Azərbaycan Respublikasının Ziyalılarına, Siyasi partiyalarına, İctimai təşkilatlarına, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə, öz vəzifələrini icra etmək imkanında olan dövlət məmurlarına, işıqlı gələcək uğrunda mübarizə aparan gənclərinə, millətini sevən vətənpərvər insanlarına, bütün ictimai-siyasi fəallarına və s.
M Ü R A C İ Ə T
Biz, sosial vəziyyətləri çətin olan 220-dən çox ailə 6 (altı) ildir ki, yüksək səviyyəli dövlət məmurlarının, Baş pokurorun və onun yanında Korrupsuiyaya qarşı Mübarizə Baş İdarəsinin, Daxili İşlər Nazirliyinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin şəbəkə halında himayədarlığı nəticəsində potensial korrupsionerlər – Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox mütəşəkkül korrupsiya, dələduzluq və quldurluq əməllərinin məngənəsində boğuluruq və acınacaqlı həyat tərzinə düçar olunmuşuq. Bu səbəbdən ağır şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırıq, sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, hətta bu və bu kimi səbəblərdən dünyasını dəyişənlərdə olmuşdur. XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq. Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov yuxarıda göstərilən müdhiş cinayətin ideyaçısı, təşkilatçısı, həm də birbaşa icraçısı olmaqla bu cinayəti “PİRAMİDA” formasında təşkil etmişdir. “PİRAMİDA”nın üzvləri FƏRZƏLİYEVÇİLƏR – Nərimanov RİH-in müvafiq qurumlarının, Nərimanov rayon Polis İdarəsinin (RPİ-in) müvafiq qurumunun, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumlarının və s. vəzifəi şəxsləri olmuşlar. Sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün isə “işbaz” kimi qeyri-sağlam əqidəli Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilmişdir. Məzahir Nəsibovun da bu məsələ üzrə 10 nəfərdən çox “makler”ləri olmuşdur. Belə ki, yaşayış binalarının və evlərin tikintisinə rəvac vermək, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görmək dövlət siyasəti olduğu halda, Bakı şəhəri Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun təşkilatçılığı ilə müxtəlif təbəqələrdən olan korrupsiyalaşmış dövlət məmurları öz statuslarından, təmsil etdikləri orqanların statuslarından, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə bizim kimi sosial vəziyyətləri çətin olan 220-dən çox ailəni “ev vermək” adı ilə sərfəli vədlərlə aldadaraq, bizlərin kiçik evlərini və torpaq sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırıb, dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərimizə görə aldıqlarımız və s. cəmi 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pullarımızı mənimsəmişlər. Bu məqsədlə Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində – F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini sosial vəziyyətləri çətin olan ailələrə güzəştli satış kimi alət edilmiş və Respublikanın müxtəlif regionlarından gözdən əlil olmayan insanlar müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri ciddi şəkildə pozulmaqla, hətta dövlət məmurlarının hazırladıqları saxta dövlət sənədləri əsasında bizlər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az.GƏC) razılığı olmadan Nərimanov rayon Polis İdarəsi (RPİ) tərəfindən Bakı şəhəri, F.X.Xoyski prospekti, 123A ünvanına (Az.GƏC-in yataqxanası) pasport qeydiyyata alınmışıq və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizlərin “Mənzil növbəsinə götürülməyimiz haqqında” Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev qanunsuz sərəncamlar vermişdir. KORRUPSİYA MƏSULİYYƏTİNDƏN YAYINMA SSENARİSİ Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiya əməliyyatları tərəfimizdən aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi və Abidin Fərzəliyev özünün və korrupsiyanın gücünün nümayiş etdirmək üçün bizlərə məlumat verilmədən bu barədə hazırlanmış bütün sənədləri, o cümlədən mənzil növbəliliyi barədə özlərinin verdikləri sərəncamları, məhkəmə qərarı olmadan və əvvəlki qeydiyyatlarımız bərpa olunmadan pasport qeydiyyatlarımızı ləğv etmişlər. Özlərinin ortağı olan və 220-dən çox nəfərdən birbaşa pulların alınmasında iştirak edən Məzahir Nəsibovu isə onun özünə yaxın bildiyi insanlarla birgə (Məzahir Nəsibovun ailəsi, qayınatasının ailəsi və bu işdə onun maklerlərindən biri Niftəliyev Seycamal Pirzada oğlu, cəmi 9 nəfər) 2016-cı ilin mart ayında yaşamaq üçün Almaniya dövlətinə göndərmişlər (məqsəd: birbaşa olan şahidi yox etmək).
