Rüfət Məmmədov: “Emil Əbilov deyir ki, “Gəncə Beynəlxalq Xəstəxanası”na ödənilmiş pullar geri qaytarılmır, get kimə, hansı vəzifə sahibinə şikayətini verirsən ver” deyə mənə bu cür cavablar verir”
Hələ bir neçə illər bundan əvvəldən başlayaraq paytaxt Bakı şəhəri ilə bərabər, ayrı-ayrı regionlarda diaqnostika mərkəzləri, özəl səhiyyə müəssisələri inşa olunduqca, hər kəs də belə bir fikir formalaşırdı ki, atılan addımlar Azərbaycan səhiyyəsinin ümumi inkişafına verilən dəstək olacaq. Düzdür, ilk əvvəllər diaqnostika mərkəzlərinə, özəl tibb müəssisələrinə sakinlər daha çox üz tuturdular. Bu da sakinlərin həmin qurumlara olan inamından və etibarından irəli gəlirdi. Bütün bunlara baxmayaraq, hal-hazırda bölgələrdə fəaliyyət göstərən elə səhiyyə müəssisləri var ki, həmin müəssisələrdə sakinlər çox zaman əməlli-başlıca soyğunçuluqla üz-üzə qalırlar. Məsələn, Gəncə şəhərindəki “Gəncə Beynəlxalq Xəstəxanası”nda olduğu kimi. Adı çəkilən səhiyyə ocağında yaşanan olay haqda az-çox məlumatlı olduqca, o halda bilib başa düşürsən ki, həmin ünvana üz tutan sakinlər hansı yolla aldadılıb “tora salınırlar”. Odur ki, Məmmədovgilin ailə üzvlərinin üzləşdikləri olayın mahiyyətini hər kəsin diqqətinə çatdıraq ki, baş verənlərdən xəbərdar olmayanlar da, yaşananlarla bağlı lazımınca məlumatlı ola bilsinlər. Bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”in redaksiyasına Şəmkir rayonu Kür qəsəbəsi M.Müşfiq küçəsi ev-3 ünvanda yaşayan Məmmədov Rüfət Əli oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdu. Adı çəkilən şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “1955-ci il təvəllüdlü anam Məmmədova Məleykə Aslan qızının sağ ayağının baş barmağında təqribən kibrit qutusu ölçüdə əmələ gələn qaralma ilə əlaqədar, onu bu ilin yanvarında Gəncə şəhərindəki “Gəncə Beynəlxalq Xəstəxanası”na apardım. İlk olaraq onu 250 manat pul ödədikdən sonra “anjio” etdilər və anamın müayinəsi ilə məşğul olan həkim Emil Əbilov, aparatın cavabına baxdıqdan sonra bildirdi ki, “ananın ayağındakı damar mütləq əməlliyyat olunmalıdır ki, əmələ gələn problemi aradan qaldırmaq mümkün olsun”. Hətta o, onu da bildirdi ki, “ananın ayağındakı problem 95% aradan qaldırılacaq və əgər onun ayağının “amputasiya” olunmasına ehtiyac duyularsa, o halda təkcə onun ayağının baş barmağı olunacaq”. Bu məqsədlə xəstəxanada məndən iki min manat pul ödəməyimi tələb etdilər. Elə ki, 18 yanvar günü tələb olunan pulun 1500 manatını, 19 yanvarda isə 500 manatını ödədim, o halda ləngimədən anamın ayağını qapalı əməliyyat etdilər. Həmin gün əməliyyatdan çıxan həkim Emil Əbilov məni və xalam İradə xanımı iş otağına çağıraraq “sizi təbrik edirəm, əməliyyat olduqca uğurlu keçdi və Məleykə xanımın baş barmağının əməliyyat olunmasına ehtiyac duyulmadı” dedi. 20 yanvar günü isə, anamı ambulator