Millət vəkili Adil Əliyev gündəmdə Zamirə Hacıyeva, Abel Məhərrəmov, hətta Parisdəki etirazları, Krımda Rus-Ukrayna toqquşmasını geridə qoymaqdadır.
Son günlər sosial şəbəkələrin və elektron medianın "fenomeni"nə çevrilmiş A.Əliyev qalmaqalla yadda qalmaqdadır. GundemXeber.Az anaxeber.info-ya istinadla bildirir ki, deputatın vətəndaş Xəzangül Məmmədova ilə torpaq çəkişməsi, məsələnin hüquqi müstəvidə getdikcə qızışması, tərəflərin bir-birini açıq şəkildə ittiham eləməsi, hətta "şayka" deyərək ağır leksikona keçid olunması mətbuatın bu qovğaya diqqətini bir qədər də artırıb. Məsələnin leytmotivi ondan ibarətdir ki, vətəndaş Xəzangül Məmmədova Bakının 7-ci mikrorayon ərazisində 2007-ci ildə Binəqədi bələdiyyəsindən 1000 kv.m torpaq sahəsi alıb. Onun sözlərinə görə, "Amor" şadlıq evinin arxasında yerləşən ərazi deputat Adil Əliyev tərəfindən əlindən alınıb, qaynanasının aıdna sənədləşdirilib, məhkəmələr millət vəkilinə qahmar çıxıb. X.Məmmədova aldadılıb, ərazidə inzibati bina tikildiyi bildirilib. Guya Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin binası tikiləcək. Amma əvəzində A.Əliyev tərəfindən 2014-cü ildən başlayaraq "Çıraq palace" şadlıq sarayı inşa olunub. Görəsən, deputatın prokurorluğun adından sui-istifadə etməsi səlahiyyəti varmı? Şikayətçinin nümayəndəsi Ələmşah Şükürov dövlət rəhbərliyinə, müxtəlif instansiyalara, məhkəmələrə müraciətlər etsə də, A.Əliyev müxtəlif yollarla məhkəmələri ələ almaqdadır. İddiaçının sual edir ki, nəyə görə 7 il mənim mülkiyyətimdə olan torpaq sahəsinin sənədləri sizin həmin yerdə şadlıq sarayı tikmək iddianızdan sonra ləğv edildi: " Nəyiniz var özünüzə qismət, bizim sizin obyektlərinizdə gözümüz yoxdur. Bizim də torpağımızda sizin gözünüz olmasın. Nəyə görə Binəqədi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli Qətnaməsindən sonra – biz sizinlə razılaşmadıqdan sonra torpaq sahəsinin sənədləri ləğv edildi? Nəyə görə və nə vaxtdan sizə məxsus “Çıraq” şadlıq sarayı Azərbaycan Respublikası Baş Prokrorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası hesab edilir?" A.Əliyev isə deyib ki, bu məsələnin, ümumiyyətlə, ona aidiyyatı yoxdur: "Həm də hüquqi dövlətdə yaşayırıqsa, bu, necə ola bilər? Bu, qohumlarımla bağlı məsələdir, onlar da buna hüquqi müstəvidə, yəni məhkəmə qaydasında aydınlıq gətiriblər". Yəni, millət vəkili bu konfliktin olduğunu və qohumlarının ərazidə restoran tikdirdiyini təsdiqləyir. Hər halda A.Əliyev özünün dediyi kimi, hüquqi dövlətdə kimsə başqasının torpağını zəbt edə bilməz. Üstəlik, söhbət adi vətəndaşdan gedirsə, məhkəmə dərhal obyektiv qərar çıxarardı. Ancaq burada millət vəkilinin qohumlarından söhbət gedirsə, deməli qeyri-rəsmi müdaxilə olub. Üstəgəl, etiraf etmək lazımdır ki, deputatın ədliyyə nazirinin müavini olan, Azərbaycanda çox nüfuzlu qardaşı var. Deməli, qohumlar onlara güvənərək X.Məmmədovanın ərazisini əlindən alıblar. Yada salaq ki, bir neçə il qabaq A.Əliyevin qohumu olan İsa Əzizov adlı idmançı qohumu gənc qızı, sonra yanacaqdoldurma məntəqəsinin əməkdaşını döydüyü üçün həbs edilmişdi. Az sonra azadlığa buraxıldı. Yəni, qohumlar həmişə vəzifəli qardaşlara güvəniblər, arxayın olublar. Ancaq X.Məmmədova ilə olan qovğa A.Əliyevin adı qarışan ilk mülki məsələ deyil. Virtualaz.org saytında Səbail rayonu ərazisində yaşayış binası tikən bir şirkətin camaatın başına açdığı oyundan bəhs edən yazı olmuşdu. Həmin yazıda adıçəkilən şirkətin Adil Əliyevə məxsus olduğu bildirilirdi. Deputat isə bu iddianı də təkzib etmişdi. Bir müddət əvvəl isə Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt edildiyini demişdi: "Mənim torpaq sahəmlə qonşu olan 4 sot torpağı hansısa yollarla qayınanası Qətibə Abdullayevanın adına alıb, amma restoran mənim ərazimdədir. Bəs, niyə məhz bu millət vəkilinin adı belə qalmaqallarda çəkilir? Hər halda şikayətçilərin yatıb yuxusuna A.Əliyev girərək səhər adını açıqlamırlar... Sonuncu qalmaqal - Xəzangül Məmmədova ilə olan torpaq mübahisəsi isə digərlərindən fərqli olaraq, məhkəmə müstəvisində qızışmaqdadır. Qarşı tərəf sona qədər mübarizə aparmaqda iddialıdır və dövlət başçısından A.Əliyevin qanunsuzluğu barədə reaksiya göstərməsini xahiş edir: "Nəyə görə bizim iddiamıza əsasən Binəqədi rayon məhkəməsində mülki işə baxılarkən siz 6 ay ərzində məhkəməni yubatdınız və həmin torpaq sahəsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilmədiniz? Çünki həmin vaxt sizin əlinizdə heç bir sənədiniz yox idi, siz o torpağı zəbt etmişdiniz və qanunsuz tikili aparırdınız. Adil Əliyev, bu ən azından özbaşınalıq deyil, nədir?" Vaxtilə virtualaz.org-a müsahibə vermiş A.Əliyev belə də demişdi: "Biznesimiz əlbəttə ki, var. Niyə yoxdur ki?! Biznesimiz çoxdur, böyükdür. Bu qədər idman zallarımız, trenajor salonlarımız var". Vəssalam...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?