“Yaşayış yerini dəyişdikdə, başqa ölkədə yaşayış yeri seçdikdə, ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər”.
Bu bənd “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9 və Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş təlimatın 49-cu maddələrində öz əksini tapıb. Həmin maddəyə görə yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Xəbərləri olmadan evləri satılıb
Ancaq bütün bunlara rəğmən Oleq İsmayılov və Bahar Quliyeva xəbərləri olmadan hazırda qeydiyyatda olduqları və yaşadıqları Yasamal rayonunun N.Nərimanov küçəsi, ev 9, mənzil 37 bir neçə nəfərə satılıb. Həmin adamların içində Rusiya vətəndaşı da var. Və bu işdə 64 saylı MKİS, 27 saylı Notarius İdarəsi və ASAN-Xidmət iştirak edib. Bu işin əsasını qoyanlardan biri də ədliyyə naziri Fikrət Məmmədovun qardaşı oğlu Seymur Məmmədov göstərilir.
Oleq İsmayılov belə deyib.
Hər şey Oleq İsmayılovun sadəlövhlüyündən başlayıb
Oleq İsmayılovun sözlərinə görə, çalışdığı “AS memarlıq, dizayn, tikinti və inşaat” MMC-nin rəhbəri Süleyman Əmirovla Seymur Məmmədovun sahibkarlıq maraqlarının qurbanı olub. Xüsusən Süleyman Əmirova etibarı ona baha başa gəlib:
“Bir az uzaqdan başlamaq istəyirəm, Seymur Məmmədovla Süleyman Əmirov 2010-cu ildə “Caspian Premier” MMC (29.07.2010-ci il tarixində Dövlət Qeydiyyatına alınıb) adlı şirkət təsis ediblər. Süleyman Əmirov Qala qəsəbəsində ona məxsus 27,0 ha torpaq sahəsinin kredit təşkilatına girov qoymaq müqabilində 3.000 000 ABŞ dollar kredit götürməyi planlaşdırıb. Torpaq sahəsi Süleyman Əmirovun yaxını Timur Əliyevin adına 30.06.2008-ci il tarixində sənədləşdirilib. Ancaq ərazinin sənədləri qaydasında olmadığından onun girov qoyulmasında müəyyən problemlər yarandı. Həmin vaxt Süleyman Əmirov maddi imkanı zəif olduğunu əsas gətirib təkidlə xahiş etdi ki, mənzilimi qısa müddətə ipoteka ilə yüklü edilməsinə və bunun müqabilində adları çəkilən şəxslər tərəfindən bankdan kredit borcu götürülməsinə razılıq verək. Onların vədi nəticəsində Seymur Məmmədovun yaxın adamı, “Silk Way Bank”-ın nümayəndəsi olan Emil Rəhimov ilə ipoteka müqaviləsi bağladıq. Bunun müqabilində Seymur Məmmədov və Süleyman Əmirov Emil Rəhimovdan 42.400 manat məbləğində pul götürməli idilər. Həmin pulları Emil öz qohumlarından yığdı. Sonradan öyrəndik ki, puldan 40.000 manat Süleyman Əmirov və Seymur Məmmədova verilib, 2400 manatı isə Emil özünə götürüb. Xeyli müddət keçsə də, onların planlaşdırdıqları işlər alınmadığından Emil Rəhimovun qohumları ondan pullarını tələb edib. Ardınca Süleyman Əmirov və Seymur Məmmədov yenidən bizi inandırdılar ki, Emil Rəhimova həmin pulu qaytarmaq üçün Seymur Məmmədovun Rusiya vətəndaşı Ələddin Ağayev adında tanışından həmin məbləğdə pul götürmək olar, bunun üçün mənzili Seymur Məmmədovun adına keçirmək lazımdır. Mənzili öz mülkiyyətinə keçirmək üçün, o, mənimlə uydurma alqı-satqı müqaviləsi bağladı. Həmin vaxt onlar yenə də bizi inandırdılar ki, narahat olmayaq, qısa müddət ərzində mənzil mülkiyyətimizə qaytarılacaq. Odur ki, onların vədlərinə inanıb birgə mülkiyyətimizdə olan mübahisəli mənzili alqı-satqı müqaviləsində simvolik məbləğ (33.390 manat) qeyd etdirməklə Seymur Məmmədovun adına keçirdik”.
