Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev “Gündəm Xəbər” qəzetinə qarşı basqıları pisləyib və Redaksiyanın müdafiəsinə qalxıb. Hüquq müdafiəçisi facebook səhifəsində Prezidentin İctimai Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata qarşı “səlib yürüşü”nü dərhal dayandırmağını tələb edib. Həmin çıxışı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.
“Dostlar, bildiyiniz kimi ölkəmizdə azad mətbuata qarşı basqılar özünün kulminasiya nöqtəsinə çatıb. Televiziya və radiolar xalqın üzünə bağlıdır. Bir dənə də olsun müstəqil qəzet çap olunmur. Son bir ildə 40- dan artıq informasiya resursu, sayta giriş ölkə daxilində bloklanıb. Bəzi mənbələr bu rəqəmin daha artıq olduğunu qeyd edirlər. Hazırda 15- dən artıq jurnalist və blogger həbsdədir ki, Azərbaycan bu göstərici üzrə dünyada 5- ci yerdədir. İnsanlar tənqidi fikirlərinə görə çox asanlıqla şərlənir və həbs olunur və s.
Siyahını uzatmaq olar. Bu yaxınlarda daha bir eybəcərliyin şahidi oluruq. Məmurlar haqqında yazdığı tənqidi yazılara görə, hansısa məmurdan asılı olmadığı üçün "Gündəm- xəbər" qəzetinə əvvəlcə cinayət işi açırlar. Sonra yerləşdiyi nəşriyyatdan küçəyə atılır. Qəzetin əməkdaşları fədakarlıq göstərib çayxanalarda qəzetı çıxarır. Və ən nəhayət prezident aparatından verilən göstərişlə bütün mətbəələr qəzetin çapından imtina edir. Təssəvvür edirsinizmi bir qəzetə qarşı hansı iyrəncilikləri həyata keçirirlər. Sonra da deyirlər ki, Azərbaycanda mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Gundem Xeber qəzetinin kollektivi bildirir ki, bu sifarişlərin başında prezidentin köməçisi Əli Həsənov və Mətbuat Şurası dayanır...
Ola bilər ki, Gundem Xeber qəzetinin mövqeyi ilə kimlərsə razılaşmaya bilər. Amma mövqeyindən asılı olmayaraq hakimiyyətin yanında olmayan bir qəzeti həzm edə bilməmək, ona qarşı səlib yürüşünə çıxmaq mətbuata qarşı bütün sərhədlərin keçilməsi deməkdir.
Gundem Xeber qəzetinə və azad mətbuata qarşı olan təzyiqləri pisləyir, bu təzyiqlərin durdurulmasını tələb edirik. Mətbuat cəmiyyətin aynasıdır. Kimsə özünü o aynada eybəcər görürsə, özünü düzəltsin, aynanı sındırmağa cəhd etməsin!”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?