Dünən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının ofisində son günlər ölkədə baş verən işgəncə və repressiya faktları, hüquq müdafiəçisi Oktay Gülalıyevlə bağlı yaşanan olaylar, Repressiya və İşgəncələr Əleyhinə Komitənin qarşıda duran əsas vəzifələri ilə bağlı toplantı keçirildi.
Gundemxeber.az-ın verdiyi xəbərə görə, tədbirdə komitə üzvləri, media nümayəndələri, repressiya və işgəncələrə məruz qalan insanlar, onların yaxınları, eyni zamanda Evrovision, 20 Yanvar, Nardaran, Tərtər, Gəncə məhbuslarının yaxınları, eyni zamanda keçmiş siyasi məhbuslar və hazırda məhkumluq həyatı yaşayan siyasi məhbusların yaxınları iştirak edib.
Tədbirdə daha çox diqqət hüquq müdafiəçisi, Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin kordintoru Oqtay Gülalıyevin başına gətirilən hadisə və sağlamlığının müəmmalı şəkildə məhv edilməsinə, eyni zamanda qəza ilə bağlı yaranmış şübhələrə yönəlib.
Toplantıda son günlərin repressiya və işgəncə faktları, hüquq müdafiəçisi Oktay Gülalıyevlə bağlı hadisənin ictimai araşdırmasına aid ilkin qənaətlər və bu itiqamətdə görüləcək işlər, həmçinin Komitənin qarşısında duran əsas vəzifələr müzakirə edilib.
Çıxış edən Komitənin üzvü, hüquq müdafiəçisi Əlövsət Sadıqlı Oqtay Gülalıyevin vurulma anının video-görüntüsünün hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlil edildiyini bildirib: "Təhlil zamanı bu qərar gəldik ki, baş vermiş hadisə qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir".
Ə.Sadıqlı bildirdi ki, siyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı baş tutacaq bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd hallarına görə məsuliyyəti mövcud hakimiyyət daşıyır.
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri, Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvü Rövşən Əhmədli Oqtay Gülalıyevin işi ilə bağlı xüsusi istinaq qrupunun yaradılmasının vacibliyini vurğuladı. O, eyni zamanda son günlərin repressiya və işgəncə faktlarına da toxundu.
Tədbirdə çıxış edən Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova ölkədə baş verən özbaşınalığı və hər addımda insan haqlarının pozulmasını pislədi. O, Oktay Gülalıyevin başına gələn hadisəni isə sadəcə qəza deyil, sui-qəsd olduğunu bildirdi və onu canlı Şəhid adlandırdı.
Tədbirdə çıxış edən digər iştirakçılar da ölkədəki zorakılığı və ədalətsizliyi pislədilər.
Sonda isə Komitənin bəyanatı oxundu. Bəyanatı təqdim edirik:
"Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin 08.11.2019-cu il tarixli
BƏYANATI
"Repressiya və İşgəncələr Əleyhinə Komitə" 08.11.2019-cu il tarixli toplantısında ictimai-siyasi xadim, tanınmış hüquq müdafiəçisi, "Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin koordinatoru Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi ilə əlaqədar qaranlıq məqamları müzakirə edərək, aşağıdakıları bəyan edir: I. Nəsimi Rayon Polis İdarəsində Oktay Gülalıyevin avtomobil qəzasında xəsarət almasına dair CM-nin 263.1-ci maddəsi ilə cinayət işi qaldırılıb və bununla da hadisəyə "mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması" kimi hüquqi qiymət verilib.
Əvvəla, yetirilmiş xəsarət nəticəsində O.Gülalıyev beyin əzilməsi diaqnozu ilə cərrahi əməliyyata məruz qalıb, buradakı xəstəxanalarda sağ qalma ehtimalı sıfır % olduğuna görə İstanbuldakı "Avrasiya hospital"ına transfer edilib və həkimlər 20% yaşama ehtimalı olduğunu deyir. Ona görə də "zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması" kimi hüquqi qiymət vermə mövcud duruma adekvat deyil və zərər çəkmiş şəxsin ziyanına olaraq, qərəzli görünür.
İkincisi, O.Gülalıyevin vurulma anının video-görüntüsü hüquqşünaslar və hüquq müdafiəçiləri tərəfindən təhlil edilərək o qənaətə gəlinmişdir ki, hadisənin təfərrüatlar üzrə mahiyyəti faktın adi yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş qəza yox, qəsdən adam öldürməyə hesablanmış cinayət hərəkəti olduğunu iddia etməyə əsas verir. Belə ki:
1. Sürücü sola dönmə manevri edərkən piyada zolağına özünə aid olan sağ tərəfdən yox, sol küncdən – qarşıda dayanmış avtomobilin qarşısındakı O.Gülalıyevin hərəkətdə olduğu hissədən girir və tam sürətlə onu vurur.
2. Sürücü sola dönmə manevri edərkən piyada zolağında dayanıb keçməkdə olan piyadalara yol verməli olduğu halda, bunu etmir.
3. Sürücü sola dönmə manevri edərkən sürəti azaltmalı olduğu halda, bunu etmir.
4. Sürücü qəzadan yayınmaq üçün heç bir cəhd göstərmir və piyada keçidini çəpinə kəsərək, qarşıdakı avtomobilin sol küncündə O.Gülalıyevi tam sürətilə vurur.
Qeyd edilən detallar iddia etməyə əsas verir ki, hadisə təsadüfi yol qəzası deyil, adam ölümünə hesablanmış qəsddir və cinayət işi Məcəllənin 120-ci maddəsi ilə qaldırılmalı idi.
