Mərkəzi Aran rayonlarında insanlar qızmar yay günlərində çətin problemlə üzləşiblər. Hərarətin yüksək olduğu bu bölgədə əkin- biçinlə məşğul olan yeri sakinlər, fermerlər su qıtlığından əziyyət çəkirlər.
Problemi doğuran səbəblərdən biri su ehtiyatının düzgün bölünməməsi və idarə olunmaması ilə bağlıdırsa, digər problem su kanallarının illərlə təmizlənməməsi, qazılmaması və məmur laqeydliyi ilə əlaqədardır. Hazırda pambıq, taxıl, yonca və s. əkən yerli sakinlər və fermerlər əkinlərini suvara bilmirlər. Yaranmış durumdan narahatçılığını bildirən İmişli rayon Xəlfəli kənd sakini, fermer Novruzov Cavid qeyd edir ki, əkdiyi məhsulu suvara bilmədiyindən çəkdiyi əziyyətin məhv olması təhlükəsi ilə üzləşib; “Problemlə əlaqədar olaraq dəfələrlə yerli və mərkəzi aidiyyatı qurumlara müraciət etsəm də heç bir nəticə əldə olunmur. Qaynar xətlər işləmir. Vəzifəli şəxslər bizi eşitmir. İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov bu işə əsas məsul şəxs olsa da problemin həlli ilə bağlı heç bir addım atmır. Bu gün rayonda kimin imkanı, vəzifəsi, arxası varsa onun sözü keçir. Daha çox bu şəxslərin yeri suvarılır. Bizim kimi arxasız, adamsız adamların min bir əziyyətlə becərdiyi məhsul məhv olur. Hər yerdə, hər işdə olduğu kimi bu işdə də ayrı- seçkilik edirlər. Yaxşı bəs biz dərdimizi kimə deyək? Dövlət başçısının çağrışı ilə pambıq əkdik, becərdik, məhsulun yetişməsi ərəfəsində son suvarmanı həyata keçirə bilmirik. Kimsə bizə eşitmir. Ölkənin bu qədər su ehtiyyatı olduğu halda biz əkin yerlərimizi suvara bimirik. Biz əkin yerlərini suvara bilməyəcəkdiksə bu məhsulu əkməyə dəyərdimi?” Cavid Novruzovun bildirdiyinə görə su problemi ilə təkcə o üzləşməyib, rayonda xeyli sayda yerli sakin və fermerlər də bu problemdən ciddi əziyyət çəkir. Göründüyü kimi isti yay günlərində insanlar su imtahanına çəkilib. Yerli məmurlar və aidiyyatı qurumlar problemin həlli ilə məşğul olmurlar. Halbu ki, dövlət büdcəsindən hər il Meliorasiya və Su Təsərrüfatı ASC- nə böyük həcmdə vəsaitlər ayrılır. Amma görünən odur ki, bu vəsaitlər aidiyyatı üzrə xərclənmir. Xərclənsəydi İmişli rayonunda və digər ətraf bölgələrdə insanlar su problemindən əziyyət çəkməzdi. Bu bölgədə illərlə arxların, su kanallarının qazılmaması, drenaj sisteminin bərbad vəziyyətdə olması, su təsərrüfatının düzgün idarə olunmaması bölgədə ciddi problemlər yaradıb. Məhz bu səbəbdən İmişlidə 1000- lərlə hektar torpaq əkilmir və ilbə il şoranlaşır. Yararsız hala düşür, məhsuldarlıq sıfıra enir. Görəsən əkin sahələrinin məhv olması, suvarma sistemlərinin sıradan çıxması, su təsərrüfatının düzgün idarə olunmaması bu sahəyə baxan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni narahat edirmi? Axı illərdir bu sahəyə milyardlar ayrılır, müasir texnikalar alınır. Görəsən bu pullar hara xərclənir? 2010- cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarının acı fəsadlarını nə tez unutduq. Axı həmin daşqınların baş verməsinin bir səbəbi də ölkədə su təsərrüfatının düzgün idarə olunmaması və çayların, su kanallarının lildən təmizlənib qazılmaması ilə bağlı idi. Bu sahəyə milyardlar ayrılmasına baxmayaraq...
P. S. Mövzunu diqqətdə saxlayacayıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?