''Dostlar, Klassik Xalq Cəbhəsi Partiyasının sədrliyinə (KXCP) namizədliyimi irəli sürdükdən sonra partiya daxilində və kənardan mənə çox saylı suallar ünvanlanır. Vəd etdiyim kimi həmin sualları cavablandırmağa çalışacam. Bütün fəaliyyətimi şəffaflıq, aşkarlıq prinsiplərinə uyğun qurmağa çalışdığımdan həmin suallara burdan, açıq cavab vermək istəyirəm.
Mənə ünvanlanan çox saylı suallardan biri Milli Şura ilə bağlıdır. Sual verilir ki, partiyanın sədri seçilərsinizsə Milli Şura ilə KXCP- nin münasibətləri necə olacaq? Digər sual ondan ibarətdir ki, KXCP sədri seçilə bilməsəniz növbəti addımlarınız nə olacaq?
Birinci suala cavabım budur ki, KXCP- nin Milli Şura, AXCP, Musavat, REAL və digər qurumlarla münasibəti partiyamızın Ali Məclisinin qərarı ilə tənzimlənəcək. Bu münasibətlər zamana, şəraitə uyğun olaraq ikitərəfli və çoxtərəfli ola bilər. Və ya KXCP təkbaşına da fəaliyyət göstərə bilər. İndidən nəsə demək düzgün alınmaz. Amma bir şeyi dəqiq və əminliklə deyə bilərəm; Mən KXCP- nin sədri seçilərəmsə partiyamız mübarizənin önündə olacaq. Rəsulzadə- Elçibəy ideyalarının gerçəkləşməsinə çalışan, Azərbaycanda demokratiya və azadlıq uğrunda gerçək mübarizə aparan bütün qurumlarla yaxından əməkdaşlıq edəcək. Amma partiyamızın əsas güvənc və istinad nöqtəsi Azərbaycan xalqı olacaq. “Hakimiyyətin yeganə mənbəyi xalqdır” prinsipinə söykənərək “ölkədə dəyişikliyin yeganə qüvvəsi də xalqdır” tezisinə uyğun olaraq xalqla işləyəcəyik. Diktaturadan demokratiyaya keçidin təmin olunması ilə bağlı yerli şəraitə və beynəlxalq təcrübəyə uyğun olaraq xalqla necə təmas quracağımıza dair Xüsusi Konsepsiya hazırlayacayıq. İnanıram ki, inşallah xalqımızın gücü ilə ölkəmizə Demokratiya və Azadlıq gətirəcəyik.
Sualın 2- ci hissəsinə cavab olaraq bildirim ki, KXCP- nin sədri seçilsəm də, seçilməsəm də mübarizəmiz davam edəcək. Sədr seçilməsəm partiyanın sıravi üzvü olaraq yenə də partiyada qalacam və fəaliyyətimi davam etdirəcəm. Bir daha təkrar etmək istəyirəm ki, bizim davamız sədrlik davası deyil. Azərbaycan xalqının haqqı və hüququ uğrunda apardığımız ləyaqət və şərəf mübarizəsidir. Mənim məqsədim KXCP- nin sədri seçilərək partiyanı Elçibəy prinsiplərinə uyğun olaraq mübarizənin önünə çıxarmaq, ölkənin aparıcı qüvvəsinə çevirməkdir. Mən inanıram ki partiyamızın çoxsaylı fədakar, mübariz üzvlərinin iştirakı, xalqımızın dəstəyi ilə məqsədlərimizə nail olacayıq. Tanrı xalqımıza yardımçı olsun!
P. S. Növbəti sual; “Namizədliyinizi niyə facebook üzərindən elan etdiniz?”, “Hakimiyyətlə dialoqa necə baxırsınız?”. Bu sualları da növbəti yazılarımda cavablandırmağa çalışacam.''
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?