Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsindən çıxarılsa da, onun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqları davam etməkdədir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən, bu gün artıq sabiqə çevrilən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb.
Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri saymaqda idi. 10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirdilər və bu gün də vəziyyət dəyişməyib. Bununla belə, işçilər də, sahibkar da nəhayət ki, obyektin blokadadan çıxacağı günü ümidlə gözləyirlər. Sahibkar Fəxrəddin Bağırov “Yeni Müsavat”a deyib ki, icra başçısı işdən çıxarılandan sonra ölkə rəhbərliyinə məktub yazıb.
Məktubda prezidentin Ramiz Yediyarov haqda verdiyi ədalətli qərarın rayon əhalisinin, xüsusən Yediyarov və ətrafı tərəfindən hüquqları pozulmuş iş adamlarının böyük sevincinə səbəb olduğunu bildirib: “Ölkə başçısına öz adımdan, ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirmişəm. Ümid edirəm ki, Yediyarovun və ona cinayət ortağı olmuş şəxslərin haqqında hüquqi tədbir də görüləcək. İnanıram ki, ölkənin Konstitutsiya və qanunlarını kobudcasına pozan, ölkə rəhbərliyinin tövsiyyə və tapşırıqlarınıza məhəl qoymayan bu insanlar tezliklə qanun qarşısında cavab verəcəklər. Mən, ailəm və yaxınlarım bundan sonra da prezidentin siyasi xəttini müdafiə etməkdə qərarlıyıq”.
Sahibkar Fəxrəddin Bağırov deyib ki, 6 aydır işsizdir, çıxılmaz durumdadır: “İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra işsiz qalıblar. Ara-sıra telefonla danışırdım, o gün rayona getdim. Onlar da obyektin qapılarının açılacağı günü gözləyirlər. Ümid edirik ki, Ramiz Yediyarovun bizə qarşı qanunsuzluqlarına hüquqi qiymət veriləcək. Böyük ziyan çəkmişik, dövlətə vergi ödəyə bilməmişik. İşçilərimin ailələri ağır maddi çətinliklərə düçar olublar. Bütün bunlar Ramiz Yediyarovun ona etibar olunan vəzifədən sui-istifadə etməsi, dövlətimn gücündən sahibkarlara qarşı istifadəsi üzündən baş verib. Biz dövlətimizin güclü, məmurlarımızın ədalətli və prezidentə sadiq olmalarını istəyirik. Ramiz Yediyarov kimi sui-istifadəyə yol verən, narazılıq yaradan məmurların cəzasız qalmamalarını xahiş edirik”.
“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən yazır ..." sərlöhvəli reportajda bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkar ötən müddətdə prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova məktublar yazıb, qanunsuzluqlar edən başçının cəzalandırılmasını xahiş etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?