[center]
Bununla belə FƏRZƏLİYEVÇİLƏR özlərinin mütəşəkkil korrupsiya və dələduzluq əməllərini Almaniyaya qaçırtdığı ortaqları Nəsibov Məzahir Dursun oğlunun və Niftəliyev Seycamal Pirzada oğlunun üzərinə yönəltməklə, Nərimanov rayon prokurorluğunda Nəsibov Məzahir Dursun oğlu barəsində 11.04.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 ci – “Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açılmış və 09.07.2016-cı il tarixdə həmin maddə ilə təqsirli bilinmişdir. 18.01.2017-ci il tarixdə isə Niftəliyev Seycamal Pirzada oğlu həmin maddə ilə təqsirli bilinmişdir. Əlavə olaraq, 12.07.2016-cı il tarixdə Nəsibov Məzahir Dursun oğlu barəsində Məhkəmə qərarı ilə qiyabi həbs qəti imkan tədbiri seçilmişdir. Məzahir Nəsibovun Azərbaycana qayıtmaq fikrinə düşməməsi üçün həm də onun Azəbaycandakı mülkiyyətlərini qanunsuz olaraq zəbt etdirmişlər. Bununla da dələduz Məzahir Nəsibovun Respublikada olmadığı nəzərə alınaraq, cinayət işi Nərimanov RPİ-də dayandırılmışdır. Bu dayandırılma 15 may 2017-ci il tarixinədək müxtəlif üsullarla bizdən gizlədilmiş və əlaqədar dövlət orqanlarına istintaqın davam etdirilməsi barədə yalan məlumatlar verilməklə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən olduqca böyük və bağışlanılmaz cinayət hadisəsinə himayədarlıq etmişlər. Bu baxımdan 2016-cı ilin mart ayının sonlarından Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun Almaniyaya göndərdiyi cinayətkarlar – Nəsibov Məzahir Dursun oğlu və Niftəliyev Seycamal Pirzada oğlu Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin qeyri-sağlam məqsədli fəaliyyətləri nəticəsində bu günədək qəsdən Azərbaycana gətirilmir. Baxmayaraq ki, hüquq mühafizə orqanları əməkdaşları həmin cinayətkarların məskunlaşdığı ərazi barəsində dəqiq məlumata malikdirlər, hətta onlarla skype və telefon danışıqları da mövcuddur. Hətta, Nəsibov Məzahirin qardaşı Nəsibov Faiq bu məsələdə “makler”lərdən biri olmasına baxmayaraq, bu günə qədər istintaqa cəlb edilməmişdir.
Nəhayət, 1 ildən artıq müddətdən sonra – 2017-ci ilin may ayında həmin məsələ yenidən baxılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir.
