Bu da bir həqiqətdir ki, tarixdə ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin cəmiyyət həyatında oynadıqları rol hər zaman alimlərin, mütəfəkkirlərin, bir sözlə tanınmış simaların, hətta ayrı-ayrı fərdlərin olsun belə diqqət mərkəzində saxladığı məsələlərdən biri olub.
Bu gün də bu anlayış öz aktuallığını saxlamaqdadır. Tarixdə ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin formalaşmaları haqda indiyə kimi müxtəlif fikirlər irəli sürülüb və o da qeyd olunub ki, onlar müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edən və baş verən hadisələri müəyyən istiqamətdə dəyişdirməyi bacaran şəxlər olublar. O da məlumdur ki, bu anlayış və onun psixologiyası dərin köklərə malikdir və bu sahə bir eksperimental elm olaraq, məhz XX əsrin birinci onilliyindən meydana gəlmiş və bununla bağlı əhatəli tədqiqat işləri də aparılmışdır. 20-ci əsrin parlaq simalarından biri də, mübariz inqilabçı, ictimai-siyasi xadim, diplomat, jurnalist, publisist, görkəmli dövlət xadimi və yaşadığı dövrün çətinlikləri əhatəsində bir ictimai-siyasi xadim, tanınmış şəxsiyyət kimi formalaşan, eyni zamanda Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin (Iran) nümayəndəsi, bundan əlavə 1945-ci və 1946-cı illər ərzində Azərbaycan Milli Hökumətində Baş Prokuror vəzifəsini daşımış Firudin Qəni oğlu İbrahimi olmuşdur. Bu şəxs 21 noyabr 1918-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olur və bir müddət keçdikdən keçdikdən sonra, milli demokratik hərəkatın rəhbərlərindən birinə də çevrilir. 1943-cü ildə İran Xalq Partiyasının üzvü olan Firudin İbrahimi, 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsində ali təhsilini başa vurur. O, hələ bu ali təhsil ocağında tələbə olarkən inqilabi hərəkata qoşulur və çox keçmir ki, İran Xalq Partiyasının Təbriz şəhərində nəşr olunan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru vəzifəsini də daşıyır. Firudin İbrahimi Tehran Universitetinin məzunu olarkən o, Azərbaycan türkcəsindən əlavə fars, fransız və ərəb dillərini də mükəmməl bilir. Həmin vaxtlarda İranın Xarici İşlər Nazirliyi və “İttilaat qəzeti” tərəfindən ona əməkdaşlıq etmək yöndə təklif verilsə də, o, həmin təklifi rədd edir və xalqına xidməti, imperializmə, daxili irticaya qarşı ardıcıl mübarizə aparmağı, birbaşa özünün əsas vəzifəsi hesab edərək, çox keçmədən ana yurduna-Azərbaycana qayıdır. Bu şəxs eyni zamanda dövrünün eybəcərliklərini, yəni imperializmi və ölkə daxili satqınların əməllərini ifşa edən publisist məqalələrini "Ettelat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə dərc etdirir. 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilir, 12 dekabr 1945-ci ildə isə, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru vəzifəsinə təyin olunur. O, 10 avqust 1946-ci ildə Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən sülh konfransında Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi olaraq iştirak edir. Həmiin konfransın iclaslarında iştirakının nəticəsi olaraq o, Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr–10 dekabr 1946-cı il tarixləri arasında işıq üzü görmüş 23 sayında “Sülh uğrunda” başlığı altında geniş hesabat xarakterli məqalələr çap etdirir. Bu şəxs konfransa yola düşdüyü gündən geri dönənə kimi, göndərdiyi hesabatlarını adı çəkilən mətbu orqanda dərc etdirməklə bərabər, Azərbaycanı, öz xalqını, milli varlığını, qurduqları Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını daim təbliğ etməyi özünün fəaliyyət istiqamətində əsas xətt hesab edir. Hətta, son nəfəsinə kimi belə bir prinsiplərə sadiq də qalır. Ümumiyyətlə, Firudin İbrahiminin mədəniyyətimiz, tariximiz barədə dərc etdirdiyi məqalələri, xalqımızın milli qürur hissinin oyanmasında mühüm rol oynayır. Onu da vurğulayaq ki, Paris Sülh Konfransı barədə Seyid Cəfər Pişəvəri keçirilən konfransın gedişi haqda Firudun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumatlar əldə edir və