“Görəsən Ramiz Yediyarov həmin ərazidə obyektlər inşa etdirən zaman yüksək gərginlikli naqillərdəki gərginliklər azaldımı?”
Son vaxtlar Gədəbəy rayon sakinlərinin “Gündəm Xəbər”ə ünvanladıqları şikayət ərizələrinin məzmun və mahiyyəti ilə tanış olduqda o da bəlli olur ki, rayon ərazisində həyata keçirilən idarəçiliyin mahiyyəti, daha çox şəxsi maraq və məqsədlərin həllinə yönəlməkdədir. Belə bir səbəblər üzündəndir ki, bu gün rayon ərazisində sosial problemlər aşıb-daşır, vətəndaş narazılığı “pik nöqtə”yə çatır, sakinlərin mərkəzi hakimiyyətə ünvanladıqları şikayət ərizələrinin sayı-hesabı bilinmir. Təəssüf doğuran hal odur ki, yerlərdən problemlərin həlli ilə bağlı PA-na və digər instansiyalara ünvanlanan şikayət ərizələri, çox zaman araşdırılması üçün Gədəbəy rayon İcra Hakimiyyətinə göndərilsə də, aylar deyil, illər belə ötsə də problemlər araşdırılmır ki, araşdırılmır. Yəni, Ramiz Yediyarovun rəhbərlik etdiyi bu rayonda, dövlət qurumlarına sanki etinasızlıq ab-havası formalaşmaqdadır. Atılan belə bir addımların nəticəsidir ki, Gədəbəy rayonunun adı, bu gün sakinlərin daha çox narazlıq etdiyi rayonlardan biri hesab olunur. Adicə bir məqama toxunaq və bəzi mətləbləri geniş ictimaiyyətin diqqətinə də çatdıraq. Bu günlərdə Gədəbəy rayonu, Şəhriyar küçəsi-34 ünvanda yaşayan Səfərov Vaqif Qara oğlu adlı şəxs, “Gündəm Xəbər”ə ünvanladığı müraciətində bildirir ki, “2013-cü ildən bu günə kimi üz-üzə qaldığımız problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara təqribən 300-dən çox ərizə, müraciət və teleqram ünvanlasaq da, təəssüflər olsun ki, hələ də heç bir nəticəni əldə edə bilməmişik. Buna da səbəb, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun bizim ailə üzvlərinə qarşı qanunsuzluq əməllərini davam etdirməsi olmuşdur. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında və bir çox tədbirlərdə yerli vəzifə sahiblərinə daim lazımi tapşırıqlarını verir, sakinlərə məxsus problemlərin həll olunması üçün, müəyyən addımların atılmasını onlardan tələb edir. Təəssüflər olsun ki, bu yöndə tapşırıqların verilməsinə baxmayaraq, bu gün də verilmiş tapşırıqlara Gədəbəy rayonunda əməl edən yoxdur. Ünvanladığım şikayətin mahiyyəti ondan ibarətdir ki, 1998-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 16 iyul 1998-ci il tarixli №143 saylı sərəncamı əsasında, rayonun “20 Yanvar” küçəsində mənim adıma sənədləşdirilmiş 0,26 ha torpaq sahəsini heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov altüst etdirib. Baxmayaraq ki, sabiq icra başçısının imzaladığı sərəncamı əsas tutaraq, 0,26 ha torpaq sahəsinə dair Gədəbəy şəhər Bələdiyyəsinin 14 iyun 2004-cü il tarixli 08 saylı iclas protokolunun qərarı var və verilmiş qərara əsasən, bələdiyyənin büdcəsinə həmin ilin valyuta (AZN) məzənnəsinə uyğun 2564000 (iki milyon beş yüz altımış dörd min) manat rüsum da ödənilib. (ödəniş qəbzi №025937) Onu da vurğulayım ki, vaxtilə adıma qanuni əsaslarla sənədləşdirilmiş torpaq sahəsini Ramiz Yediyarov müəyyən bəhanələr əsasında, yəni ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsini bəhanə edərək, ağır texnikanın gücü ilə altüst etdirdi. Baxmayaraq ki, həmin ərazidə 100 (yüz) min manatdan çox şəxsi vəsaitim hesabına bir neçə obyekt inşa etdirmişdim, ətrafına mişar daşından 3 (üç) metr hündürlükdə divar da hördürmüşdüm. Dağıntı işləri icra başçısının şifahi tapşırığı əsasında həyata keçirilsə də, bu işlərə icra başçısının müavinləri, ələlxüsüs Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsinin daşıyan Şahbaz Bayramov rəhbərlik edir. Bu şəxs dağıntı-söküntü işlərindən əldə olunan materialları ələ keçirir və həmin materiallarla o, özünə rayon sakinlərini içməli su ilə təmin edən su anbarına bitiçik ərazidə yaşayış evi tikdirir. Bir qədər vaxt keçdikdən sonra isə, daha