Son vaxtlar Naxçıvan-Bakı hava reysi ilə hərəkət edən sərnişinlər arasında narazılıq günbəgün artmaqdadır. Naxçıvan Muxtar Respublikasının (MR) sakinləri tərəfindən daxil olan məlumata əsasən, bunun bir neçə səbəbi var. Bunlardan biri Haxçıvan hava limanında tərəzilərin düzgün işləməməsi səbəbindən sərnişinlərin yükünün artıq göstərilməsidir. Məlumata görə, əvvəllər 1 kq yük üçün 30 qəpik rüsum alınırdısa, indi 40 qəpiyə qaldırılıb. Üstəlik, yükün çəkisi sünu surətdə artırıldığından, sərnişinlər əşyalarının daşınması zamanı ikiqat xərcə düşürlər.
Naxçıvan MR-dən Bakıya gələn sərnişinləri narahat edən digər bir problem isə yüklərinin vaxtında daşınmamasıdır. Belə ki, hər gün Naxçıvandan Bakıya uçan təyyarələrin balıq və çay məhsulları ilə yükləndiyini deyən MR sakinlərinin sözlərinə görə, bu səbəbdən də bəzi hallarda onların yükləri növbəti reyslərlə yola salınır. Bu zaman isə, təbii olaraq vətəndaşlar həm artıq vaxt itkisinə, həm də əlavə xərcə düşür. Çünki yükünü Naxçıvanda qoyub paytaxtda gəlməyə məcbur olan sakinlərin böyük əksəriyyəti Bakı hava limanında saatlarla gözləməyə üstünlük vermir. Onlar bir neçə saat sonra yenidən Bakı hava limanına qayıdıb Naxçıvandan göndərilən yüklərini götürməli olur. Ən böyük problem isə odur ki, vətəndaşlar bir çox hallarda öz yüklərini əvvəlcədən deyilən saatda hava limanından götürə bilmirlər. Məlum olur ki, deyilən reyslə deyil, ondan sonrakı ilə göndəriblər. Hətta bəzi hallarda vətəndaşların yükü gecə saatlarında göndərilir ki, bu zaman da avtomobili olmayan insanlar daha çox xərcə düşür. Bundan əlavə, bəzən 2 və daha artıq bağlaması olan vətəndaşın yükü müxtəlif reyslərlə də göndərilir ki, bu da insanları ciddi vaxt itkisi və əlavə xərcə salmaqla yanaşı, onların əsəb sisteminə də təsir edir. Odur ki, gün ərzində bir neçə dəfə öz yükünün arxasınca hava limanına gedən vətəndaşlar arasında narazılıq təbii olaraq artmaqdadır. Ən maraqlısı isə odur ki, yaranmış biabırçı vəziyyətlə bağlı Haxçıvan hava limanının rəhbərliyinə etiraz edən sakinlərin ikinci dəfə Naxçıvan MR-ə girişinə qadağa qoyulur. Hətta Naxçıvana girişi qadağan edilən şəxslər arasında AZAL nümayəndələrinin də olduğu haqda məlumatlar var./hurriyet.org
Sorğu
Yeni dizaynımız necədir?