Son illər ölkəmizin hər bir şəhər və rayonunda, iri yaşayış məntəqələrində, bir sözlə respublikamızın bütün ərazilərində qida təhlükəsizliyi və digər amillərin varlığı öz aktuallığı ilə diqqəti cəlb etməkdədir.
Açıq-aydın qeyd edə bilərik ki, bu yöndə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumlarının atdıqları addımlar, hələ ki, lazımi nəticəni verməyib. Buna müxtəlif amillərin varlığı səbəb olduğundan, qida təhlükəsizliyi və belə bir problemlə zəncirvari bağlı olan məsələlər, hal-hazırda daha aktuallıq kəsb etməkdədir. Yəni, onu vurğulamaq istəyirik ki, belə bir problemlərin tam şəkildə həll olunmasının zamanı çoxdan çatıb. Çünki, bugünə kimi istər qida təhlükəsizliyi, istərsə də digər problemlərin həlli yöndə bir neçə mükəmməl qanun lahiyəsi işlənib hazırlanmış və MM tərəfindən də qəbul olunmuşdur. Məsələnin təəssüf və təəccüb doğuran tərəfi odur ki, bu gün bir çox ictimai-iaşə obyektlərinin sahibləri, qəbul olunmuş qanun lahiyəsindən irəli gələn tələblərə əməl etmək əvəzinə, həmin qanun lahiyəsini tapdaqlar altına atmaqla məşğul olurlar. Belə ictimai-iaşə obyektlərindən biri də, Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə, daha dəqiq desək “Alov” zavoduna bitişik ərazidə fəaliyyət göstərən “Bəyaz” kafesidir. Bu kafe “Bəyaz” adını daşısa da, görüb-bilən hər kəs tam şəkildə təsdiq edə bilər ki, bu obyektdə heç bir “bəyazlıq”dan əsər-əlamət qalmayıb. Çünki, bəzi müştərilərin iddialarına görə, hal-hazırda adı çəkilən kafeni işlədən şəxslər “Bəyaz”ı antisanitayiya mənbəyinə çeviriblər. Adicə kafenin yan hissəsində yerləşən ayaqyolunun bərbad halda olması, məhz müştərilərin söylədikləri iddiaların hər birini tam şəkildə təsdiq etmiş olur. Hələ bu azmış kimi kafenin iç hissəsində də, təmizliyə yetərincə riayət olunmadığı söylənilir
Bütün bunlardan əlavə, obyekt sahibinin ara-sıra işçi adı altında kafeyə dəvət etdiyi “ofisantlar”ın sağlamlıq durumlarında müəyyən problemlərin olması, onların günəmuzd işləmələri səbəbindən, rəhbərliklə heç bir əmək müqaviləsi sənədi imzlamadıqları, hətta kafenin içərisindəki kassa aparatının “ölü metallom”u xatırlatması və s. haqda məlumatları eşitdikcə, sanki dəhşətə gəldik. Belə bir halların varlığı səbəbindən, bu gün də “Bəyaz” kafesinə üz tutan müştərilərdən bir kimsəyə ödəniş qəbzi verilmir. Bu da Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş tələblərinin tapdaqlar altına atılması, kafeyə sahiblik edən şəxsin və ya şəxslərin məsuliyyətlərinin müəyyən olunmasına tam əsas verir. Düşünürük ki, çoxsaylı müştərilərin redaksiyamıza çatdırdıqları məlumatlar əsasında hazırladığımız bu məqalədə sadalanan faktlar aidiyyəti dövlət qurumları tərəfindən, ən əsası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi araşdırılacaq və “Bəyaz”ı işlədən şəxslərin məsuliyyətlərinin müəyyən olunması yöndə lazımi addımlar da atılacaq. Bəlkə o halda “Bəyaz”da “bəyazlıq” deyilən ab-havanın varlığını görmək mümkün oldu. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Problemlərin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?