dəqiq desəm 2013-cü ildən başlayaraq icra başçısı həmin ərazidə böyük bir ticarət mərkəzi inşa etdirdi. Artıq xeyli vaxtdır ki, adıma sənədləşdirilmiş həmin ərazidə inşa olunmuş 43 ədəd obyekt, Ramiz Yediyarovun şifahi tapşırığı əsasında təqribən 8-10 min manat məbləğində satışa çıxarılıb. Satış prosesinin də, bu gün Gədəbəy şəhər bələdiyyəsinə rəhbərlik edən Yusifov Zülfüqar Səməd oğlu tərəfindən həyata keçirildiyi bildirilir. Biz icra başçısının bu cür qanunsuz addımlarına etiraz əlaməti olaraq, 2013-cü ildən ayrı-ayrı instansiyalara davamlı şikayətlərimizi ünvanlasaq da, təəssüflər olsun ki, üz-üzə qaldığımız problemin həllinə hələ də nail ola bilməmişik. O halda sual oluna bilər ki, əgər icra başçısı 0,26 ha torpaq sahəsində inşa etdirdiyim obyektlərin üst hissəsindən yüksək gərginlikli elektrik xətlərinin keçməsini əsas tutaraq darmadağın etdirdisə, görəsən həmin səbəb niyə onun özünə də şamil olunmadı? Görəsən Ramiz Yediyarov həmin ərazidə obyektlər inşa etdirən zaman yüksək gərginlikli naqillərdəki gərginliklər azaldımı? Bu gün təəccüb doğuran hal odur ki, icra hakimiyyəti tərəfdən qarşımıza “siz torpaq sahəsi ilə bağlı PA-na və digər instansiyalara ünvanladığınız şikayətlərinizi dayandırın, biz də Gədəbəy şəhəri 1 saylı tam orta məktəbdə işdən çıxartdığımız gəlininizi işinə bərpa edək” deyə şərt qoyurlar. Bu cür addımların atılması, əslində bizim ailə üzvlərinə qarşı hədə, təhqir, şantaj kimi qiymətləndirilməlidir. Onu da bildirim ki, mübahisə predmetinə çevrilən torpaq sahəsi ilə bağlı məhkəmə araşdırması aparılarkən, mənim qanuni sənədlərim məhkəmədə saxta çıxarılır, amma Gədəbəy şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusifovun məhkəməyə təqdim etdiyi saxta sənədlər isə, qanuni çıxarılır. Atılan belə bir addımlar da, məhz növbəti problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır. Onu da vurğulayım ki, rayonun “20 Yanvar” küçəsində mənə verilmiş torpaq sahəsi ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinin elektron baza məlumatlarına və arxiv fondunun materiallarına əsasən, mənim adıma qeydiyyata alınmış və mənə 04 dekabr 2010-cu il tarixdə 505013001070 reyestr nömrəli Çıxarış da verilmişdir. Bütün bunlara baxmayaraq, Gədəbəy şəhər bələdiyyəsi tərəfindən 13 fevral 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi, 11 saylı Layihə Tədqiqat İdarəsindən saxta bir arayış alınır və Gəncə İnzibati-İqtisad Məhkəməsinə təqdim olunur. Həmin arayışda qeyd olunur ki, guya verilmiş torpaq sahəsini mən satmışam və ona bitişik ərazini də zəbt edərək, saxta sənədlər əsasında həmin əraziyə qeyri-qanuni olaraq 0141762 saylı çıxarış da almışam. Bütün bunlar bizə qarşı düzülüb-qoşulan saxtakarlıqdan başqa bir şey deyil. Baş verən belə bir olaylardan başqa, ailəmizin üz-üzə qaldığı digər problemlərdən biri də, gəlinim Səfərova Jalə Aslan qızının heç bir əsas olmadan çalışdığı işindən çıxarılmasıdır. O, uzun illər idi ki, Gədəbəy şəhəri 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyirdi. Işlədiyi müddət ərzində bir dəfə də olsun belə rəhbərlik tərəfindən nə şifahi, nə də hər hansı formada xəbərdarlıq, yaxud da töhmət almayıb. Bir sözlə, daşıdığı vəzifəsində hər hansı qanunsuzluğa qol qoymayıb, zaman-zaman çalışdığı kollektiv arasında hörmət-izzət qazanıb. Gəlinimin dörd övladı var ki, onlardan ikisi əkizdir və səkkiz yaş həddindədirlər. Bu gün onun övladlarından biri ödənişli əsaslarla ali təhsil alır, digəri isə Vətən qarşısında həqiqi hərbi xidmətini yerinə yetirərək geri dönüb və hal-hazırda da işsizdir. Ailəmizdə işləyən yalnız gəlinim idi və o, dövlətdən cəmi 180 manat əməkhaqqı alırdı. Buna baxmayaraq, Gədəbəy şəhəri 1 saylı tam orta məktəbin direktoru Sevda Musayeva, 2015-ci ilin mart ayında atdığı addımı ilə bizim ailənin çörəyini kəsdi. Buna