Oleq İsmayılovun sözlərinə görə, alqı-satqı müqaviləsi 27 saylı notariat kontorunda rəsmiləşsə də, faktiki olaraq onlara hər hansı məbləğdə pul verilməyib:
“Çünki alqı-satqı müqaviləsini görünüş üçün formal olaraq bağlamışdıq”.
Oleq İsmayılov sonradan torpaq sahəsinin sənədləşmə məsələlərində problemlər yarandığından Seymur Məmmədovla Süleyman Əmirov arasında planlaşdırılan işin baş tutmadığını və bütün problemlərin də burdan başladığını bildirib:
“Seymur Məmmədov həmin torpağı anası Gülarə Məmmədovanın adına rəsmiləşdirdi və nəticədə krediti almaq mümkün olmadı. Ancaq hər iki şəxs vaxtaşırı ailəmizi arxayın edirdilər ki, mənzilin sənədləri tezliklə əvvəlki vəziyyətinə gətiriləcək, yəni reyestrdəki çıxarış mənim adıma veriləcək. Biz də inanırdıq. Bir müddətdən sonra onlar arasında mübahisələr yarandı və Seymur Məmmədov mübahisəli mənzili başqasına satacağı ilə bizi narahat etməyə başladı. Sadəcə, arxayınlığımız əsas səbəbi o idi ki, mübahisəli mənzildə faktiki yaşayış və pasport qeydiyyatındaydıq, yəni icazəmiz olmadan və alıcı mənzilə baxmadan ev 3-cü şəxsə satıla bilməz. Bunu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsi tələb edir”.
Bütün əməliyyatlar eyni notariusda, eyni bankda aparılıb
Şikayətçi deyir ki, Seymur Məmmədov Süleyman Əmirova təzyiq göstərmək üçün mənzilimin mülkiyyət hüququnun onda olmasından istifadə edərək, danışıqların baş tutmayacağı təqdirdə mənzili özgəninkiləşdirməklə onu hədələyib. “Bu gedişatda çox əcaib olaylar baş verdi, Seymur Məmmədov Rusiya vətəndaşı Ələddin Ağayevə guya 4 il ərzində borcunu qaytara bilmədiyindən, mənə verdiyi sözə əməl etməyərək, mənzilə mülkiyyət hüququnu özümə qaytarmadı. Bundan başqa, Seymur Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Təbriz Ağayev Vahid Ağayevlə 24 fevral 2015-ci il tarixində alqı-satqı müqaviləsi imzalayıb və mənzil həmin şəxsin mülkiyyətinə keçib. O da məni məhkəmə ilə hədələyərək evdən çıxartdıracağını bildirirdi. Ardınca Rusiya vətəndaşı Albert Vaynştaynla 13 noyabr 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mənzili ona satdı. Hal-hazırda mənzil Albert Vaynştaynın mülkiyyətindədir. Çox maraqlıdır ki, qeyd olunan hər üç alğı-satqı müqaviləsinin eyni notariatda (Bakı şəhəri 27 saylı notariat kontoru) və eyni notarius Eldar Qurbanov tərəfindən təsdiqlənməsi və eyni bankda (“Texnikabank”, Binəqədi filialı) ödəniş edilməsi, mənzili alan Vahid Ağayevin, daha sonra Albert Vaynştaynın mənzili almazdan əvvəl evə baxış keçirməmiş olması sübut edir ki, bu müqavilələr yalnız görünüş üçün bağlanıb,” – Oleq İsmayılov deyir.
Şikayətçinin sözlərinə görə, Vahid Ağayev mənzili əldə edəndə baxış keçirməyib, ona mənzil satan Seymur Məmmədovun nümayəndəsi Təbriz Ağayev də heç görmədiyi mənzili satarkən başqa bir təsir altında olub:
“Mən Seymur Məmmədovla uydurma alqı-satqı müqaviləsi bağlasam da, həmin mənzildə qeydiyyatım ləğv edilmədi, istifadə və yaşamaq hüququm saxlanıldı. Lakin Seymur Məmmədov və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Təbriz Ağayev mənzili satarkən 64 saylı Mənzil İstismar Sahəsindən mənim guya mənzildən qeydiyyatdan çıxarılmış olmağımla bağlı (forma № 2 əvəzinə) saxta arayış alıblar. Mənzili də guya satdığı şəxsə həmin arayışı təqdim ediblər. Özbaşınalıq ondadır ki, 64 saylı MKİS rəisi Rafiq Novruzov qeydiyyatda olmamağım barədə saxta arayış təqdim edib. Halbuki, qeydiyyat vərəqəm (forma A) 64 saylı MKİS-dədir”.
