Eldar Məmmədov: “Bu şəxs saxta sənəd əsasında hərbi şəhərcikdəki 49 saylı hərbi mağazanı da, bir müddətdən sonra öz adına rəsmiləşdirir”
Bu gün tam əksəriyyəti düşündürən və yetərincə həllini tapmayan problemlərdən biri də, ayrı-ayrı şəxslərin dələduzluq əməllərinə qol qoymaları, minbir cildə girmələri və son anda da cəzasız qalmalarıdır. Baxmayaraq ki, bu günə kimi dələduzluq əməllərinə qol qoyan şəxslərlə bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfində yetərincə addımlar atılıb, neçə-neçə şəxslər məsuliyyətə cəlb olunublar ki, digərlərinə görk olsun. Təəssüflər olsun ki, Şəmkir şəhərində yerləşən 3 saylı Hərbi Evlər İdarəsinin rəisi də, bu günə kimi bənzəri olmayan dələduzluq əməllərinə qol qoysa da, hələ də bu şəxs lazımınca cəzalandırılmayıb. Görünür Əliyev Dilqəm Sabir oğlu adlı şəxs, hansısa “gözəgörünməz əllər” vasitəsilə himayə olunur ki, bu gün də o, cəzasızlıq mühitində “at oynatmaqdadır”. Bu şəxsin əməlləri ilə bağlı Şəmkir şəhəri İ.Qayıbov küç-33 ünvanda yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Məmmədov Eldar Qəzənfər oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi Eldar Məmmədov yazır ki, “Dilqəm Əliyev hərbi şəhərcikdə keçmiş sovet (SSRİ) ordusundan miras qalmış bir çox inventarları şəxsi maraqlarının həlli məqsədilə mənimsəmiş, hərbi şəhərcikdə qalmış və tikinti sahəsində istifadə olunan qaldırıcı kran maşınlarını, onların polad reyslərini sataraq, bir müddət bundan öncə özünə “Opel” markalı yaşıl rəngli avtomobil alıb. Adı çəkilən bu şəxs sovet dövründə inşa olunmuş və beş mərtəbəli binalarda quraşdırılmış istilik batareyalarını, qazanxanaların yeraltı giriş və çıxış borularını, boruların üstündəki beton piltələri, hərbi şəhərciyin təmiri məqsədilə verilmiş 400 (dörd yüz) ədəd rezin tolu (dam örtüyünü), 500 (beş yüz) ədəd metal şiferi maddi maraqları naminə mənimsəyib. Daha acınacaqlı hal odur ki, bu şəxs hərbi şəhərciyin toxunulmaz torpaq sahəsində, daha dəqiq desək “20 Yanvar” küçəsində yerləşən bazarı da satıb. Dilqəm Əliyev törətdiyi çoxsaylı cinayətlərə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2006-cı ilin sonlarında daşıdığı vəzifəsindən azad olundu. Üumiyyətlə, bu şəxs 3 saylı Evlər İdarəsində rəis işlədiyi vaxtlarda dövlətə təqribən 1.000 000 (bir milyon) manatdan çox ziyan vurur. Dilqəm Əliyev qol qoyduğu çoxsaylı qanunsuzluqların varlığına baxmayaraq, 2007-ci ildə o, ona havadarlıq edənlərin köməyi ilə saxta imzalar topladı və təkrar 3 saylı Evlər İdarəsinə rəis təyinatı almaqla, yenə də çirkin əməllərini davam etdirdi. Azərbaycan Respublikası, Müdafıə Nazirliyinin 1995-ci il tarixli 245 saylı əmrinə əsasən, Şəmkir şəhərindəki hərbi şəhərciklər həmin ildən qapalı ərazi elan olunsa da, Dilqəm Əliyev hərbi şəhərcikdəki xidməti mənzilləri, evləri (küçə qadınlarına) satdı və onları hərbi şəhərcikdə müəyyən işlərə götürməklə qeydiyyatlarını həyata keçirtdirdi, hətta sakinlərə saxta sənədlər verməklə də məşğul oldu. Bu şəxs şəhərcikdəki evləri təmir etdirmədən, həmin evlərdə yaşayan hərbiçilərə, ayrı-ayrı sakinlərə saxta bildirişlər göndərir və kommunal haqları da yığır. Belə ki, onun ünvanlara göndərdiyi bildirişlərdə nə imza olur, nə də ki, künc ştampı vurulur. Dilqəm Əliyev qanunsuz yollarla kommunal xidmətlərdən toplanan vəsaitləri də, şəxsi məqsədləri üçün xərcləyir.
