuror cənab Zakir Qaralova, Baş prokurorun 1-ci müavini cənab Rüstəm Usubova məktub yazaraq cəmiyyətdə işləmiş Zaur Tağıyevin yol verdiyi korrupsiya əməllərindən geniş məlumat vermişdir. Həmin şikayət məktubundan sitat: “ Bildiririk ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin keçmiş işçiləri Tağıyev Zaur Arif oğlu, İsmiyev Nizami Nofəl oğlu və Laçın rayonu Arduşlu kəndində qeydiyyatda olan məcburi köçkün olan Cabbarov Natiq Sədrəddin oğlu birgə mütəşəkkil dəstə yaradaraq cəmiyyətə məxsus 64 min manat və 42 min manatdan artıq pul vəsaitlərini mənimsəmişlər. Bu cinayət əməlləri ilə kifayətlənməyən Zaur Tağıyev və Natiq Cabbarov köhnə tarixlə imzalanmış saxta müqavilə əsasında Nərimanov rayon ərazisində yerləşən 3 saylı Tədris İstehsalat Müəssisəsinin ümumi sahəsi 2 min m2 olan əsas vəsaitlərini qanunsuz əldə edib, onların məhv olunmasına (sökülməsinə) nail olmuşlar. Hətta həmin müəssisədə sahibkar olan icarəçinin 25 min manatlıq əmlakı da (xalçalar) bu şəxslər tərəfindən talanıb, oğurlanıb mənimsənilmişdir”. Maraqlısı odur ki, cəmiyyətin malını talayanlar yox, onlara qarşı mübarizə aparan “Azərbaycan Karlar Cəmiyyəti” İB-nın vitse-prezidenti Musa Tukanov həbs olunur. Saxta ittihamla 1 il gedən istintaqın qurtarmasına 10 gün qalmış M.Tukanov barədə nədənsə həbs qətimkan tədbiri seçilir. Bu isə günahasız bir insanın, eyni zamanda Azərbaycan Vahid Komunist Partiyası liderinin adına və nüfuzuna vurulan zərbədir. Məqsəd isə cəmiyyətə məxsuz ərazinin ələ keçirilməsidir. Elə bu barədə artıq müəyyən söhbətlər də ortaya çıxıb ki, cəmiyyətin ərazidən imtina edilməsindən sonra Musa Tukanov azad olunacaq. Bu onsuz da görünürdü, indi isə təsdiqlənir. Amma bu məqsədə düşənlər unudublar ki, 8 min lal və karın yeganə dolanışıq mənbəyi bu ərazilərdə fəaliyyət göstərən istehsalat müəssisələridir. Lal-karlar olduqca qəlbi incə və həssas insanlardaır. Onların dolanışığına əl uzadanları və rəhbərlərini günahsız həbs edənləri bağışlamayacaqlar. Yəqin ki, aidiyyəti qurumlar lal-karlardan fərqli olaraq, onların bu haqlı səsini eşidərək cəmiyyətin vitse-prezidenti Musa Tukanovun həbsdən azad edilməsinə yardımçı olacaqlar. Çünki cinayət o qədər quramadır ki, heç bir hüquqi əsası belə yoxdur, ortada maddi sübut mövcud deyildir... Bir nəfərin heç bir şahidi və sübutu olmadan “Musa Tukanova 50 min manat vermişəm” deməsi ilə cinayət işinin başlanmasının və cəmiyyət sədrinin həbs edilməsi nə deməkdir???
Müstəntiq susur və...
İstintaqın necə getdiyi ilə maraqlanmaq üçün Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi İlkin Mustafayevlə əlaqə saxladıq. Lakin o, Baş Prokurorluğun mətbuat xidmətinin icazəsi olmadan heç bir məlumat verə bilməyəcəyini söylədi. Elə isə gərək Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi Musa Tukanovu aldatma yolu ilə yox, qanuni bildiriş göndərərək məlumatlandırıb əvvəlcə ittiham elan edib sonra həbs edəydi. M.Tukanovun oğlu Akif Tukanov “Təzadlar”da olarkən geniş müsahibə verdi və ondan aldığımız məlumata görə atasını aldadıb Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə çağırıblar ki, bəs Zaur Tağıyevi həbs etmək istəyirik, sənin də əlavə məlumat verməyin lazımdır. M.Tukanov idarəyə gələn kimi onu həbs edirlər. *** Artıq bu həbsin ərazini ələ keçirmək üçün bir təziq vasitəsi olduğu gün kimi aydındır. Bunun da arxasında kimin durduğu artıq bizə məlumdur. Bu barədə araşdırmalarımız davam edir. Növbəti buraxılışlarımızda M.Tukanovun oğlu Akif Tukanovun çox ciddi arqumentləri, lal və karların fikirlərini və M.Tukanovun həbs edilməsinə maraqlı olan şəxslərin niyyət və məqsədləri barədə daha ətrafı məlumat verəcəyik. Bizi izləyin. Mövzunu gündəmdə saxlanılır...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?