İBTİDAİ İSTİNTAQIN HİMAYƏDARLIĞI
Korrupsiya qarşı Mübarizə Baş idarəsində 160066056 nömrəli cinayət işi üzrə aparılmış ibtidai istintaqda da yenidən Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiyasına himayədarlıq edilmiş və məqsədli şəkildə onların cinayətləri ümumiyyətlə istintaqdan gizlədilmiş, bəzi hallarda isə bu cinayətlərə qiymət verilməmişdir. Ona görə də ibtidai istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etməmişdir. Korrupsiya qarşı Mübarizə Baş idarəsi tərəfindən həmin cinayət işi üzrə ibtidai istintaq aşağıdakı 2 istiqamət üzrə aparılmışdır. I İSTİQAMƏT – mütəşəkkil korrupsiya və dələduzluqdan yayınma, ana xətt: baş vermiş mütəşəkkil korrupsiyanın əsas fiquru olan Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin “toxunulmazlığı” gözlənilmışdir. II İSTİQAMƏT – Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN baş vermiş mütəşəkkil korrupsiyasını ictimaiyyətdən gizlətmək məqsədilə bizlərin Az. GƏC-in yataqxanasına qanunsuz olaraq qeydiyyata alınmağımızın Abidin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirməyən hissəsi üzrə araşdırma aparılmışdır. Bu prosesdə Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və FƏRZƏLİYEVÇİLƏR tərəfindən hazırlanmış və təsdiq edilmiş əsassız və qanunsuz dövlət sənədləri əsasında baş vermiş mütəşəkkil korrupsiyaya əsassız və aidiyyatı olmayan ittihamlarla aşağıdakı 3 nəfər qurban müəyyənləşdirilmiş və onların Azərbaycan Respublikası CM-nin dələduzluq və vəzifə saxtakarlığı (178.3.2 və 313-cü) maddələrilə ittiham olunması ilə yekunlaşdırılmışdır: Şıxəliyev Yomətdin Məlik oğlu – Nərimanov RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi; Abdullayev Səmyar Abdulla oğlu (I qrup gözdən əlil) – qeyri-hökumət təşkilatı olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri; Şükürov Hikmət Hüseyn oğlu (I qrup gözdən əlil) – qeyri-hökumət təşkilatı olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin işçisi yox, on minlərlə üzvlərindən biri. Korrupsiya qarşı Mübarizə Baş idarəsində aparılmış ibtidai istintaqda da yenidən Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiyasına himayədarlıq edilmiş və məqsədli şəkildə onların cinayətləri ümumiyyətlə istintaqdan gizlədilmiş, bəzi hallarda isə bu cinayətlərə qiymət verilməmişdir. Ona görə də ibtidai istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etməmişdir. Belə ki: • qanunsuz sərəncamların sayı 220-dən və bu sərəncamlara görə bizim zərərimizin məbləği 12.500.000,0 manatdan çox olduğu halda, istintaq prosesində 145 ədəd sərəncam üzrə araşdırma aparılmış, zərərin isə 6.500.000,0 manatdan çox olduğu göstərilmişdir. (kənarlaşma: 75 sərəncam üzrə 6.000.000,0 manat az) • 220-dən çox vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə 12.500.000,0 (on iki milyon beş yüz mindən) manatdan çox pullarımızın mənimsənilməsinə səbəb olan dövlət məmurları tərəfindən, o cümlədən Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN birbaşa iştirakı ilə normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla hazırlanmış Nərimanov RİH-in qanunsuz sərəncamlarının və onların əsaslarını təşkil edən əsassız və saxta sənədlərin qanuniliyinə qiymət verilməmişdir; • Respublikanın müxtəlif regionlarında yaşayan və mülkiyyətə sahib olan insanların əvvəllər qanunsuz olaraq Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Az.GƏC-in yataqxanasına alındıqları qeydiyyatları və ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməkləri barədə Nərimanov RİH-in qanunsuz sərəncamları ləğv edildikdən sonra, həmin insanları “əlil kimi ev vermək” adı ilə təkrarən aldadaraq, saxta əlillik statusu