Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 5 məktəbdə şagirdlər arasında keçirilən əxlaqsız bir sorğu ciddi rezonans doğurub
Sorğuda aybaşı olub-olmadıqları soruşulur. Sorğunu keçirənlərin bu suala veriləcək cavabın onlar üçün nə dərəcədə əhəmiyyətli olduğu heç bir məntiqə sığmır.
Aybaşı dövrü ana ilə qız övladı arasında intim, sirli bir söhbətdir. Bu epidemoloji, yayılma riski olan hansısa xəstəlik deyil ki, nazirlik məktəblilər arasında müayinə aparsın.
Ona görə də valideyinlər məktəblərdə keçirilən bu sorğunun daha çox marketinq funksiyası daşıdığını və bəzi sualların isə orta məktəb şagirdlərinə uyğun olmadığını iddia ediblər. Həmin sorğudakı sualların bəzilərini təqdim edirik:
- Övladınız busqalter geyinibmi?
- Aybaşı olmusunuzmu?
– Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və s.
Anketdə təhsillə əlaqədar isə heç bir sual qeyd edilməyib. Sözügedən anketlər şagirdlərə təqdim edilib.
Sorğunun keçirildiyi yerlərdən biri də Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225№-li tam orta məktəbdir.
Məktəbin direktoru Sevda Eminova bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
“Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır”.
S.Eminova vurğulayıb ki, bəzi sualları özü də anlaya bilmir. Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar qeyd ediblər ki, burada qəbahət bir şey yoxdur.
Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideyinlərə təqdim edəcəklər.
Nazirlik əməkdaşları sorğuda qəbahət hal görməyə bilərlər, amma anormal bir məsələdir.
Məktəblilər arasında belə bir biabırçı sorğunun nəticələrini öyrəndikdən sonra maraqlıdır, nazirlik nə kimi addımlar atacaq?
Təhsilə aid sual yox, hər hansı maarifləndirici tədbirlər yox, qız uşaqlarının şəxsi həyatlarına müdaxilə olunur.
Səhiyyə Nazirliyinin cəmi 5 məktəbdə bu sorğunu keçirmək istəməsi, hansı nəticələri öyrənmək istədiyi müəmmalıdır.
Deyək ki, məktəblilərdə hər şey normaldır, bunun nazirliyə və ya məktəblərdə tədrisə nə kimi adiyyatı var?
Əgər valideyn övladında hansısa problem olduğunu hiss edərsə, həkimə müraciət edə bilər.
Nazirliyin az qala bu gün - sabah məktəblərdə cinsi əlaqə barədə məlumatlandırıcı sorğu keçirəcəyini gözləmək olar. Üstəlik, Bakı Təhsil İdarəsi də təşkilatçılıq edir.
Bu idarə məktəblərdə pul yığılması, dərsə davamiyyət, tədrisin keyfiyyəti, süpürgə pulu istənilməsi kimi halları araşdırmaq əvəzinə rüsvayçı layihələrdə iştirak edir.
Azərbaycan mentalitetinə, adət-ənənələrinə, ailə dəyərlərinə, valideyn-övlad, şagird-müəllim münasibətlərinə tamamilə zidd olan bir sorğu, üstəlik şəxsi və fərdi əhəmiyyəti olan bir məsələni öyrənmək üçün layihə reallaşdırmağın adı rəzalətdir.
Sorğu
Yeni dizaynımız necədir?