səbəb o oldu ki, gəlinimin əkiz övladlarından biri səhhətində əmələ gələn problemlər səbəbindən 29 mart 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixə kimi, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğundan, Lalə Səfərova işə çixa bilmədi. Nəvəmiz xəstəxanadan evə buraxıldıqdan sonra, gəlinim ona verilən bülleteni məktəbin dırektoruna təqdim edir. Məqsədi xəstəxanadan ona verilmiş bülleteni təsdiq etdirmək olur ki, bunun müqabilində əmək haqqını ala bilsin. Buna baxmayaraq, Sevda Musayeva ona təqdim olunmuş bülleteni təsdiq edib gəlinimə vermək əvəzinə, Jalə Səfərovaya bildirir ki, “xəstəxananın sənə verdiyi bülleten saxtadır”. O, halda sual oluna bilər ki, adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş bülleten necə saxta ola bilər? Axı, həmin bülleten dövlət sənədidir və bülletenlər hazırlanarkən, onun bir neçə dəfə qeydiyyatı aparılır, baş hissəsləri kəsilir, hətta bir nüsxəsi onu verən müəssisənin arxivində saxlanılır. Yəqin ki, bunu araşdırmaq heç də çətin iş deyil. Bütün bunlar onu sübut edir ki, Gədəbəy şəhəri 1 saylı tam orta məktəbin direktoru Sevda Musayevanın gəlinimə bildirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyil. Məktəb direktorunun bu cür cəfəng və bənzəri olmayan saxta danışığından sonra, Jalə Səfərova işə gedərkən direktor ona “sən üzürsüz səbəbdən işə gəlmədiyinə görə həmkarların qərarı ilə işindən azad olunmusan” deyir. Bu cür açıqlamadan sonra sual oluna bilər ki, Sevda Musayevaya kim haqq verib ki, dövlət səhiyyə müəssisəsinin vermiş olduğu rəsmi sənədini saxta sənəd hesab edir? Məgər xəstəlik bülletendə olmaq üzürlü səbəb hesab olunmamalıdır? Nə üçün həmkarların “keçirdiyi iclasdan” gəlinimin xəbəri olmur? Açıq-aydın şəkildə qeyd edim ki, həmkarların qərarı verilmiş sifariş əsasında Sevda Musayevanın iş otağında düzülür-qoşulur. Əslində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.(1 )-ci maddəsinə görə, Jalə Səfərovadan yazılı izahat alınmalı idi. Eyni zamanda baş verən belə bir olaylar Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə də ziddiyyət təşkil edir. Çünki, ağır cinayət əməli törədən hər bir müttəhimə məhkəmədə cəza verilərkən, ona son söz verilir. Amma, gəlinimə qarşı atılan bu cür qanunsuzluqla bağlı ona heç bir halda məlumat verilmir və əssasız şəkildə də, onu çalışdığı işindən azad edirlər. Əslində Gədəbəy şəhəri 1 saylı tam orta məktəbin direktoru Sevda Musayeva bacarıqsızlığını, üzərinə düşən vəzifəsinin öhdəsindən gələ bilmədiyini müəyyən yollarla ört-basdır etmək, həmçinin özünü icra başçısının yanında bir növ “şirin salmaq” üçün, məhz bu cür oyun qaydalarını qurur. Yəni, Sevda Musayeva buu cür addımları ilə Ramiz Yediyarova bildirmək istəyir ki, mən sizi bir ailənin şikayətindən xilas etməyə çalışıram. Yəqin ki, onun məqsədi bu cür çirkin addımlarının qarşılığında rayon rəhbərliyindən müəyyən təminatlarını əldə etməkdir. İndi sual oluna bilər ki, iki azyaşlı körpəsi olan, həmçinin övladlarından biri ali təhsil alan, digəri isə Vətən qarşısında həqiqi hərbi xidmətini yetirib geri dönən bir Azərbaycan qadınını bu cür oyun qaydaları ilə üz-üzə qoymaq, son anda da daşıdığı vəzifəsindən uzaqlaşdırmaq, nə dərəcədə haqq-ədalət anlayışı ilə üst-üstə düşür?” Bəli, Vaqif Səfərovun bu cür açıqlamalarını dərc edərək belə bir qənaətə gəlirik ki, bu gün Gədəbəy rayonunda hər cür saxtakarlığa, hər cür qanunsuzluğa, hər cür haqsızlığa qol qoyulması o deməkdir ki, Ramiz Yediyarovun icra başçısı olduğu rayonda qanun şah deyil, şah qanundur. Əgər bu belə deyilsə, o halda ən azından sakinlərin ünvanladıqları müraciətlərə müəyyən mənada münasibət bildirilər, vətəndaş narazılığının “pik nöqtə”yə çatmaması üçün bəzi addımlar atılar. Qarşı tərəfi də dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?