Artıq xeyli vaxtdır dəyərli dostumuz, Milli-azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır.
Bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşmiş, huşunu itirib yıxılmışdır. Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəq sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə «City» Hospitalda 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı. Klinikaya dxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin avazımışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi. Dərhal reanimasiya tədbirlərinə başladıq. Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: nəbzi tezləşmiş və zəifləmişdi, dəq 120 vurğu/dəqiqə idi, Arterial təzyiqi ~110/60 idi, saturasiya pO2 = 55-60% idi. Qan təhlili leykositlərin kəskin artımını (30x103/µL) göstərdi. Xəstəyə intensiv infuzion müalicə tədbirləri aparıldı, bronxlar sanasiya olundu, bundan sonra huşu qismən bərpa olunan kimi psixo-motor oyanıqlıq müşahidə olundu. Vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirildi. İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok» diaqnozu qoyuldu. Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi klinik xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompyüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilmişdir. Son klinik diaqnoz: «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı».
Hazırda İsgəndər Həmodovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir. Allah şəfa versin! Dualarımızı əsirgəməyək.
Adil Qeybulla, tibb elmləri doktoru, professor 03 fevral, 2020
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?