Dünən Milli Şuranın saat 15:00-a təyin etdiyi mitinqdə polislərin bütün qanunsuzluqlarını müşahidə etdik. Biz jurnalist olaraq, peşə fəaliyyətimizi yerinə yetirərkən, polis kobudluqlarına məruz qaldıq.
Minlərlə insan 28 may metro stansiyasının ətrafına yığışaraq, "Azadlıq" və "İstefa" şüarları səsləndirirdilər . Müşahidə və çəklişlər apardığımız zaman polislər mənim boynumu və qollarımı buraraq, sürüyüb zirehli polis avtobusuna basdılar. Mən xidməti jurnalist vəsiqəmi təqdim etsəm də, ona məhəl qoymayıb, əllərimi qandalladılar. Telefonumdan çəkdiyim video və şəkilləri sildilər.
Bundan sonra, Çevik Polis Alayının komandiri Səhlab Bağırov zirehli avtobusa daxil oldu və mənim ''Gündəm Xəbər'' qəzetinin baş redaktoru Şirin Cəfəri olduğumu bilib, əllərimi qandaldan açdırıb buraxdırdı. Mən yenə də peşə fəaliyyətimi yerinə yetirməyə davam etdim .
Buna baxmayaraq, onlarla polis vəhşicəsinə üstümə hücum edərək, yenidən məni sürüyə-sürüyə avtobusa soxdular. Bu zaman general Səhlab Bağırov, polislərin yenidən mənə qarşı olan vəhşilikləri öz gözləri ilə gördü və bir daha tapşırıq verdi ki, buraxın. Buraxdırdıqdan sonra üstümə qışqıraraq dedi: ''Çıx get buradan, heç bir çəkliş aparma, bir də tutulsan, qəti şəkildə buraxılmayacaqsan.''
Əldə etdiyim məlumata görə, "Xalqxeber.az" saytının baş redaktoru Peyman Sadıqov, bloger Mehman Hüseynov və digər jurnalistlər də saxlanılıblar. Əsassız yerə həbs olunan jurnalistlərin azad olunmasını, onların peşə fəaliyyətlərinin təmin olunmasını tələb edirik!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?