Bu gün Səbail rayonunun Batamdar bələdiyyəsində yaşanan və ciddi söz-söhbətlərə səbəb olan mövzulardan biri də, adı çəkilən qurumda baş verən problemlərin yaranmasıdır. Belə ki, Badamdar qəsəbə bələdiyyəsində əsas fiqurlardan biri olan və sədr vəzifəsini daşıyan Həbib Əsədova arxa-dayaq duran, həmçinin bələdiyyədə vergi şöbəsinə rəhbərlik edən Ramiq Mustafa, bu gün respublikamızın imkanlı oliqarx şəxslərindən biri hesab olunur.
Bu yerdə “Birləşmiş Ərəb Əmirlikləri” sözünün əvəzinə “Birləşmiş Badamdar Əmirlikləri”ni ifadə etsək, yəqin ki, yerinə düşər. Çünki, o, belə bir vəzifəni daşıdığı illər ərzində qəsəbənin ərazisində hektarlarla torpaq sahələrini zəbt etməklə mənimsəməyi bacarıb. Belə ki, bu şəxs vaxtilə QHT-lərlə də sıx əlaqədə olur və bir çox ölkələrə, o cümlədən İran İslam Respublikasına bir neçə dəfə səfərlər edir. Vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş “Soros” və digər fondlardan “qrant”lar əldə etməklə də, bu şəxs daim öz maraqlarını təmin edə bilib. Ramiq Mustafa bələdiyyədəki vəzifəsinə sahib olmazdan öncə, Əmlak Məsələləri Dövlət Komitəsində mühüm vəzifə sahibi olur və adı çəkilən dövlət qurumunun tikinti və sənədləşmə şöbəsində çalışır. Vergi rəisinin bu yöndə topladığı təcrübə, hal-hazırda onun köməyinə lazımınca çatmaqdadır. Daxil olan məlumatlara görə, sədr Həbib Əsədova arxa-dayaq olmaqla bərabər, bütün işləri idarə edən də, məhz Ramiq Mustafanın özüdür. Hətta, bu şəxs bəzi çevrələrdə bildirir ki, “Mən bələdiyyəni “pultla idarə” edirəm”. GundemXeber.az saytına daxil olan məlumatlara görə, vergi rəisinə bir çox obyektlər və torpaq sahələri də məxsusdur. Belə ki, bələdiyyə binasının yaxınlığında bir pendir sexi var, qəsəbənin 3-cü yaşayış massivi adlanan ərazisində isə, daha dəqiq desək Sahib İbrahim Xəlilov küçəsində 4-5 mərtəbəli villası var ki, o, həmin villanın tikintisini çoxdan başa çatdırıb. Bu şəxsin 3-cü massivdə hektarlarla torpaq sahəsini vəzifə səlahiyyətlərindən istifadə etməklə mənimsədiyi və lazım gəldikdə həmin ərailəri hisə-hissə baha qiymətə satdığı da söylənilir. Beləliklə, hər kəsə bəllidir ki, bu gün bələdiyyə sədri Həbib Əsədovla birlikdə, Ramiq Mustafa da Badamdar qəsəbəsini sağdan və soldan satmaqla böyük kapital sahibinə çevriliblər. Əgər bir kimsə RİH-nin yeni başçısına çatdırsa ki, təkcə 2011-ci ildən bu günə kimi Badamdar bələdiyyəsi sədrinin “xeyr-duası” ilə satılmış torpaqlarla bağlı araşdırmalar aparılsın, o halda yəqin ki, bir çox “qaranlıq məsələlərə” aydınlıq da gətirilə bilər. Daxil olan məlumatlara görə, təkcə son iki-üç ay ərzində Ramiq Mustafanın vasitəsilə, qəsəbənin 3-cü massiv adlanan ərazisində 30 sot torpaq sahəsi satılıb. (Verilən məlumatlara görə 1 sotu 30 min manatdan satılıb və təqribən 900 000 manat məbləğində vəsait şəxsi ciblərə daxil olub) Bu bələdiyyəyə ildə orta hesabla 30-35 min manat məbləğində dotasiya verilsə də, verilən dotasiyanın təyinatı üzrə xərclənmədiyi də iddia olunur. Bütün bunlardan əlavə, Batamdar ərazisində Ramil Mustafanın qardaşına məxsus bir neçə villaların olduğu da söylənilir. O halda sual oluna bilər ki, dövlətimiz bu cür kadrlarla hara gedir və yaxud da, hara qədər gedə biləcək? Səbail rayon İcra Hakimiyyətinə yeni təyin olunmuş icra başçısı, yəqin ki, belə bir məsələlər haqda xəbərdar olduqdan sonra, müəyyən addımların atılması yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verəcək. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?