müalicə olunmaq məqsədilə kafi vəziyyətdə evə buraxdılar. O halda həm çaşbaş qaldım, həm də lazımınca dərk edə bilmədim ki, anamın kafi vəziyyətdə evə buraxılmasına səbəb nə oldu. Çünki, adı çəkilən müəssisə tərəfindən tələb olunan pulu tam şəkildə ödəmişdim. Elə ki, anamı evə gətirdik, üç gün keçmədi ki, onun ayağındakı ağrılar şiddətlənməyə başladı. Təkrar müayinə olunmaq məqsədilə onu “Gəncə Beynəlxalq Xəstəxanası”na apardıqda, bu dəfə həkim bizə “siz nə fikirləşirsiniz, mütləq ananızın ayağı amputasiya olunmalıdır” dedi. Xəstəxanada bu əməliyyatın həyata keçirilməsi üçün, təkrar mənə iki min manat pul ödəməli olduğumu bildirdilər. Hətta, onu da vurğuladılar ki, “əməliyyat zamanı anan dünyasını dəyişərsə, o halda baş verə biləcək ölüm hadisəsinə görə heç bir cavabdehlik daşımırıq” dedikdə, sanki şoka düşdüm. İndi biz başa düşə bilmirik ki, əgər anamın ayağı amputasiya olunmalı idisə, niyə ilk əvvəl onu etmədilər və ödəniş etdiyim iki min manat pulu nə görə ödəmişdim? Bu gün isə, əvvəlcə həyata keçirməyə borclu olduqları əməliyyatın həyata keçirilməsi üçün, məndən təkrar iki min manat pul ödəməyimi tələb edirlər. Elə ki, yanvar ayının 18-də və 19-da ödədiyim iki min manat pulumu geri tələb edirəm, o halda Emil Əbilov bildirir ki, “Gəncə Beynəlxalq Xəstəxanası”na ödənilmiş pullar geri qaytarılmır, get kimə, hansı vəzifə sahibinə, hara, hansı ünvana şikayətini verirsən ver” deyə mənə bu cür cavab verir. Onu da bildirim ki, anamın ayağındakı problemlə bağlı onu adı çəkilən səhiyyə müəssisəsinə aparıb evə gətirənə kimi, üstüstə beş min manatdan çox xərcimiz çıxdı və bizə xeyli miqdarda maddi ziyan dəyib. Bundan əlavə, xəstəxanaya etdiyim ödənişlərlə bağlı ödəniş qəbzlərim də var”. Hörmətli oxucular! İndi olub-keçənlərə birlikdə diqqət yetirək və ortaq məxrəcə gəldiyimiz qənaəti də bir-birimizlə bölüşməyə çalışaq. Məgər, bu gün alıb-aldatmaq zamanıdır, yoxsa qanunlarımız işləmir ki, adı çəkilən səhiyyə müəssisəsində bu cür hoqqalara, bu cür haqsızlığa qol qoyulur? Amma, onu da unutmaq olmaz ki, ölkəmizin hər bir guşəsində fəaliyyət göstərən səhiyyə müəssisələri qəbul olunmuş qanunlar çərçivəsində fəaliyyət göstərməyə, vətəndaş hüquqlarını qorumağa birbaşa borcludurlar. Bu belə olduğu halda sual oluna bilər ki, “Gəncə Beynəlxalq Xəstəxanası”nda qol qoyulan bu cür haqsızlığa nə ad vermək olar? Amma, biz o hala da inanırıq ki, yaşanan olayla bağlı məlumatlı olan cənab Oqtay Şirəliyev və digər vəzifə sahibləri, olduqca imkansız olan ailənin üz-üzə qaldığı problemlə yaxından maraqlanıb həllinə də çalışacaqlar. Çünki, ağır durumda olan bir Azərbaycan xanımını xilas etmək üçün, ailə üzvləri təkrar iki min manat ödəmək imkanına malik deyillər. Dərc olunanlarla bağlı qarşı tərəfi də dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?