Məmur villaları sökülməsin deyə yüksək gərginlikli elektrik xəttini çıxarıb vətəndaşın torpağı yaxınlığında yerləşdiriblər, reyestr çıxarışı ala bilmir
Bakıda 2-ci qrup Qarabağ əlili Eldəniz Həşimov məmur özbaşınalığı ilə üzləşib. E.Həşimov problemini mətbuatda ictimailəşdirsə də, onun səsinə səs verən yoxdur. Qarabağ əlilinin “Gündəm-xəbər”ə göndərilən şikayət məktubunda qeyd olunur ki, vəzifəli şəxslərin imarətlərinin güdazına gedib.
Şikayəti yazır ki, torpağı üçün reyestr çıxarışı ala bilmir: “Bakının Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixli 561 saylı qərarı ilə 600 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi aldım. Həmin torpaq sahəmin təxminən 50 metrliyində möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi.
Həmin villaların sahibləri külli-miqdarda pul verib elektrik xəttinin yerini dəyişdirdilər. Belə ki, 50 metr qarşı tərəfə, yəni mənim torpaq sahəmin üzərinə yerləşdirdilər.
Bunu əsas gətirən Binəqədi bələdiyyəsi mənə verilmiş torpaq sahəsinin qanunsuz olduğunu bildirir. Buna görə də mən torpağıma reyestr çıxarışı ala bilmirəm. Nə də ki, mənə bunun əvəzində başqa yaxın ərazidən torpaq sahəsi verilir”.
E.Həşimovun sözlərinə görə, bir ildir süründürməçiliyə məruz qalıb: “Qəbullara getmişəm, ancaq tədbir görülməyib. Deməli kimin pulu, imkanı varsa başqasının haqqına girib, istədiyini edə bilər?
Mən torpaq - vətən uğrunda döyüşəndə həmin villa sahibləri, saxtakar bələdiyyə sədri harada idilər? Artıq cana doyub, bezmişəm. Qarabağ Müharibəsi əlilləri intihara təhrik edilir. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar”.
Şikayətçi dövlət başçısından yardım istəyir: “Mən Binəqədi bələdiyyəsinin qanunsuz əməli barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Ramiz Mehdiyevə, baş prokuror cənab Zakir Qaralova, milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova, bələdiyyələrlə iş şöbəsinin rəisi cənab Mehdi Səlimzadəyə, Ombudsman xanım Elmira Süleymanovaya, Binəqədi rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova və sairə aidiyyatı orqanlara ərizə ilə müraciət edib kömək etmələrini xahiş etmişəm.
Əgər mənim qanunu torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz.
Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya, Binəqədi rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova müraciət edib mənəi qanunu torpaq sahəmin özümə qaytarılmasını və yaxud da başqa ərazidən həmin ölçüdə torpaq sahəsinin verilməsinə kömək etmələrini xahiş edirəm.
Mən vətənimi canım qədər sevirəm , vətənimin azadlığı, suverenliyi uğrunda canımdan keçməyə həmişə hazıram. İnanıram ki, cənb prezident İlham Əliyev mənə kömək edib tədbir görəcək.
Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından kömək etməyi xahiş edirəm. Mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub əlil olmuşam.
Buna görə fəxr edirəm, qürur duyuram. Vətənimə, elimə-obama canım qurban. Ancaq bəzi vətənin torpaqlarının azadlığını yox, başqasının qanunu torpağını satıb mənimsəməyi düşünən saxtakar vəzifəli şəxslər var ki, 1 ildir mənə zülm verirlər”.
Yazıda ittiham olunan tərəfi dinləməyə və çap etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?