“Gündəm Xəbər” qəzetinə qarşı basqı və təzyiqləri pisləyirəm. Həftədə bir dəfə nəşr edilən qəzetin fəaliyyətini dayandırmağa yönəlik bu addım heç bir halda qəbul edilməzdir
Bu fikirləri hüquq müdafiəçisi Oqtay Gülaliyev qəzetin Azərbaycan Nəşriyyatından çıxarılması və birtərəfli qaydada müqavilədən imtina edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu addım azad mediaya qarşı həyata keçirilən tədbirlərin davamıdır:
“Təəssüflər olsun ki, bu təzyiqlər hakimiyyətdə təmsil olunan yüksək çinli məmuru tərəfindən gəlir. Üstəlik bu prosesdə “Azərbaycan Nəşriyyatı və digər qurumlar iştirak edir. Qarşıya məqsəd qoyulub ki, “Gündəm Xəbər” sıradan çıxarılsın. Mən bu halı qınayır və pisləyirəm. Hesab edirəm ki, belə xoşagəlməz hal aradan qaldırılmalıdır. Mətbuatın inkişafı üçün ciddi addımlar atılmalıdır”.
Oqtay Gülalıyev hesab edir ki, basqı və təzyiqlər davamlı olacaq. Ona görə, mətbu orqan və ya informsiya resursu ayrı-ayrı məmurları tənqid edirsə, həmin qəzet cəzalandırılır: “Əgər bu tənqidlər qəzetin səhifəsində davam edəcəksə, münasibət dəyişməyəcək. Məncə, Azərbaycanda mətbuata münasibət dəyişməlidir. Vətəndaş cəmiyyəti də bu prosesdən keçib. Azad və müstəqil mətbuat ölkəyə lazımdır. Ancaq əfsuslar olsun ki, yaxın gələcəkdə bu siyasətin dəyişəcəyini gözləmirəm”.
Hüquq müdafiəçisi qeyd edib ki, yüksək çinli dövlət məmuru Prezident köməkçisi Əli Həsənov adi tənqidlərə belə dözümsüz yanaşması və qəzeti cəzalandırmaq niyyətində olması faktının özü təəssüf hissi doğurur: “Ölkədə normal seçki keçirilmir. Sonra kifayət qədər məmurların nöqsan və səhvləri olur. Bunlar xalqdan uzaq düşüblər. Mətbuat da bu səhv və nöqsanları görür, tənqid edir. Bu məmurlar da tənqidləri qəbul etmək iqtidarında deyillər. Bir növ onların səhvini, monopoliya niyyətlərini üzlərinə dedikdə həzm edə bilmirlər. Nəticədə güzgüyə baxıb özlərini düzəltmək əvəzinə vurub güzgünü sındırırlar. Məmurların Azərbaycan mətbuatına qarşı sərgilədiyi mövqe güzgüyə baxıb nöqsanlarını düzəltməkdən daha çox güzgünü vurub sındırmağa üstünlük verirlər”.
Sorğu
Yeni dizaynımız necədir?