II. Artıq 10 gündür ki, sosial şəbəkələrdə və media resurslarında müvafiq dövlət orqanına təkidlə tələb edilir ki, O.Gülalıyevi vuran avtomobilin Nizami küçəsindəki hərəkət trayektoriyasını, həmçinin sürücünün Oqtay Gülalıyevin vurulma anında hansı istiqamətə baxdığını texniki vasitələrlə müəyyənləşdirib ictimaiyyətə təqdim etsin. Lakin müvafiq orqan hələ də həmin sosial sifarişə məhəl qoymayıb.
III. Oktay Gülalıyevin Təcili Tibbi Yardım Xəstəxanasında çəkilmiş KT-si tərəfimizdən araşdırılması üçün KT və MRT üzrə mütəxəssisə göndərilmiş və cavab belə olmuşdur: "epidural (solda) və subdural (sağda) hematomaları var, sol gicgah payda geniş parenximal hemorragik kontuziya ocaqları var, sümükdə sınıq var".
Deməli, Təcili Tibbi Yardım Xəstəxanasında 29.10.2019-cu il tarixdə edilən ilk KT-də hematomaların olması aşkar edilib və xəstə həmin vaxt cərrahi əməliyyata götürülməli olduğu halda, Təcili Tibbi Yardım Xəstəxanası bunu gizlədib, həmçinin xəstə "City Hospital"a köçürülən zaman həmin KT-ni onlara təhvil verməyib. Beləliklə, "City Hostital"da sol gözün bərəlməsindən sonra edilən ikinci KT zamanı məlum olub ki, beyinin sol yarımkürəsinə qan yığılıb və beyini sıxaraq ölümcül zərər vurub.
Komitə hesab edir ki, Təcili Tibbi Yardım Xəstəxanasındakı KT zamanı aşkar edilmiş hematomaların heç kimə bildirilməməsinin və "City Hospital"a köçürülmə zamanı KT-nin həmin xəstəxanaya verilməməsinin arxasında hansı niyyətin durduğu istintaq tərəfindən araşdırılmalı və ictimaiyyət bu barədə məlumatlandırılmalıdır. Həmçinin "City Hospital"da da ikinci KT-nin gecikdirilmə səbəbi araşdırılmalıdır – bunun arxasında kimlərin durması müəyyən edilməlidir.
IV. Hər kəsə məlumdur ki, Oktay Gülalıyev beynəlxalq səviyyədə tanınmış hüquq müdafiəçisi — ictimai xadimdir. O, ölkədə baş verən repressiya və işgəncə faktları, həmçinin siyasi məhbuslar barədə araşdırma aparır, hesabatlar hazırlayırdı. Ona görə də o, dəfələrlə Baş Prokurorluğa, DİN-nə və s. çağırılmış, təhdid edilmiş, hüquq-müdafiə işi üzrə ictimai fəaliyyətinə son verməsi tələb olunmuşdu və hakimiyyət orqanları onun ictimai fəaliyyətindən narahat idi. Ona görə də, hadisənin törədilməsi anına aid yuxarıda qeyd edilən detallar nəzərə alınmadan sürücü barədə "sürücülük hüququndan müvəqqəti məhrum edilmə, cərimə, islah işləri və s. nəzərdə tutan 263.1-ci maddə ilə cinayət işi qaldırılması, həmçinin O.Gülalıyevi vuran avtomobilin Nizami küçəsindəki hərəkət trayektoriyasının və sürücünün Oqtay Gülalıyevin vurulma anında hansı istiqamətə baxdığının texniki vasitələrlə müəyyənləşdirib ictimaiyyətə təqdim edilməməsi və s. şübhələnməyə əsas verir ki, hadisə Oktay Gülalıyevin prinsipial ictimai fəaliyyətinə son vermək və başqalarında da qorxu yaratmaq məqsədilə törədilmiş sui-qəsd və terror hadisəsi ola bilər. Ona görə də, istintaq orqanı cinayət işini CM-nin 120.2.3-cü maddəsi ilə (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və ya sonuncu məntiqi ehtimallar reallığa uyğun gəldiyi halda, CM-nin 277-ci maddəsi (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) ilə cinayət işi başlanmalıdır.
V. Komitə Daxili İşlər Nazirliyindən təkidlə tələb edir ki, Oktay Gülalıyevin və onu vuran sürücünün hadisədən bir saat əvvələdək kimlərlə telefon əlaqəsi saxladığını və danışıqların məzmununu ictimaiyyətə açıqlanmasını təmin etsin.
VI. Müvafiq hüquq-mühafizə orqanı hadisənin qaranlıq məqamlarına tezliklə aydınlıq gətirməzsə, "Repressiya və İşgəncələr Əleyhinə Komitə" O.Gülalıyevin avtomobillə vurulmasını terror (digər hüquq müdafiəçilərində qorxu və xof yaratmaq) məqsədilə və siyasi sifariş əsasında törədilmiş sui-qəsd kimi dəyərləndiriləcək.
"Repressiya və İşgəncələr Əleyhinə Komitə" bəyan etməyi vacib bilir ki, hüquq-müdafiə sahəsindəki fəaliyyətəinə əvvəlki templə davam edəcək və heç bir təqib, təzyiq, təhdid, həbs və ya qəsd Komitəni demokratik haqq və azadlıqların müdafiəsi yolundan döndərə bilməz.
VII. Komitə bəyan edir ki, repressiya və işgəncələr, həmçinin siyasi məhbuslar üzrə araşdırmalarla məşğul olan hüquq müdafiəçilərinə qarşı gözlənilən bütün təqib, təzyiq, təhdid, həbs və ya qəsd halları tərəfimizdən siyasi hesab ediləcək və bunun üçün bütün məsuliyyət mövcud hakimiyyətin üzərində qalacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?