Uşaqları çox sevirəm, Vətənimin uşaqlarını isə lap çox sevirəm.
Onların xoşbəxt, firavan, sağlam və qayğısız böyümələrini, yaxşı təhsil almalarını istədiyimdən, müxtəlif görüşlər zamanı, ilk növbədə uşaqları dinləməyə, onlarla həmsöhbət olmağa çalışıram. Dünyanın müxtəlif nöqtələrində ölkəmizi ləyaqətlə təmsil edən istedadlı gənclərlə rastlaşanda qürur duyuram, Azərbaycanın azad və xoşbəxt gələcəyinə ümidim artır.
Uzunmüddətli müşahidə və araşdırmalardan sonra gəldiyim yekun qənaət belədir ki, yaxşı tərbiyə və təhsil görmüş gənclərimizin olması, nəsillərarası əlaqənin qırılmaması üçün ailələrin sosial yükünün bir hissəsini mütləq dövlət öz üzərinə götürməli, uşaqların və yeniyetmələrin keyfiyyətli ibtidai, orta və peşə təhsili ilə əhatə olunmasını təmin etməlidir. Çox təəssüf ki, bu gün dövlət qurumlarının ailələrin sosial müdafiəsinin təşkilində göstərdikləri (bəlkə də göstərmədikləri demək, daha doğru olardı) yarıtmaz fəaliyyət, bu sahədə alternativ fikir və təkliflərin eşidilməməsi, gerçək ehtiyacların nəzərə alınmaması, ictimai nəzarətin olmaması Azərbaycanın, xüsusilə uşaqların gələcəyini böyük təhlükə altına atır. Ölkəmizin demokratik dəyərlərə uyğun idarə olunması və inkişafı, ən əsası Qarabağımızın azad edilməsi üçün bizim sağlam və təhsilli gənclərə əşədü-ehtiyacımız var. Başqa çıxış yolu axtarmayın, çünki yoxdur! Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin “uşaqlara pul verə bilmərik, ona vəsaitimiz çatmaz” bəyanatından sonra regionlarda uşaqlarımızın hansı ağır sosial-iqtisadi mühitdə böyüməsi, ailələrin öz övladlarına təhsil verməsi üçün yox (çünki bəzi ailələr üçün yaxşı təhsil artıq əlçatmaz hədəfdir), yaşamaq uğrunda mücadilə aparmasını əks etdirən bir neçə fotoşəkil paylaşmağa məcbur oldum. Şəkillər builki pambıq yığımı mövsümündə Azərbaycanın müxtəlif rayonlarında yerləşən tarlalarda çəkilib. Övladlarını yaxşı yedirmək, normal geyindirmək üçün həyat mübarizəsi verən anaların fəryadını eşidin, qulaqlarınızı tıxamayın, gözlərinizi bağlamayın ki, uşaqlarının əməyinə ehtiyac duyan, maddi məcburiyyət qarşısında onları təhsildən yayındıran, keyfiyyətli tibbi xidmətə çıxışı birdəfəlik qapanmış nə qədər taleyin ümidinə buraxılmış ailələr olduğunu görəsiniz. 148 milyard dollarlıq neft gəlirlərinin göyə sovrulduğu, 270 milyard dollar sərmayə yatırıldığı deyilən ölkənin azyaşlı uşaqları nədən uşaq puluna həsrət qalıb, tarlalarda pambıq toplamalı, kafelərdə ofisiant işləməli, küçələrdə maşınların şüşələrini silməli, təkərlərini qaratmalıdırlar?! Nədən? Onların yeganə günahı bu ölkədə doğulmalarıdırmı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?