alınmaq üçün bilərəkdən qanunsuzluqlara təhrik edilmələrinə, həm də onların təkrarən pullarının mənimsənilməsinə və Nərimanov rayon Polis İdarəsinin inzibati binasına (ünvan: Bakı şəhəri, T.H.Məmmədov küçəsi, 9) pasport qeydiyyatına alınmaqları və Nərimanov RİH-in sərəncamları ilə əlil kimi təkrarən mənzil növbəsinə götürülməkləri barədə qanunsuzluqlara hüquqi qiymət verilməmişdir. Bu cinayət hal-hazırda da davam etdirilir; • “Mənzil növbəsinə götürülməsi haqqında” Nərimanov RİH-in 220-dən çox adı çəkilən sərəncamlarından 61ədəd sərəncamın (dövlət sənədinin) başqa şəxslərə satılmasına və bu barədəki notarius sənədlərinə hüquqi qiymət verilməmişdir; • bizlərdən 12.500.000,0 manatdan çox pulların alınmasında iştirak edən və hər biri dələduzluq yolu ilə gəlir əldə etmiş qeyri-sağlam əqidəli 10 nəfərdən çox “makler”lər nəinki qanunvericiliyə uyğun ittiham olunmamış, hətta bunlardan 6 nəfəri əsassız və məqsədli şəkildə zərərçəkmiş şəxslər kimi tanınmışlar; • Nərimanov RİH-in sərəncamlarına məsul olan başda Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov olmaqla dövlət məmurlarının, pasport qeydiyyatına məsul olan polis əməkdaşlarının, notariusların, bu işdə “makler”lik etmiş 10-a qədər şəxsin cinayətkar əməllərinə hüquqi qiymət verilməmiş və onların məsuliyyətləri müəyyənləşdirilməmişdir və s..
Bununla da Korrupsiya qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılan istintaq Nərimanov RİH başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN “eviniz olacaq” adıyla 220-dən çox ailəni aldadaraq mənimsədikləri 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pula tam sahib olmasına nəinki köməklik məqsədi daşımışdır, həm də bizlərə mənəvi zərər vurmuşdur.
MƏHKƏMƏ HİMAYƏDARLIĞI
İlk növbədə yuxarıda göstərilən nöqsanlarla, ümumiyyətlə baş vermiş cinayətin mahiyyətini və məzmununu əhatə etməyən, Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiyasına himayədarlıq edilən Korrupsiya qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılmış ibtidai istintaq materialları qanunsuz olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaq üçün qəbul edilmişdir. Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cənab Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkənlərin təxminən 70%-i dindirilmiş və hamısı da bu cinayətdə ittiham olunan 3 nəfəri tanımadıqlarını bildirmişdir. Bununla belə, hər bir zərərçəkən ifadələrində bu cinayətdə Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN himayədarlığına son qoyulmasını və mənimsənilən pulların bu korrupsionerlər tərəfindən ödənilməsini tələb etmişlər. Bütün bu yuxarıda göstərilənlər, o cümlədən Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və onun birinci müavini Şahmar İbadovun istintaqa cəlb olunması tələb olunduqda hakim Novruz Kərimov bizim səsimizi batırmaq üçün bizə hücum formasında üzərimizə konvoy cağırır və bizi 8 sutkalıq həbslə hədələyir. Hal-hazırki məhkəmə prosesində spesifik məhkəmə manevrlərilə Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN KORRUPSİYA MƏSULİYYƏTİNDƏN YAYINMA SSENARİSİ üzrə bu mütəşəkkil korrupsiyaya himayədarlıq edilir və bizim mənimsənilmiş pullarımıza “FATİHƏ” verməyə çalışılır. Bu qeyd olunanlarla əlaqədar sual olunur: • dövlət məmurları – Abidin Fərzəliyev və FƏRZƏLİYEVÇİLƏR tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz sərəncamların verilməsinə səbəb olan 220-dən çox ailədən 12.500.000,0 (on iki milyon beş yüz min) manatdan çox pulların mənimsənilməsi – mütəşəkkil korrupsiya amili deyilmi? Beləliklə, dövlət məmurları tərəfindən törədilən yuxarıda göstərilən cinayətin məqsədi sosial vəziyyətləri