Belə olan halda Rəşada “mənə satdığın yerin sahibi var” desəm də, o, mənim danışdıqlarıma əhəmiyyət vermədi”
Bəzi vəzifə sahiblərinin, ayrı-ayrı iş adamlarının, hətta heç bir əmək fəaliyyəti ilə məşğul olmayan hansısa şəxslərin dələduzluq əməlləri, bu gün də daha çox narahatlıq döğurmaqdadır, daha çox kimlərinsə qəzəbinə “tuş” gəlməkdədir. Atılan addımlarla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bu günə kimi müvafiq tədbirlər görülsə də, kimlərsə tutduqları əməllərə görə lazımınca cəzalandırılsalar da, xoşagəlməz hal o olur ki, yenə də bəzi şəxslər dələduzluq əməllərindən əl çəkmirlər ki, çəkmirlər. Məsələn, bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına ərizə ilə müraciət edən və İmişli rayonu Rəsullu kəndində qeydiyyatda olan Nuriyev Bəybala Bəyalət oğlu yazır ki, “mən 2016-cı ilin avqust ayından əslən Cəlilabad rayonundan olan, hal-hazırda isə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində qeydiyyatda olan Osmanov Rəşad Məcid oğlunun dələduzluq əməli ilə üz-üzə qalmışam. İlk öncə onu vurğulayım ki, adı çəkilən şəxs torpaq və ev alqı-satqısı ilə məşğul olduğundan, qeyd olunan tarixdə 2 sot torpaq sahəsi almaq məqsədilə, mən ona müraciət etmişdim. Həmin vaxt Rəşad Osmanov mənə Sabunçu rayonunun Ramana qəsəbəsində sənədi onda olan 6,3 ha-lıq torpaq sahəsini göstərdi və almaq istədiyim 2 sot torpaq sahəsini satmağa razı olduğunu da bildirdi. Bu məqsədlə biz 24 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda etibarnaməni təsdiq etdirdik və aldığım 2 sotluq torpaq sahəsinə görə, Rəşada 3000 (üç min) manat pul da verdim. Bir qədər vaxt keçdikdən sonra aldığım torpaq sahəsində ev tikmək qərarına gəldim. Elə ki, tikinti işləri aparmaq üçün həmin sahəyə daş, qum tökdüm, o halda kənar bir şəxs yaxınıaşıb mənə bildirdi ki, “bu sahə mənimdir, tikinti işlərini dayandır” dedikdə, sanki şoka düşdüm. Bundan əlavə, həmin şəxs Rəşad Osmanovun mənə satmış olduğu torpaq sahəsinə aid sənədləri də göstərdi. Belə olan halda Rəşada “mənə satdığın yerin sahibi var” desəm də, o, mənim danışdıqlarıma əhəmiyyət vermədi. O halda ondan 3 min manat pulumun geri qaytarmasını təkidlə tələb etdim. Təəccüblü hal o oldu ki, dələduzluq etməklə məni minbir “oyuna salan” bu şəxs, pulumu geri qaytarmaq, hansısa peşimançalıq hissini keçirmək əvəzinə “məndə geri qaytarmağa pul yoxdur, get kimə istəyirsən şikayətini et” dedikdə, bir qədər də təəccübləndim. Onun belə bir cavabından sonra dərk etdim ki, “makler”lik işi ilə məşğul olan bu şəxs, məndən aldığı 3 min manat pulu heç də xoşluqla geri qaytarmayacaq. Belə olan halda məcbur olub Sabunçu RPİ-nin 12-ci polis bölməsinə ərizə ilə müraciət etdim. Düzdür, adı çəkilən polis bölməsində yazmış olduğum şikayət ərizəsini qəbul etdilər və problemin araşdırılması, adı çəkilən qurumda Fərid adlı təhqiqatçıya da həvalə olundu. Artıq ərizəni təqdim etdiyim vaxtdan təqribən 8-9 aydan çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi atılan addımla bağlı lazımi araşdırma işləri aparılmayıb. Bundan əlavə, baş verən dələduzluq əməli ilə bağlı DİN-nin 102 xidmətinə etdityim müraciətlə bağlı, hələ də hər hansı nəticə yoxdur. Belə bir səbəblər üzündən də, üz-üzə qaldığım problemin ictimailəşdirilməsinə qərar verdim ki, bəlkə o halda problemim lazımınca araşdırıldı. Bu gün mən üzümü DİN-nin rəhbərliyində duran vəzifə sahiblərinə tuturam və problemimin həlli üçün, onlardan köməklik də istəyirəm. İnanıram ki, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında, vətəndaş hüquqlarının qorunmasında yaxından iştirak edən, hər kəsin etibar etdiyi daxili işlər orqanı əməkdaşları, etdiyim müraciətimə heç də biganə qalmayacaqlar və mənə qarşı dələduzluq etmiş şəxsin əməllərinin lazımınca araşdırılması üçün, aidiyyəti üzrə tapşırıqlar da veriləcək”. Bəli, bu bir gəncin müraciəti, onun üz-üzə qaldığı problemlə bağlı keçirdiyi narahatçılıq hissidir. Biz də bir mətbu orqan olaraq atılan addımı pisləyir və Bəybala Nuriyevin üz-üzə qaldığı problemin qanuni yollarla araşdırılmasını istəyirik. İnanırıq ki, problem gec də olsa ədalətli həllini tapacaq. Açıqlamada adı çəkilən hər kəsi dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?