Bəzi mənbələrdən yayılan məlumatlara görə, çoxsaylı cinayət əməllərinə qol qoyan Dilqəm Əliyevə himayədarlıq edən şəxslərdən biri də, sabiq müdafiə naziri Səfər Əbiyevin qardaşı Xazim Əliyev adlı şəxs olur ki, bununla da bağlı “Yeni Müsavat” qəzetinin 27 oktyabr 2013-cü il tarixli sayının № 286(5644)-cı nömrəsində müəyyən açıqlama dərc olunur. Belə bir səbəbdən də o, hərbi şəhərcikdəki xidməti evləri, şəhərciyin balansında olan torpaq sahələrini satmaqla məşğul olur. Bu şəxs 861 saylı hərbi hissədə xidmətdə olduğu zaman, Azərbaycan Respublikasının əbədi-əzəli düşməni olan ermənilərə silah-sursat satarkən iş başında yaxalanır və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.03.1997-ci il tarixli hökmü ilə, CM-nin 220-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 2-ci hissəsi və 255-ci maddənin “V” bəndi, həmçinin CM-nin 66.3 maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan mərhum edilir. 29.09.1998-ci il tarixdə isə o, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarına əsasən şərti cəza ilə azadlığa buraxılır. Belə bir cəzadan sonra o, yenə də çirkin əməllərindən əl çəkmir və dolayı yollarla olsa belə, mülkü vətəndaşları hərbi şəhərciyə pasport qeydiyyatına aldırır və onlara saxta arayışlar verməklə, təkrar çoxsaylı cinayət əməlləri törədir”.
Eldar Məmmədov onu da vurğulayır ki, “mən bir təşkilat sədri olaraq hərbi şəhərcikdə törədilən cinayət əməllərini aşkarladığım üçün, 2009-cu ilin 31 iyuludan 01 avqustuna keçən gecə RAF-2203 markalı avtomaşınımın ön şüşəsini sındırdılar. Hələ bu azmış kimi, 03 avqustdan 04 avqusta keçən gecə avtomaşınımın sol yan şüşəsini küt alətlə vurub yerə atırlar. Dilqəm Əliyevin törətdiyi cinayətlərlə bağlı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət etdiyim üçün, şəxsi avtomobilimə aldığım və dairəsi-205R14C109/107 olan 4 (dörd) ədəd təzə təkərlərimi, 2010-cu ilin mart ayınm 10-dan 11-nə keçən gecə Dilqəm Əliyev və onun “əlbuyruqçuları” bıçaqla kəsib yarasız hala salırlar.
Bütün bunlardan əlavə, adı çəkilən şəxslə bağlı başqa bir açıqlama da söyləyim ki, Dilqəm Əliyevin qohum-əqrabası, bu gün işə getmədən 3 saylı Hərbi Evlər İdarəsindən qeyri-qanuni əməkhaqqı alırlar. Mənim bu günə kimi olmazın oyuna salınmağımda, digər xoşagəlməz olaylarla üz-üzə qalmağımda, bilavasitə bu şəxs əsas rol oynayıb. Yəni, keçmiş SSRİ-nin SQ-nə məxsus “N” saylı hərbi hissədə qulluq etdiyim zaman, hərbi hissəmizin mənzil komissiyasının 173 saylı qərarı ilə, 17 aprel 1992-ci il tarixdə Şəmkir şəhəri, hərbi şəhərcik xətt-1, 8 saylı “finski” evin orderini mənə verdilər. Səkkiz il həmin evdə pasport qeydiyyatında olmuşam və bu faktı DİN-nin ünvanlar bürosunun 11 fevral 1998-ci il tarixli arayışı, həmçinin 3 saylı Hərbi Evlər İdarəsinin 08 fevral 2005-ci il tarixli 165 saylı və 31 may 2008-ci il tarixli 165 saylı arayışları ilə də təsdiq etmək mümkündür. Mən Milli Ordumuzun 861 saylı hərbi hissəsində könüllü hərbi xidmətdə olmuşam və bir çox döyüş əməliyyatlarında da iştirak etmişəm. Döyüş əməliyyatlarında iştirak edərkən, mənə verilmiş evi və 0,05 ha torpaq sahəsini Məmmədov Rəfayel Çoban oğlu adlı bir şəxs zəbt edir. Hansı ki, bu şəxsin həyat yoldaşının anası ermənidir. 1993-cü ildə Rəfayel Məmmədovun atdığı addımla bağlı Qazax Hərbi Prokurorluğuna müraciət etdim və toplanmış iş materialları əsasında, Prokurorun böyük köməkçisi Fərman Rzayev mənə verilmiş evin boşaldılması üçün, 11 aprel 1994-cü il tarixli qərarı ilə Tovuz Hərbi Ticarət İdarəsinə və Məmmədov Rəfayel Çoban oğluna rəsmi məktub da ünvanlayır. Ünvanlanmış məktuba baxmayaraq, Rəfayel Məmmədov puluna və arxa-dayağına güvənərək, çıxarılmış qərarı icra etməkdən imtina etdi.