çətin olan ailələrin (bizlərin) pullarını mənimsəmək, mahiyyəti isə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə sosial vəziyyətləri çətin olan ailələrdən (bizlərdən) mənimsədikləri pulları öz şəxsi məqsədləri üçün istifadə etməkləri olmuşdur. Bu baxımdan hesab edirik ki, Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN baş vermiş cinayətinin əsas amili korrupsiyadır. Dələduzluq faktları isə korrupsiya nəticəsində baş vermişdir. Bu müraciətimizdə göstərilən qanunsuzluqlar və cəzasızlıqlar korrupsiyanı «qanun», korrupsioneri isə «ədalətli» hökmdar etmişdir. Əlavə olaraq, bir daha qeyd edirik ki, 12.500.000,0 manatdan çox mütəşəkkil korrupsiyaya səbəb Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin 220-dən çox “sehri bu günə qədər açılmayan” qanunsuz sərəncamları olmuşdur. Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin bu göstərilən sərəncamları əsasında baş vermiş dəhşətli və mütəşəkkil korrupsiyaya hüquqi qiymət verilmədən, bu cinayət əməllərinə görə Abidin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN korrupsioner kimi məsuliyyətə cəlb olunmadan Nərimanov RİH-in ən aşağı vəzifəsini tutan – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Şıxəliyev Yomətdin Məlik oğlunun və qeyri-hökumət təşkilatının üzvəri olan 2 gözdən əlilin – Az. GƏC-in sədri Abdullayev Səmyar Abdulla oğlunun və həmin cəmiyyətin sıravi üzvü Şükürov Hikmət Hüseyn oğlunun dələduz kimi ittiham olunmaqları ən azı ədalətsizlik və qeyri obyektivlikdir.
Bununla da sərəncamların hazırlanmasına məsul olan və hazırlanmasında birbaşa iştirak edən səlahiyyətli dövlət məmurları – Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev, Başçının I müavini İbadov Şahmar Bəybaba oğlu, Hüquq şöbəsinin müdiri Calalov Firdovsi Savalan oğlu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Həsənov Əli Oruc oğlu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyev və s., Az. GƏC adından verimiş saxta razılıq məktubları əsasında bizləri qanunsuz olaraq Az. GƏC-in yataqxanasına qeydiyyata almış Nərimanov rayon Polis İdarəsinin məsul vəzifəli şəxsləri, İcra Hakimiyyəti sərəncamlarının (dövlət sənədinin) başqa şəxslərə satılmasında iştirak edən notariuslar, bizlərdən pulların birbaşa alınmasında iştirak edən və təhrikçi olan 10 nəfərdən çox “makler”in cinayət məsuliyyətindən kənarlaşdırılmışdır. Bu göstərilənlərlə saysız-hesabsız faktlarla dəfələrlə (700-dən çox) Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarına, Milli Məclisinə (hətta 125 deputatın hər birinə), Ombudsmanına, Konstitutsiya Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasının hər bir üzvünə olan müraciətlərimizə, qısamüddətli mədəni piketlərdə, ölkə mediasında – internet TV-lərdə, saytlarda və qəzetlərdə silsiləli olaraq işıqlandırılmasına baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər FƏRZƏLİYEVÇİLƏR barədə heç bir tədbir görülməmiş, onların dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi zərərlərə göz yumulmuş və onların fəaliyyətlərinə heç bir hüquqi qiymət verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu mütəşəkkil korrupsiyada adları qeyd olunan şəxslərin fəaliyyətlərinə hüquqi qiymət verilməsi üçün məhkəmə istintaqına cəlb edilməsinə, qanunvericiliyə uyğun cəzalandırılmasına, bizim hüquqlarımızın bərpasına və bizə vurulmuş zərərin ödənilməsinə, dövlət məmurlarının yuxarıda göstərilən qanunsuz hərəkətlərinin ört-basdır edilməsində bir-birlərinə yardım edən prokurorluq və polis orqanlarının fəaliyyətlərinə qiymət verilməsinə köməklik edəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk!
Sorğu
Yeni dizaynımız necədir?