“Mən Fikrət Məmmədova müraciət etmişəm, amma…”
Süleyman Əmirov Oleq İsmayılovun mənzilinin bir neçə nəfərə satılmasında və ümumiyyətlə, aldadılmasında cavabdeh olduğunu etiraf edir.
O, bu barədə danışıb: “Bəli, mənim məsuliyyətim var. Təsəvvür edin ki, mənim Seymur Məmmədova inamım 3 milyon manata yaxın ziyana düşməyimlə nəticələnib. Biz 2010-cu ildə birgə şirkət yaratmaq istəyirdik, bunun üçün Amerika səfirliyi yaxınlığında 7 otaqlı mənzilimi, 32 hektar torpaq sahəmi satmışam ki, iş quraq. Pul çatmadığından Oleq İsmayılovun mənzilini girov qoyub bankdan kredit götürmüşük. Ancaq nəticə o oldu ki, Seymur Məmmədov sonradan bunları dandı və əmlakları adına keçirdi. İndiyə qədər də yayınır”.
S.Əmirov məhkəməyə müraciət etmədiyini bildirib:
“Bunun səbəbləri müxtəlifdir, məsələ ondadır ki, o, ədliyyə naziri Fikrət Məmmədovun qardaşı oğlu olduğundan ona heç nə edə bilməyəcəyimi bilir. Bununla bağlı nazirə məktub da yazıb sənədləri göndərdim, amma cavab yoxdur. Dəfələrlə Seymur Məmmədovdan xahiş etdim ki, Oleq İsmayılovun mənzilini qaytaraq və pulların yarısını ver, heç olmasa borclarımı verim, amma reaksiya olmadı”.
Süleyman Əmirov hazırda Oleq İsmayılovun mənzil problemini həll etməyə çalışdığını deyib.
MKİS-nin indiki və sabiq rəisləri bir-birini təkzib edir
Deyilənlərlə əlaqədar 64 saylı MKİS-nin rəisi Rafiq Novruzovla əlaqə saxladıq. R.Novruzov əvvəlcə V.Ağayevi və T.Ağayevi tanımadığını desə də, sonra saxta arayış vermədiyini əlavə edib. Sabiq rəisə Oleq İsmayılovun şikayətini xatırlatdıqda bildirib ki, bu məsələlər 15 il əvvəl olub, ona görə yadda saxlamayıb:
“Belə şeylər olub, amma prokurorluq araşdırıb, mənim yadımda qalmayıb”.
Halbuki, baş verənlər 15 il yox, 9 il əvvəl olub.
64 saylı MKİS-nin indiki rəisi Sədulla Abıyev isə Meydan TV-yə deyib ki, Oleq İsmayılov 1 il əvvəl prokurluğa şikayət edib, amma onda bu barədə məlumat yoxdur:
“Bu məsələlər mənim rəis işlədiyim zamanda olmayıb, 6-7 ilin söhbətidir”. “Qeydiyyatda olan şəxsin razılığı olmadan müvafiq əməliyyat aparılıb”
Yuxarıda xatırladığımız Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş təlimatın 49-cu maddəsinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Bu halda notarius razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir. Bundan əlavə, müvafiq rayon polis idarəsi hər ay qeydiyyatdan keçənlər və həmçinin qeydiyyatdan çıxan şəxslər haqqında yenilənmiş siyahını müvafiq rayonun icra hakimiyyətinə, ordan isə MKİS-lərə göndəririr. O.İsmayılov deyir ki, həmin siyahılarda onun qeydiyyatdan çıxması barədə məlumatın olması mümkünsüzdür:
“Bunu DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının (21.12.2017) surəti də sübut edir. Deməli, rəsmi şəkildə müvafiq rayon polis idarəsi tərəfindən məlumat olmadan MKİS-ın məsul şəxsləri mənim qeydiyyatda olmadığım barədə qanunsuz sənəd veriblər. Sənəd 27 saylı Notariat Kontorunun Xüsusi notariusu Eldar Qurbanov tərəfindən imzalanıb, 49-cu maddənin pozuntusudur, çünki o, qeydiyyatda olan şəxsin razılığı olmadan müvafiq əməliyyat aparıb”.
Ancaq Eldar Qurbanov Oleq İsmayılovun iştirakı olmadan mənzilin başqa adamlara satılmasını mümkünsüz sayıb.
