Rəsmi rəqəmlərə görə, AZAL 2018-ci ili də zərərlə başa vurub.
2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, “BUTA”) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Hesablamalara görə, bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8 faiz artıb. Ümumiyyətlə, başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olan AZAL ölkənin ən böyük inhisarçı şirkətlərindən biridir. Büdcədən ən çox dotasiya alsa da, regionda ən baha qiymətə bilet satsa da, sözügedən şirkət yenə də ziyanla işləyir. Sərnişinlərin 99,8 faizi dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin payına düşdüyü halda, bu zərərin necə yarandığı maraq doğurur.
Gundemxeber.Az bildirir ki, iqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, şirkətə büdcədən 100 milyonlarla dollar ayrılır:
"AZAL-ın təkcə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyətinə görə dövlət büdcəsindən hər il 10 milyon manatdan çox dotasiya aldığı bildirilir. Yanacağı özümüz istehsal edirik, şirkətə dövlət tərəfindən böyük subsidiyalar verilir, təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır, biletlər də ki, yüksək qiymətə. Belə olan halda, aviaşirkətin zərərinin ildən ilə atmasının səbəbi haqlı suallar doğurur. Yaranmış zərərin bircə açıqlaması var, o da korrupsiya. Hələ 2016-cı ildə milyardlarla dollar yeyinti faktına görə Hesablama Palatası guya “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlamalar aparırdı. Həmin yoxlamaların nəticələri necə oldu? Kim bilir? “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Qanununa, əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə, vəzifəli şəxslər intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar və komisiya bu şəxslər barədə rəsmi dövlət qəzetində məlumat dərc etməlidir. Amma Palatanın keçirdiyi yoxlamaların nəticəsi olaraq indiyədək hər hansı bir vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edildiyini eşitməmişik”.
“Cahangir Əsgərov ölkədə fəaliyyət göstərən bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı”
Ekspert onu da qeyd edib ki, AZAL-ın soyğunçuluq siyasətinin nəticəsi olaraq vətəndaşlarımız məcburən Gürcüstana gedib, oradan xarici ölkələrə səfər etməli olurlar:
“Cənab Cahangir Əsgərov ölkədə fəaliyyət göstərən demək olar ki, bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı. Bildiyiniz kimi, AZAL 2015-ci ilin mart və aprel aylarında iki büdcə hava yolları şirkəti olan Macarıstanın “WizzAir” və Türkiyənin “Pegasus” hava yollarının Azərbaycanda fəaliyyətini dayandırdı. Bu iki hava yolları şirkəti təyyarə biletlərinin ucuzluğuna görə səyahətçilər arasında çox populyar idilər.
Avropada bu cür hava yolları şirkətləri dar büdcəli vətəndaşlara əlverilşli imkanlar yaradır. Sonradan Macarıstana məxsus “WizzAir” aviaşirkətinin ölkədə fəaliyyəti təkrar bərpa edilsə də, hazırda şirkət ancaq Bakıdan Budapeştdə uçuşlar həyata keçirir və qiymətləri də heç də ucuz deyil. Məsələn, sentyabr ayı üçün bu şirkətin Bakı-Budapeşt reyslərinin qiyməti 189,99-209,99 avro arasında dəyişir. Hansı ki, “WizzAir” Gürcüstandan Avropanın 8 ölkəsinə uçuşlar həyata keçirir və qiymətlər də maksimum 66 avro təşkil edir. Hava limanı AZALın nəzarətində olduğu üçün digər aviaşirkətlərə şərtlərini diktə edir və beləcə büdcə aviaşirkətlərinin Azərbaycan istiqamətində reyslərinin qiyməti bahalı hal alır. Azərbaycan yeganə ölkədir ki, aviaşirkət hava limanının sahibidir və burada göstərilən bütün xidmətlər “SilkWay Holding”in nəzarətindədir. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən xarici aviaşirkətlərə biletlərinin qiymətlərini endirməsinə belə, imkan verilmir. Hazırda dünya üzrə ucuz aviadaşımalar həyata keçirən bir sıra aviaşirkətin Azərbaycan bazarına daxil olması əngəllənir. Məsələn, İrlandiyanın “Ryanair” adlanan aviaşirkətində biletlərin qiyməti maksimum 50-60 avro təşkil edir. Bu aviaşirkətdə Tbilisi-Milan səfərinin qiyməti cəmi 35.88 avro təşkil edir, hansı ki, həmin tarixlərdə Bakıdan Milana uçuş AZAL ilə 592.32 manatdır”.
“Bakı hava limanının qitələrarası nəqliyyat və logistika mərkəzinə çevrilmə şansı yoxdur”
Vüsalə Əhmədovanın sözlərinə görə, Britaniyanın nüfuzlu konsaltinq şirkəti olan “SkyTrax” hər il “SkyTrax World Airline Awards” adı altında dünya üzrə aviaşirkətlərin bir çox sahədə reytinq cədvəlini tərtib edir: “2019-cu ilin reytinq cədvəlində ən yaxşı hava yolu şirkətləri arasında ilk üçlükdə “Qatar Airways”, “Singapore Airlines” və “Japan ANA All Hippon” şirkətləri yer alır. Ən yaxşı “Business Class Lounge”ları arasında “Türk Hava Yolları” reytinq cədvəlində 1-ci yerdədir. “Ən yaxşı yemək servisi”nə görə isə “Türk Hava Yolları” 6-cı yerdə qərarlaşıb. Yüksək xidmət səviyyəsi ilə öyünən AZAL isə sərnişinlərinə sosiska və ya blinçikdən ibarət “möhtəşəm” menyu təklif edir. Uzaq səfərlərdə komforta görə yenə “Türk Hava Yolları” 100 şirkət arasında 8-ci sıradadır. AZAL-da bilet qiymətlərinin yüksək olması bir yana, sərnişinlərə heç normal münasibət belə göstərilmir. Belə ki, yanvar ayında yaranmış bir insidentlə bağlı şəxsən bu şirkətə şikayət məktubu ilə müraciət etmişdim. Demək olar ki, hər gün zəng vuraraq şikayətimi geri götürməmi istəyirdilər. Keçən həftə yenə də bilet üçün müraciət etməli oldum və yenə də eyni mənzərə ilə qarşılaşdım - yüksək qiymət və kobud kassa əməkdaşları. Gəlin, 20-30 manat baha olsa belə, biletlərimizi ölkədə fəaliyyət göstərən xarici aviaşirkətlərdən alaq və birgə AZAL-ı boykot edək, bəlkə bu cür bir nəticə əldə edə bildik. AZAL-ın siyasəti inhisarçılıq və rəqiblərin bazardan kənarlaşdırılmasıdır. Belə olan halda, Bakı hava limanının qitələrarası nəqliyyat və logistika mərkəzinə çevrilmə şansı yoxdur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?