Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Cəlilabadı əldən vermədi
Məlumata görə, Cəlilabada təyin olunan yeni icra başçısı Namiq Zeynalov onun kadrı kimi tanınır.
Əslən cəlilabadlı olan K.Həsənov illərdir ki, bu rayona kuratorluq edir. N.Zeynalovun təyinatında da komitə sədrinin iştirakı olub.
N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Bundan sonra Cəlilabadda K.Həsənovun kölgəsi çəkilməyəcək. Əksinə, hakimiyyətdə mövqeyini təzədən möhkəmləndirən komitə sədrinin dairəsi genişlənib.
Məlum olduğu kimi, MTN işində K.Həsənovun “quyruğu qapı arasında” qalmışdı. Hətta vəzifədən çıxarılması gözlənilirdi.
Media emissarları bir neçə ay onun tənqid olunmasını dayandırdılar. Bu müddətdə özünü toparlayan K.Həsənov reputasiyasını bərpa etdi və prezidentin inamını qazandı.
Ona görə də yavaş-yavaş güclənən Əmlak komitəsi şefi indi Cəlilabada öz adamını başçı göndərməyə müvəffəq olur.
Mətbuatda gedən xəbərlərdən biri budur ki, son dövrlər əvvəlki illərə nisbətən, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qarşısında çox insan görünmür.
Əsasən kiçik müəssisə, obyekt, torpaq sahəsi və ya qeyri yaşayış sahəsi özəlləşdirmək istəyən şəxsləri isə dəllallara tərəf göndərirlər.
Bunun da xüsusi səbəbələri var. Əsas səbəb odur ki, əgər mülkiyyət sahibi sonradan aldığı əmlaka, obyektə görə nə qədər məbləğdə pul ödədiyini, kimə verdiyini açıqlamaq istəyərsə, komitənin heç bir rəsmisinin adını çəkə bilməsin. Ən azı pulu ondan alanı tanımasın.
gundemxeber.az-in FİA.Az-a istinadən əldə etdiyi məlumata görə, bu variantın “banisi” müavin Rafiq Cəlilovdur. Fərhad Əliyevdən fərqli olaraq, Kərəm Həsənov orta və iri müəssisələrin səhmdar cəmiyyətinə çevrilməklə özəlləşdirilməsində maraqlı deyildi.
Ona bu tip müəssisələrin bir neçə hissəyə bölünməklə, bir neçə şəxsə satılması daha əlverişli idi.
Çünki kiçik müəssisə və obyekt kimi satılan əmlakın “baş ağrısı” daha az olurdu. Bu metodu ona Rafiq Cəlilov öyrətmişdi.
Burada məqsəd müəssisəni 3-4 hissəyə parçalayıb bir hissəsini müəssisə rəhbərinə və əmək kollektivinə satmaqdan, qalan hissələri özlərinə yaxın şəxslərin adına rəsmiləşdirib, müəyyən vaxtdan sonra həmin ərazini 2-3 qat baha qiymətə satıb külli miqdarda qazanc əldə etməkdən ibarətdi.
Bu “xidmətlərinə” görə də, Rafiq Cəlilovun kompetensiyasına “ən yağlı” sahələr – reyestr xidməti, kiçik özəlləşdirmə, icarə, torpaq sahələrinin özəlləşdirilməsi verilib.
Bu şəxs son zamanlar adının hallanmaması və konspirasiya məqsədi ilə alıcı ilə birbaşa dialoqa girməkdən çəkindiyi üçün, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan dəllallarla iş görməyə daha çox üstünlük verir.
Onun “uzaqgörənliyi” və tapşırığı ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinin yaxınlığında yerləşən guya daşınmaz əmlakın alqı-satqısı ilə bağlı vətəndaşlara hüquqi yardım göstərən “Ekspress Servis” MMC adlı bir şəbəkə yaradıldı.
Əslində bu şəbəkənin rəsmi və qeyri-rəsmi əməkdaşları Rövşən Muradovun və digərlərinin göstərdiyi hüquqi yardım Reyestr Xidmətinin Bakı Şəhəri Ərazi idarəsinin “xod gedən”, sözü keçən, rəhbər əməkdaşları Şəmsi Şahvələdov, Namiq Zeynalov, Zəfər Abdulov, Məmməd Həsənov, Elçin Əliyev, Aytən Məmmədova ilə 5-10 dəqiqəlik sövdələşməsindən sonra problemli daşınmaz əmlaka çıxarış, yüklülük arayışı almaqdan, müəyyən məbləğ müqabilində mülkiyyətlə əlaqədar vətəndaşa verilən imtina cavabı məktubunu razılıq cavabı ilə əvəzləşdirməkdən ibarətdi.
R.Cəlilovun dostluq etdiyi dəllallar əvvəllər etibarnamə ilə hərəkət edirdilər. Ancaq sonradan idarədə bir nəfərin adına hər ay 20-30 etibarnamə olduğunu görüb.
Onlara etibarnaməsiz, birbaşa hərəkət etmələri tapşırıldı. Yəni, bu şəbəkədə Cəlilabada icra başçısı təyin olunan N.Zeynalovun adı keçir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?