Eldar Qurbanovun sözlərinə görə, məsələ Ədliyyə Nazirliyində və məhkəmələrdə araşdırılıb:
“Albert Vaynşteyn özü yox, nümayəndəsi alqı-satqıda iştirak edib. Onun barəsində Oleq İsmayılovun dediklərini inandırıcı saymıram, yaxşı olar ki, bu adamın olub-olmadığını əlaqədar orqanlar araşdırsınlar. Bizə təqdim olunan sənədlərdə onun şəxsiyyət vəsiqəsi var, amma hər şey ola bilər, mən sənədlərin saxtalaşıdırılmasını müəyyənləşdirə bilmərəm”. E.Qurbanov alqı-satqı prosesində Oleq İsmayılovun xanımının məktubu və ya səlahiyyətli nümayəndəsinin olduğunu deyib:
“Bütün sənədlər yerindədir. MKİS-nin saxta arayışlarını biz müəyyən edə bilmərik. Bilirsiniz, bu məsələ çoxdan olub, gərək, yenidən sənədlərə baxılsın”.
O.İsmayılov E.Qurbanovun alqı-satqı məsələsində xanımının nümayəndəsinin və ya məktubunun olması barədə dediklərini təkzib edib:
“Yalandır, bizim xəbərimiz olmayıb alqı-satqıdan”.
Oleq İsmayılov Albert Vaynştayn haqda maraqlı məlumat əldə etdiyini deyir.
Onun sözlərinə görə, Albert Eduardoviçin özü haqqında təqdim etdiyi məlumatlardan məlum olur ki, o, 11 noyabr 2015-ci il tarixində Moskva şəhərində Tural Hüseynova notarial qaydada verdiyi etibarnamədə onun 1971-ci ildə Azərbaycan SSR-də anadan olduğu, pasportunun 11 sentyabr 2015-ci il tarixdə verildiyi və Moskva şəhəri, Kustanayskaya küçəsində qeydiyyatda olduğu qeyd olunub:
“Mən 13 iyun 2017-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək, A.Vaynştaynın bugünədək Azərbaycanda qeydiyyatda olduğu ünvanlar barədə məlumat verilməsini xahiş etdim. Mənə 19 iyun 2017-ci ildə verilən arayışda bu haqda heç bir məlumatın mövcud olmadığı qeyd edilib. Ardınca Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Notariat İdarəsinin rəisi-baş idarə rəisinin müavini Mehman Soltanova müraciət edərək, 1971-ci il təvəllüdlü A.Vaynştayn doğum qeydinin mövcud olub-olmaması barədə məlumat verilməsini xahiş etdim. 30 oktyabr 2017-ci il tarixidə verilən cavab arayışında (№ 05/2-7058-11) qeyd olunur ki, A.Vaynştaynın doğum haqqında hər hansı məlumat aşkar edilməyib. Burdan çıxan nəticə odur ki, adlarını qeyd etdiyim şəxslər mənzilimi öz mülkiyyətlərinə keçirmək üçün əlbir hərəkət ediblər”.
“Əgər nazir Fikrət Məmmədov təsir edibsə, iş 4 il məhkəmələrdə niyə qalmalıydı?”
A.Vaynştayn O.İsmayılovun dediklərini təkzib edib.