o, 3 sentyabr 1946-cı ildə Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş tədbirdə çıxışı zamanı, bütün bunları fəxrlə qeyd edərək deyir: “İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar”. Bir faktı da qeyd edək ki, Firudin İbrahiminin gənc yaşlarından belə bir ruhda formalaşmasına əsas səbəb, onun atası Qəni İbrahiminin vətənin istiqlalı və azadlığı uğrunda mübariz olması, imperializmə və irticaçı qüvvələrə qarşı barışmaz mövqe ortaya qoyması, həmçinin vermiş olduğu ailə tərbiyəsi, eyni zamanda öz düşüncələrini daim ona aşılaması və s. kimi amillərin varlığı əsas rol oynayır. Çünki, Qəni İbrahimi də öz dövrünün müasir düşüncəli ziyalılarından biri olmuş və Gilan əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra, o, Firqənin Astara şəhərində yerli təşkilatının əsasını yaradan şəxs olur. Qəni İbrahimi 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzəli şəhərində keçirilən ilk konqresində iştirak etdikdən və İran Kommunist Partiyası yaradıldıqdan az sonra, Astarada həmin partiyanın yerli təşkilatının əsasını yaradır. Bu şəxs bir neçə dəfə kommunist düşüncəli fəaliyyətlərinə görə məhbəs həyatı yaşayır və 1931-ci ilin sonlarında polis əməkdaşları tərəfindən Ərdəbil şəhərinə aparılıb təhvil verilir. Az sonra oradan da Təbrizə köçürülür. Bir müddət sonra isə, Təbriz həbsxanasından Tehranın Qacar Qəsri həbsxanasına köçürülür və o, iki illik həbs həyatından sonra bərk xəstələnir. Belə bir səbəbdən də, onu həbsdən azad edib Nəhavənd rayonuna sürgün edirlər. Qəni İbrahimi sürgündə olsa da, heç bir halda mübarizə yolundan çəkilmir. Elə ki, 2-ci Dünya Müharibəsi zamanı İranda azadlıq hərəkatı yeni mərhələyə qədəm qoyur, o halda Qəni İbrahimi Nəhavənddə Tüdə Partiyası təşkilatının təməlini qoyur. O, 1946-cı ilin dekabr ayında yenidən həbs olunduğundan, olduqca ağır işgəncələrə də məruz qalır.1958-ci ilin dekabr ayında azadığa buraxıldıqdan az sonra isə, hansısa şəxslərin vasitəsilə zəhərləndirildiyindən dünyasını dəyişir. Bəli, İbrahimi Qəninin həyat yolları vətəninin istiqlalı və azadlığı uğrunda imperializmə, irticaçı qüvvələrə qarşı apardığı mübarizələrlə zəngin olur. Bu şəxsin mübarizə yolu, məhz onun oğlu İbrahimi Firudinin tərbiyəsinə, dünya görüşünün formalaşmasına olduqca böyük təsir edir. Ümumiyyətlə, Firudin İbrahimi XX əsrin görkəmli ziyalısı, hüquqşünası, partiya işini mükəmməl bilən, eyni zamanda vətəninə bağlı olan, onun inkişafı üçün çalışan, xalqını sevən, elmə böyük maraq göstərən, dərin zəkası, qeyri-adi istedadı ilə əksəriyyətdən fərqlənən mübariz bir şəxsiyyət olur. Bu şəxs Tehran Universitetində ali təhsil alarkən, hətta hüquq elminin əsaslarını elə bir formada mənimsəyir ki, bu da Milli Hökumətin bütün qərar və qanunlarının hazırlanmasında mühüm rol oynayır. Firidun İbrahiminin fəaliyyətini təhlil etdikdə, onu da müəyyən etmək olur ki, bu şəxs Paris Sülh Konfransında Azərbaycan Milli Hökumətini beynəlxalq arenada lazımınca təmsil edir, məsələlərə obyektiv yanaşır, qanunu, ədalət anlayışını hər zaman üstün tutmağa çalışr, haqqı-hüququ tapdananların yanında olur və belə bir səbəblər üzündən də, geniş ictimaiyyətin rəğbətini, hədsiz sevgisini qazana bilir. Elə ki, Azərbaycan Milli Hökuməti süquta uğrayır, o zaman hökumətin bəzi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçsələr də, Firudin İbrahimi öz doğma yurdunda qalmağa və xalqına müraciət etməyə qərar verir. Qısa zaman kəsiyində o, öz ətrafında 10 min nəfərə yaxın könüllü dəstələri birləşdirə bilir. Belə bir sayda silahsız könüllülərin olmasına baxmayaraq, onlar Tehrana gələn şah qoşunlara qarşı ardıcıl mübarizə apara bilmirlər. Belə olan halda Firudin İbrahimi ələ keçirilir və edam olunur. Edam olunmazdan iki gün əvvəl o, Paris Sülh Konfransına gedərkən aldığı kostyumu zindana gətizdirtdirə bilir. Qatillər onu həmin libasda 22 may 1947-ci ildə Təbrizin Səttarxan xiyabanındakı “Gülüstan” bağının qarşısındakı