Prokuror köməkçisinin çıxarmış olduğu belə bir qərarın varlığına baxmayaraq, həmin vaxt Şəmkir rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi qanunsuz olaraq, Azərbaycan Respublikası Ali Baş Komandanının müvafiq sərəncamı, yaxud da Nazirlər Kabinetinin hər hansı qərarı olmadan, 06 iyul 1992-ci il tarixdə Rəfayel Məmmədova dövlətimizin toxunulmaz torpaq sahəsi hesab etdiyi ərazidən 0,05 ha torpaq sahəsi vermiş və həmin sahəyə 15 iyul 2010-cu il tarixdə Şəmkirin sabiq icra başçısı Nazim Veyisovun imzaladığı 175 saylı sərəncam əsasında, rəsmi sənəd də verilir. Bu şəxs saxta sənəd əsasında hərbi şəhərcikdəki 49 saylı hərbi mağazanı da, bir müddətdən sonra öz adına rəsmiləşdirir. Bundan əlavə, Rəfayel Məmmədov orderlə verilmiş “finski” evimi sökür, onun materiallarını mənimsəyir və yerində 10 ədəd irili-xırdalı mağaza tikib. Bu gün də o, onlardan gəlir əldə etməklə məşğul olmaqdadır. 1992-ci ildə 173 saylı daimi order əsasında mənə verilmiş evin və onun həyətyanı torpaq sahəsinin bugünkü qiyməti təqribən 200 000(iki yüz min) manatdan bahadır.
Faciə odur ki, həmin vaxtlarda ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin hərbi obyektlərin özəlləşdirilməsinə dair hər hansı sərəncamı olmadığı halda, Məmmədov Rəfail Çoban oğlu 49 saylı mağazanı (hərbi şəhərcikdə) qanunsuz olaraq öz adına özəlləşdirmiş, Dilqəm Əliyev isə, qanuni əsas olmadan məni həmin evdən pasport qeydiyyatından çıxarır. Mən 173 saylı daimi order əsasında verilmiş evdən, 3 saylı Evlər İdarəsi rəisinin bu cür qanunsuz hərəkəti nəticəsində məhrum olmuşam. Buna görə də, müxtəlif qurumlara şikayət ərizələri yazmışam, teleqramlar göndərmişəm. Mən Qarabağ müharibəsi veteranıyam, II qrup əliləm, sağlamlığımı DQ müharibəsinin gedişi zamanı itirmişəm. Digərləri kimi döyüş bölgələrindən qaçıb gizlənməmişəm və Dilqəm Əliyevdən fərqli olaraq, Silahlı Qüvvələrimizə məxsus silah-sursatı düşmənə satıb, bu dövlətə, bu xalqa arxadan zərbə vurmamışam. Yuxarıda qeyd etdiyim kimi, bu şəxs belə bir hərəkətlərinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına da məhkum olunmuşdu. Törətdiyi çoxsaylı cinayət əməllərinə görə, 2006-cı ildə Hərbi Evlər İdarəsinin rəisi vəzifəsindən azad olunan bu şəxs, mənimlə bağlı məhkəməyə ünvanladığı müraciətində qeyd edir ki, guya mən belə bir faktları yazmaqla ona həm maddi, həm mənəvi ziyan vurmuşam, həm də böhtan atmışam. Bu yolla da onun işgüzar nüfuzunu da ləkələmişəm. O halda sual oluna bilər ki, görəsən nə vaxtdan təşkilatın qol qoyulan cinayət əməllərini aşkarlaması, qarşı tərəfin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılması kimi qiymətləndirilməlidir? Əslində bunların hər biri faktlardır və sübuta yetirilməsinə də ehtiyac yoxdur. Əslində Dilqəm Əliyev Azərbaycan Silahlı Qüvvələrinə məxsus silah-sursatı düşmənə satmaqla, bir zabit olaraq mənim şərəf və ləyaqətimin təhqir olunmağıma da səbəb olmuşdur. Onun belə bir hərəkətləri nəticəsində mənəvi əzab çəkmişəm və hesab edirəm ki, mənə 200.000 (iki yüz min) manatdan çox maddi və mənəvi ziyan dəyib.
