“Səlahiyyət sahiblərinin məntiqinə görə, “əgər sən bizdən deyisənsə, o halda bizim düşmənimizsən yanaşması mövcuddur”
Ay Mirzə müəllim yaxşı xatirimdədir, kolxoz və sovxozların dağılmasından sonra Saatlıda aparılan torpaq islahatları zamanı, rayon sakinlərinin çoxu qarşı-qarşıya qoyulmuşdu. Həmin vaxtlarda vəzifə sahibi olanlar birinin pay torpağından kəsib digərinə verirdilər, yaxud da sürüşmə adı ilə digər əraziləri zəbt edərək, kənd ərazisində yaşamayan imkanlı şəxslərə satırdılar. Beləliklə, ayrı-ayrı kənd sakinlərinin başlarını torpaqla qatan səlahiyyət sahibləri, sakinlər arasında nifaq salmaqla, sanki bir-birlərini vurhavura çıxarırdılar. Ay Mirzə müəllim, 1996-cı ildən başlanan “parçala, hökm sür” ab-havasının üstündə xeyli müddət keçsə də, bu gün də Saatlının nə sosial-iqtisadi, nə də ictimai-siyasi həyatında yaxşılığa doğru heçnə dəyişməyib. Əksinə, vəziyyət daha da pisləşib. Gəlirlər azalıb, yoxsulluğun səviyyəsi günbəgün artdığından, ümumi vəziyyətin göstəricisi “pik nöqtə”yə çatıb. Şikayətlərə baxan olmadığından, qara camaatın hüquq və azadlıqları əllərindən alınıb. Rayondakı işverənlər, üzəduranlar öz çirkin addımları ilə, sanki rayonu ağuşlarına alıblar. Səlahiyyət sahiblərinin məntiqinə görə, “əgər bizdən deyisənsə, o halda sən bizim düşmənimizsən” yanaşması mövcuddur. Bəli ay Mirzə müəllim, bu gün rayonda adam yoxdursa, demək problem də yoxdur prinsipi hökm sürür. “Yuxarı” yazanda olmur, susanda da əzab çəkməli olursan. Başını sakit dolandırmaq üçün, ya lal, ya kar, ya da ki, kor olmalısan. Bir də eşidirsən ki, rayona filan nazir gəlir, o halda bilirsən ad nə olur? Vətəndaşlarla görüş!. Bir gün əvvəldən bir qovhaqov, bir qaçaqaç düşür ki, gəl görəsən!. Giriş-çıxışlar bağlanır, gücləndirilmiş polis qüvvələri sanki güc nümayiş etdirir və s. vəilaxır. Küçələrdə olan sadə sakinləri çox keçmir ki, küncə-bucağa sıxışdırırlar. Hər dəfə belə bir görüşlər keçirilərkən, sanki rayonda “fövqəladə vəziyyət” tətbiq olunur. Bir neçə gün olar ki, ədliyyə naziri cənab Fikrət Məmmədov Saatlıya gəlmişdi. İcra Hakimiyyətinin qarşısındakı park, magistral yol polislərin nəzarətinə götürülmüşdü. Rayonda sadə vətəndaşlardan gözə heç kim dəymirdi, sanki hər kəs kənara təhqiramiz formada sıxışdırılmışdı. Gənclər Mərkəzində səlahiyyət sahibləri və bir də ki, bir neçə şəxslə əvvəlcədən planlaşdırılmış görüş keçirən Fikrət Məmmədov, sonra keçmiş univermağın binasına üz tutdu. Ay Mirzə müəllim, hansı ki, həmin iki mərtəbəli binanın tikilməsindən 40 il keçsə də, onu adı bəlli olan bir bankir özəlləşdirib. Ay Mirzə müəllim, indi bilmək olmur ki, Ədliyyə Naziri sakinlərlə görüşə gəlmişdi, yoxsa sovet dövründə inşa edilmiş bu binanın açılşına! Bax, bu hal hələ də müəmmalı olaraq qalmaqdadır. Bank və məhkəmələrin özbaşınalığından günləri zinhar olan, həmçinin bu zavallı sakinləri adam yerinə qoymayan Fikrət Məmmədovun gəlişi, bir neçə saatlığa olsa belə rayon sakinlərini “iflic etdi”. Bu da Saatlıda vətəndaşlarla görüşə gələn Fikrət Məmmədovun sakinlərlə keçirdiyi “görüş oldu”. Saatlıda vətəndaşlar deyiləndə yalnız səlahiyyət sahibi onlar və onlara yaxın varlı-hallı məmurlardan, iş adamlarından başqa bir kimsə yada salınmır. Artıq sakinlər nazirlərlə, komitə sədrlərilə və digər vəzifə sahiblərilə keçirilən bu cür “görüşlər”in əleyhinədirlər. Ay Mirzə müəllim, indi Sizə Maliyyə Nazirliyinin yoxlamalarından danışım. Düz 20 günə yaxındır ki, nazirliyin işçiləri Saatlıda oturublar. Səlahiyyət sahiblərinin sağlığına yeyib-içərək, Mədəniyyət Şöbəsini çökürlər. Məlumat üçün qeyd edək ki, bu dövlət büdcəsindən rayona ayrılan maliyyə vəsaitlərinin yeddiillik yoxlanılmasıdır. Pulların hara və necə xərcləndiyi göz önündədir. Deyilənə görə Mədəniyyət Şöbəsində nə az, nə çox, düz 80 000 manata yaxın mənimsəmə faktı üzə çıxarılıb. Ay Mirzə müəllim, bu hələ təkcə əmək haqları ilə bağlı olan araşdırmadır. Hələ bunun təmir və tikinti, həmkarlar adı ilə ayrılan pulları da var. Maraqlı olan hal yoxlama başa çatmamış toplanmış iş materialları teztələsik yerli prokurorluğa verilməsidir. Bu da bir çox qaranlıq mətləblərdən xəbər verir. Rayonda hər kəsə gün təki aydındır ki, görülən işlərin bütün xərclərini idarə və təşkilat rəhbərləri ödəyirlər. O halda meydana belə bir sual çıxır ki, bəs büdcədən ayrılan vəsaitlər hara xərclənir? Bu gün Saatlıda bir dənə də olsun təmir-tikinti idarəsi yoxdur. Amma, “qaranlıq otaqlarda qaranlıq işlər”lə məşğul olan çoxsaylı MMC-lər var. Adı olub, özü olmayan MMC-lərin də nə ünvanları, nə də ki, işçi qüvvələri bir kimsəyə bəlli deyil. Hələ Maliyyə Nazirliyinin bir dəfə də olsun “əl gəzdirmədiyi” və icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən kommunal təsərrüfatı sahələrinə, yol idarəsinə ayrılan külli miqdarda vəsaitlər haqda danışmırıq. Mövzu diqqətimizdədir. Ətraflı növbəti saylarımızda.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?