meydana aparıb edam edirlər. Edam zaman onun son sözləri bunlar olur: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!” Həmin vaxtlarda Milli Hökumətin digər qurucularından həbs olunanlar, sürgünə göndərilənlər, hətta mühacir həyatı yaşamağa məcbur edilənlər də olur. Onu da bildirək ki, Firidun İbrahimi jandarmların əhatəsində dar ağacı qurulan yerə gətirilərkən, meydana toplaşan insanlar onların üstünə qalxmaq istəyir. O zaman xalqın qanının töküləcəyini güman edən bu şəxs məsləkdaşlarına müraciət edib belə deyir: “Bizim keçdiyimiz yolda dar ağacı, həbs, sürgün, edam da ola bilər. Lakin bu yol şərəfli yoldur. Xalqımızın mübarizə alovları içərisindən çıxmış cavanlar və qocaman demokratlar, öz sədaqətləri ilə gələcək nəslin qəhrəmanlığı və mübarizəsi üçün ilham mənbəyi olacaqdır”. Ümumiyyətlə, Firidun İbrahimini mübarizə meydanına atan, onun xalqı zülm və işgəncələrdən, əsarət zəncirindən qurtarmaq istəyi olur. Ona görə də o, mübarizə yolunu davam etdirməyi, inqilaba qalxmağı, milli bərabərliyə nail olmağı qarşısına əsas məqsəd qoyur. Xalqın nicatının yalnız və yalnız milli birlikdən, milli vəhdət halında olmasından keçdiyini də dərk edir. Bəli, Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatından uzun illər keçsə də, bu gün də həmin hərəkatla bağlı müəyyən araşdırmalar aparılır və Azərbaycan Milli Hökuməti qurucularının tarixdə oynadıqları rola lazımi qiymət də verilir. Bu məqsədlə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, həmin illərdə baş verənlər bir daha təhlil olunur və Azərbaycan Milli Hökumətinin tarixində silinməz izlər buraxan Firidun İbrahiminin fəaliyyətinin, məhz sonrakı nəsillər üçün əsl şəhidlik nümunəsi olduğu da bildirilir. Ona görə də bu cür şəxsiyyətlərin fəaliyyətlərinin dərindən öyrənilməli və gələcək nəsillərə çatdırılmasının vacibliyi də qeyd olunur. Onu da bildirək ki, əslən Cənubi Azərbaycandan olan Mirzə İbrahimov “Gələcək gün” romanında, baş vermiş azadlıq hərəkatını parlaq bədii boyalarla əks etdirir. Onun Güney Azərbaycanını, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələd olması səbəbindən, ədib şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini açıq-aşkar şəkildə təsvir edə bilir. Mirzə İbrahimov bu əsərində möhtəşəm obrazın prototipi Milli Hökumətin qurucularından biri olan və hökumətdə Baş Prokuror vəzifəsini daşımış Firudin İbrahimini, milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir edir. Eyni zamanda o, İran və Güney Azərbaycan xalqlarının iztirablarla dolu məşəqqətli həyatını, məhz Həsənalı və Musa kişinin ailələri fonunda da ümumiləşdirir. Bundan əlavə, Azərbaycan ədəbiyyatının bir çox tanınmış simalarının əsərlərində də, Firudin İbrahimiyə xüsusi yer ayrılır. Məsələn, Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid və digər tanınmış ədiblər öz əsərlərində bu şəxsin poetik obrazını yaratmışlar.
O halı xüsusi qeyd edək ki, “21 Azər Hərəkatı”ndan sonra baş verən faciəvi hadisələrin hər biri tarixə dönsə də, bu gün biz həmin tarixə diqqətlə baxmalı, lazımi təhlillər aparmalı və faciəli tariximizdən ibrət dərsi götürməliyik. Son olaraq onu da qeyd edim ki, Firidun İbrahimi XX əsrin görkəmli ictimai-siyasi xadimlərindən biri olmuş və atdığı addımları ilə, bütün bunları sübuta da yetirmişdir. Bəli, Azərbaycan Milli Hökumətinin tarixində əvəzsiz izlər buraxan, adı tariximizin qəhrəmanlıq və mübarizlik səlnaməsinə birdəfəlik həkk olunan bu şəxs, özündən sonrakı nəsillər üçün, sanki əsl şəhidlik nümunəsi yarada bildi. Ona görə də, apardığı mübarizə yollarında əyilməz iradəsi ilə hər cür haqsızlığı mənən qalib gələn, imperalizmə və irticaya qarşı barışmaz mövqe ortaya qoyması səbəbindən 29 yaşında dar ağacından asılan Firidun İbrahiminin fəaliyyətini dərindən öyrənməli və onu gələcək nəsillərə də çatdırılmalıyıq. “Firidun İbrahimi -100” beynəlxalq yazı müsabiqəsinə təqdim edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?