Mehman Əliyev: “Həbsimdə Əli Həsənovun rolu yoxdursa, onda Azəırbaycanda media siyasətini kim aparır? “
“Mənim mənbəm dəqiqdir. Odur ki, dediyim fikrin üzərində dayanıram. İkincisi, Əli Həsənovun açıqlaması birmənalı deyil. O, açıqlamasında nə demək istədiyi mənə və çoxlarına aydın olmadı”. Bu fikirləri “Gündəm Xəbər”qəzetinə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Prezident Administrasiyasının icctimai-siyasi şöbəsinin müdiri, Prezidentin köməkçisi Əli Həsənovun barəsində dediyi fikirləri şərh edərkən deyib. Mehman Əliyev xatırladıb ki, onun həbsində Əli Həsənovun rolu yoxdursa, bu zaman ortaya “Azərbaycanda media siyasətini aparan şəxs kimdir” sualı çıxır: “Jurnalistlərə mənzillərin açarını kim paylayırdı? Niyə paylayır? Çünki, media siyasətini aparan şəxs odur. Onun mənimlə bağlı dedikləri real deyil. Məsələn, deyir ki, Mehman Əliyev Əbülfəz Elçibəyə, özü isə Heydər Əliyevə xidmət edib. Elçibəyə xidmət etmək nə deməkdir? Mən dövlətə xidmət etmişəm. Gəlib 2-3 ay Prezident Administrasiyasında işləmişəmsə, bu o demək deyil ki, Elçibəyə xidmət etmişəm. Mən ümumiyyətlə Elçibəyin komandasında olmamışam, AXC üzvü deyiləm. Məni mütəxəssis kimi dəvət ediblər ki, gəlib onlara kömək edim. Mən də etmişəm. Hamı da bilir ki, necə kömək etmişəm. Bizdən sonra apardığımız işləri heç vaxt yüksək səviyyədə aparılmayıb”. Mehman Əliyev qeyd edib ki, prezident köməkçisinin onun həbsində rolu olmadığı haqda fikirlər işlətməsinə rəğmən öz fikrində qalır: “Mən bu haqda ilk dəfə Sevinc Osmanqızına müsahibəmdə demişəm. Bu müsahibənin üstündən ay yarım keçib. Bir ay yarım ərzində nədən təkzib verilmirdi? Bəs niyə indi təkzib verilir? Bu suala cavabı mən yox, qarşı tərəf verməlidir”. “Turan”-ın rəhbəri bir daha bəyan edib ki, ölkədə medianın vəziyyəti pis vəziyyətdir: “Əli Həsənov deyir ki, medianın durumu əladır, inkişaf edir. Mən də deyirəm ki, vəziyyət pisdir. Ölkədə 12 nəfər jurnalist həbsdədir. Gürcüstanda həbsdə jurnalist var? Və ya Ermənstanda? Heç Rusiyada da yoxdur. Bəs niyə Azərbaycanda var? İkincisi, rəsmi statistikaya görə, bizdə reklam bazarı 8 milyon dollardır. 8 milyon dollar reklam bazarı olar? Bu, mətbuatın necə yaşadığını demək mümkündür? Hansı ölkədə jurnalistə ev tikirlər? Sən niyə müəllim, həkim üçün ev tikmirsən, amma jurnalist üçün tikirsən? Yəni mətbuatın durumu, parametrləri, qəzetlərin durumunu götürdükdə real vəziyyət ortaya çıxır. Qəzetlərin tirajının nə gündə olduğunu siz məndən də yaxşı bilirsiniz. Götürək köşklərin sayını. Bizdə 20-30 min adama cəmi bir köşk düşür. Hansı ölkədə belədir? Avropada 1500 nəfərə bir köşk düşdüyü halda niyə bizdə 20-30 min adama bir köşk düşməlidir? Mən yaşadığım ərazidə təxminən
65 min insan yaşayır, amma cəmi 1 köşk belə yoxdur. Niyə?”.
Mehman Əliyev deyib ki, danışanda ümumi sözlərə deyil, faktlara əsaslanmaq lazımdır: “Hər kəs boş-boş danışa bilər. Mətbuatın inkişaf etdiyi haqda bəyanat verəndə həm də onun arxasında durmaq lazımdır. Mən 2009-cu ildə demişəm ki, Azərbaycan televiziya kanallarına auditoriyanın cəmi 30 faizi baxır. Əgər televiziya kanallarına auditoriya baxmırsa, deməli Rusiya və Türkiyə kanallarına baxır. Mən insanların Rusiya və ya Türkiyə kanallarına baxmasına hörmətlə yanaşıram. Amma sən dövlətsən. Niyə görə sənin vətəndaşlarına başqa kanallar təsir etməlidir?. Əlbəttə, informasiya mübadiləsi, xəbər axını, sizin hansısa xarici kanala baxmanız qaçılmazdır. Ancaq süni şəkildə vəziyyəti bu hala gətirmək və başqa dövlətlərin televiziyası təsiri altına salmaq uğurlu siyasətdirmi?”. Müsahibimiz xatırladıb ki, 15-20 il əvvəl Azərbaycan mediasında indiki qədər təhqir, söyüş olmayıb: “Nəyə görə, indi belə hallar yüksəkdir? 1990-cı illərdə Azərbaycan jurnalistikasında “reket” problemi var idimi? Bəs necə oldu ki, Əli Həsənovun dövründə mətbuatda “reket”lər meydana gəldi? 90-cı illərdə Azərbaycanda hökuməti bəyəm jurnalistləri himayə edir, onlara mənzil tikirdi? Əksinə, jurnalistlər yaşayırdı, mediada keyfiyyətli idi. Axı bunların hamısı faktdır. Mən faktlara əsaslanıb danışıram. Oturaq danışaq görək ki, söhbət hansı uğurlu siyasətdən gedir. Mətbuat Şurasını hansı vəziyyətə gətiriblər? Sanki Mətbuat Şurası hüquq-mühafizə orqanına çevrilib. Ayın 31-də biz Mətbuat Şurasının Etik Komissiyasının iclasını saytımızda işıqlandırdıq. Orada konkret olaraq necə iclas keçirildiyi görünür. Və sonda da redaktorun cibinə pul qoyurlar ki, materialı saytından çıxarsın. Yəni onlara pul veriblər ki, bu məqaləni saytdan çıxarın. Dəllalıqla məşğulsunuz, budur jurnalistika?”. “ANS” televiziya kanalının bağlanmasını yada salan Mehman Əliyev bunun səbəbini də soruşub: “ANS”-i niyə bağladılar? Ona görə ki, reklam bazarı “Xəzər” televiziya kanalına keçsin? “Azad Azərbaycan” televiziya kanalının rəhbərliyi niyə vuruldu və ya kim vurdu? Məqsəd bu kanalın da reklamını ələ keçirmək idi? Sizcə, bu siyasətdir, bu İlham Əliyevə xidmətdir? Mən bunu siyasət hesab etmirəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?