Komitə rəhbəri ilə bölgənin hazırkı kuratoru arasında amansız qarşıdurma yaranıb; Cəlilabadın hakimi qonşu rayona da göz dikib Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabada kuratorluq etməklə kifayətlənmir. Komitə rəhbərinin ürəyindən Masallıya da qubernatorluq etmək keçir. Qonşu rayonu da öz caynağına almaq istəyən əmlak komitəsinin şefi ilə hazırkı kurator arasında qarşıdurma yaranıb. Masallının hazırkı ağası Naxçıvan qruplaşmasına aid olan məmurdur. Prezident Administrasiyasından qaynaqlanan bu kuratorluq uğrunda K.Həsənov mübarizəyə girişib. Onun bölgəni yaxşı tanıması, maliyyə işlərində səriştəli olması və mahir bir korrupsioner kimi fərqlənməsi bu istəyi reallaşdıra bilər. Çünki hakimiyyətin bir qanadında bununla bağlı hazırlıq gedir və K.Həsənovu Masallı taxtına oturmaq istəyirlər. Təbii ki, məsələ ölə rəhbərliyinin iradəsi çərçivəsində həll olunur. Lakin ona namizəd kimi K.Həsənov təqdim edilir və bu istiqamətdə iş gedir. Hazırkı kurator isə dirəniş göstərmək əzmindədir. Onunla komitə rəhbəri arasında mübahisə yaranıb. Masallıya sahiblənmək, bölgənin lideri olmaq məqsədi güdən K.Həsənov onun adamlarını Masallıda çıxdaş etməyə çalışır. Hazırkı icra başçısı Rafil Hüseynov da həmin kuratora yaxın şəxsdir. R.Hüseynov gəldiyi gündən o qədər də qalmaqallı, maxinasiyaları ifşa olunan icra başçısı kimi yadda qalmayıb. Amma onunla Daşkəsənin şefi Əhəd Abıyevin əlaqələri çox pisdir. Ə.Abıyev də K.Həsənova bu məsələdə köməklik göstərə bilər. Bundan əvvəlki başçı - Qəzənfər Ağayevi yola salan Abıyev R.Hüseynovu da sıradan çıxarmaq gücünə malikdir. Onun rayondakı elektoratı və maliyyə imkanları əsas verir ki, mətbuatda və rayonda kampaniya təşkil etsin, R.Hüseynovu gözdən salsın və prezidentin qara siyahısına düşsün. Mənbə qeyd edir ki, K.Həsənovun davası heç də rayonun icra başçısı ilə olmayıb. Münasibətlər kuratorla gərgindir və əvvəlki başçının dönəmində də həmin məmur qubernatorluq edib. Komitə sədri isə Masallını özünə yaxın region bilir, adamları və resursları var. Cəlilabadla bərabər Masallıya da hakim olmaq istəyən K.Həsənovun məsələsi müzakirə olunmaqdadır. Mənbə iddia edir ki, komitə rəhbəri korrupsioner məmur kimi tez-tez adı hallanır. Onun reputasiyası və siyasi imici qənaətbəxş sayılmır. Bununla belə, regionu yaxşı bildiyi üçün münasib qubernator ola bilər. Qarşı tərəflə çəkişmələrin isə nə nəticə verəcəyi qeyri-müəyyən olaraq qalır. Hakimiyyət qubernator dəyişikliyində bir qədər həssas davranır və tez-tez təyinatları sevmir. Masallıda biznesi və siyasi dayaqları olan K.Həsənovun adamları artıq təbliğata başlayıblar. Rayonda gedən söz-söhbətlərə görə, artıq komitə sədri bölgəni alıb və onun ərazisidir. İcra başçısı da məsələdə duyuq düşüb və kuratora məsələni çatdırıb. Hazırda kuratorla komitə rəhbəri arasında əməlli-başlı toqquşmalar var. Bu prosesdən kimin zəfər çalaraq çıxacağı bilinəcək. Ümumiyyətlə, K.Həsənov qohumbazlıq idarəetməsinə sadiq məmurdur. Məlumdur ki, onun əmisi oğlu Məhəmməd Həsənov komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, komitə aparatının rəhbəri İlqar Həbiyevin qardaşı Adil Həbiyev isə xidmətin Şirvan Regional İdarəsinin rəisi işləyir. Masallıya sahib çıxandan sonra tayfa-klan şəbəkəsi daha da genişlənəcək. Komitə rəhbərliyi Azərbaycan qanunlarına açıq şəkildə tüpürərək bu strateji dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir. Mənbə deyir ki, Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində formal olaraq sıravi işdə çalışsa da faktiki olaraq xidməti o idarə edir. Fərdi mənzillərin, obyektlərin özəlləşdirilməsi üçün verilən rüşvətlər onun əli ilə yığılır. Odur ki, Masallı qubernatoru olmaq monopolist maraqlarını da gücləndirəcək. Mövzunu diqqətdə saxlayacağıq. Rafiq Qara
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?