Noyabrın 15-dən Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan valideynlərin 2, 3 və 4 yaşlı uşaqlarına da 40 manat ödəməklə bilet almaları ilə bağlı tələbi nəzərdə tutan qərar qüvvəyə minib.
Virtualaz.org xatırladır ki, Nazirlər Kabinetinin “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarına əsasən, “Azərbaycan Hava Yolları” QSC (AZAL) vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 55 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilib.
Eyni zamanda I və II qrup əlillərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarla müəyyən edilmiş güzəştdən əlavə olaraq, 10 manat məbləğində güzəşt müəyyən edilib. Digər tərəfdən, Tarif Şurasının 2010-cu il 29 dekabr tarixli qərarına əsasən, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviabiletlərin dəyəri 95 manatdan 70 manatadək ucuzlaşdırılıb və yeni tariflər 2011-ci il yanvarın 1-dən qüvvəyə minib. Tarif Şurasının həmin qərarına əsasən, biletin dəyərinin 20 manatını dövlət ödəyir və 2010-cu il yanvarın 1-dən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviabiletlərin dəyəri 50 manat təşkil edib.
Nazirlər Kabinetinin qərarı nəzərə alınmaqla, I və II qrup əlillərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) aviabilet 10 manat aşağı, yəni 40 manata satılıb. Nazirlər Kabinetinin son qərarına əsasən isə noyabrın 15-dən etibarən artıq 5 yaşından deyil, 2 yaşından başlayaraq uşaqlara (ildə 2 dəfə gediş-gəliş üçün) 40 manat ödəməklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviabilet alınmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?