Hazırda Niderlandda olan A.Vaynştayn deyib ki, bu məsələdə hər hansı məmur təsirindən, yaxud onun təzyiqindən danışmaq doğru deyil:
“Çünki iş 4 il məhkəmələrdə olub, sonda Ali Məhkəmə alqı-satqını haqlı sayan qərar çıxarıb. Əgər nazir Fikrət Məmmədov təsir edibsə, iş 4 il məhkəmələrdə niyə qalmalıydı?” O deyib ki, 2010-cu ildə Süleyman Əmirov dostu Seymur Məmmədovdan borc götürüb:
“Seymur Məmmədov da mənə dedi ki, Oleq İsmayılovun evi girov qoyulur və mən borcu verirəm. Bunlar notariusda müqavilə əsasında olub, 2015-ci ilə qədər Oleq İsmayılov həmin mənzildə yaşayıb, heç kim də ondan heç nə tələb etməyib. 2015-ci ildə mən Seymur Məmmədovdan pulumu istəyəndə, o da Oleq İsmayılova pulu qaytarmaq tələbini qoyub. Oleq İsmayılov pulu olmadığı söyləyəndə, Seymur Məmmədov mənzilin mənə keçdiyini bildirib. Və təklif olundu ki, mənzili götür. Oleq İsmayılov özü aydınlaşdırmalıdır ki, onun adından necə kredit götürüblər, yaxud ev alqı-satqısı ediblər və pul niyə ona çatmayıb, bunlar məni narahat etmir, öz problemidir. Düzdür, Oleq İsmayılov Prezident Administrasiyası da daxil bir çox dövlət orqanlarına müraciət edib və bir daha deyirəm, əgər Seymur Məmmədovun əmisi Fikrət Məmmədov təsir etsəydi, məhkəmə ən çoxu 1 ilə qərar çıxardardı, daha 4 il davam etməzdi. Mən isə dövlət orqanlarına nə müraciət etmişəm, nə də rüşvət vermişəm. Ən əsası Seymur Məmmədov mənzili mənə təklif edəndə, problem olacağını xəbərdar etdi. Amma mən mənzili özümə deyil, yaxınım üçün hədiyyə alırdım. Bakıda 4, Moskvada 5 mənzilim var, hazırda Rotterdamda yaşayıram. Bilirsiniz, onlar çox şey danışa bilər, amma ortada notarial müqavilə və sənədlər var. Əgər Oleq İsmayılov sənədlərin saxtalaşdırıldığını deyirsə, sual yaranır, hansı notarius idarəsi müəyyən pul müqabilində belə riskə gedər? Mən MKİS tərəfindən qanunsuzluq olduğunu istisna etmirəm, əgər olubsa, müvafiq orqanlar araşdırsınlar və onlara qarşı cinayət işi açılsın. Yaxşı olardı, Oleq İsmayılov bu barədə prokurorluğa şikayət etsin”.
A.Vaynştaynın sözlərinə görə, o, Süleyman Əmirovun səhlənkarlığı səbəbindən Azərbaycanda çoxlu itkiyə məruz qalıb:
“Süleyman Əmirov yalan danışır, biz 6 milyon vəsait itirmişik. Mən çəkinmədən deyirəm, Süleyman Əmirov fırıldaqçıdır, o, niyə demir ki, notarius vasitəsilə pul götürüb?! Bunlar hamısı sənədlə təsdiqlənib və məhkəməyə təqdim olunub”.
O.İsmayılov 2011-ci ildən tanımadığı Rusiya və Amerika kodunda olan nömrələrdən hədə zəngləri aldığını bildirir:
“Hədə-qorxu gəlirlər ki, evdən çıx, əks halda məni və ailəmi incidəcəklərini deyirlər. Son zamanlar gizli nömrələrdən zəng etdikləri üçün son gələn zəngləri müəyyən etmək mümkün olmur. Bununla bağlı 30 oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Bildirildi ki, ərizən (№ 001/509-66İ) nazirliyinin Baş Mütəşəkkil Cinayatkarlıqla Mübarizə İdarəsinə göndərilib. Ərizədə göstərilən telefon nömrələrinin birindən (+79150500005) telefonuma 20.01.2018 və 31.01.2018-ci il tarixlərində təkrar zənglər gəldi. Mənimlə danışan şəxs özunü Ələddin Ağayev kimi təqdim etdi və yaşadığım evdən çıxmağımı tələb edirdi. Bundan sonra həmin şəxs 18.03.2018-ci il tarixində saat 14:50 radələrində +994507700970 telefon nömrəsindən mənimə bir dəfə də əlaqə saxlayıb. Bununla bağlı mən 04.04.2018-ci il tarixində Baş Mütəşəkkil Cinayatkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova müracət edərək Ələddin Ağayevin qanunsuz və əsassız tələbləri və naməlum nömrələrdən zəngləriylə bağlı qanunamüvafiq tədbirlər görülməsini xahiş etdim. Şikayətimlə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirildi. Amma Yasamal Payon Prokurorluğundan gələn cavab məktubunda qeyd olunur ki, Ələddin adlı şəxsin bizim ailəmizi narahat etməsi barədə rayon prokurorluğuna müraciətiniz daxil olmadığından araşdırma aparılmayıb”.
Meydan TV 1 ay ərzində olaylarda adı keçən Seymur Məmmədovla əlaqə saxlaya bilməyib. Onun köməkçisi telefon nömrəmizi götürüb S.Məmmədovun zəng edəcəyini bildirsə də, heç bir xəbər çıxmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?