Bundan əlavə, yaşadığımız hərbi şəhərciyin faişə qadınların yaşayış məskəninə çevrilməsində, məhz Dilqəm Əliyevin əvəzsiz rolu olub. Bu şəxs peşəkar zabitləri müxtəlif yollarla yaşadıqları mənzillərindən çıxarır və onlara məxsus evləri yüngül əxlaqlı qadınlara satdığından, sonda belə bir vəziyyət əmələ gəlir. Bütün bunları təsdiq edəcək kifayət qədər sübutlar var. 3 saylı Evlər İdarəsi rəisinin DOS-4-də bir evi, DOS-8-də bir evi, DOS-9-da bir evi var və həmin evlərdə qanunsuz olaraq “kirəkeş” saxlayır, özü isə, Şəmkir şəhəri M.Əsədov küçəsi 3 saylı evdə yaşayır. Bu şəxsin qanunsuz hərəkətlərindən aidiyyəti qurumlara ünvanladığım şikayətlərlə bağlı müvafıq qərarlar qəbul olunsa da, son anda bu şəxsin əməllərində cinayət tərkibi olması faktı təsdiq olunmur ki, olunmur. Mən təşkilat sədri olaraq onu da bildirirəm ki, Şəmkir şəhəri, Dəllər qəsəbəsi H.Aslanov küçəsi-20 saylı ünvanda yaşayan və bizim təşkilatın üzvü olan Əliyev Nəcəf Sayad oğlu, üz-üzə qaldığı çirkin oyunlarla bağlı, hələ bir müddət bundan öncə bizim təşkilata müraciət etmişdi. O, ünvanladığı ərizəsində qeyd edir ki, “mən hüquqlarımın pozulması ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyev müraciət etmişdim. Cənab Prezident ona etdiyim müraciət əsasında aidiyyəti üzrə lazımi tapşırıqlarını versə də, Şəmkir rayon prokuroru Azər Hətəmov, onun köməkçisi İlham Səlimov məndə kifayət qədər subut və faktların olmasına baxmayaraq, Şəmkir rayon Polis Şöbəsində qəbul edilmiş qərarları əsas tutaraq, heç bir şikayətimi araşdırmırlar. Mən təşkilat sədri olaraq Nəcəf Əliyevin müraciətini nəzərə alıb, onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün, ərizəsinə əlavə olunmuş sənədləri sürəti ilə birlikdə Şəmkir rayon Prokurorluğuna göndərdim və onlardan tələb etdim ki, bu şəxsin pozulmuş hüquqları 3 saylı evlər idarəsinin rəisi Dilqəm Əliyev tərəfindən bərpa olunsun. Buna baxmayaraq, bu gün də Şəmkir rayon Prokurorluğundan heç bir cavab əldə edə bilmirəm. Belə bir addımıma görə, Dilqəm Əliyev məni günahkar hesab edir və guya onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldığıma görə, məndən təzminat alınması tələbi ilə, Şəmkir rayon Məhkəməsi qarşısında iddia da qaldırır. Mənim isə istəyim ondan ibarətdir ki, bu şəxs törətdiyi çoxsaylı cinayət əməllərinə görə məhkəmə qarşısında cavab versin. Mən bir sədr olaraq Dilqəm Əliyevdən tələb edirəm ki, 3 saylı Evlər İdarəsinə məxsus kitabları məhkəməyə təqdim etsin. 1. Vəzifə kitabçasını. 2. Əmək haqqı kitabçası və tabel sənədlərini. 3. Order kitabçasını. 4. Hərbi şəhərcikdə yaşayanların ümumi kitabçalarını. 5. Hərbi şəhərciyə təmir üçün verilən materillar haqqında kitabçanı. 6. Xətt-l, mənzil 8-in və onun 0,05 ha torpaq sahəsi barədə olan sənədləri, həmçinin bağlanan müqavilə və müqavilə əsasında ödənilən qəbzləri. 7. Rəfail Məmmədovun mağazası barədə sənədlər və ödənilən qəbzləri. 8. Məmmədov Rəfayıl Çoban oğlunun zəbti barədə hesabatı. 9. Satılan qaldırıcı kıran maşınları barədə hesabatı. lO. Satılan istilik batareyaları barədə hesabatı. 11. Hərbi şəhərciyin təmiri məqsədilə ayrılan maddi hesabatı. Mən çıxarılmış qərarlardan yuxarı inistansiyalara şikayətlər ünvanlayacağam və həmin qərarlar ləğv olunarkən, o halda cavabdehlik daşıyan Dilqəm Əliyevin hansı cinayətləri törətməsi sübuta yetiriləcək. Cavabdehin qol qoyduğu qanunsuzluqlar nəticəsində mənə həm maddi, həm də mənəvi ziyan dəyib. Bu şəxsin mənə vurduğu maddi və mənəvi ziyanı 300.000(üç yüz min) manat məbləğində qiymətləndiridəm və hesab edirəm ki, mütləq həmin zərər ödənilməlidir. Bütün bunlar Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələbləri əsasında təsdiqini tapır. Odur ki, istəyirəm belə bir problemləri rəhbərlik etdiyiniz mətbu orqanda işıqlandırıb, hər kəsi bu yöndə məlumatlandırasınız. İnanıram ki, problemin ictimailəşdirilməsi, aidiyyəti üzrə hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətini cəlb edəcək və Dilqəm Əliyev tutduğu əməllərə görə cavab verməli olacaq”. Araşdırmamız davam edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?