Azərbaycanın təhsil baxımından ən problemli və həssas bölgələrindən olan cənub bölgəsinin Astara rayonu üzrə mütəxəssislərimizin hazırladığı bu hesabat barədə onu qeyd etməliyik ki, sənəd 1,5 illik gərgin əməyin və çalışmaların nəticəsidir və 1 il öncə açıqlanmalı olan bu sənədin gec açıqlanmasının səbəbləri də hesabatın sonunda qeyd edilmişdir.
Hesabat, rayonun, mediada haqqında ən çox danışılan məktəblərindən biri olan şəhər 6 saylı tam orta məktəb barədədir. Belə ki, bu məktəbin vəziyyətində son 2 ildə hansısa ciddi dəyişiklik olmaması və əlaqəli şəxslərin, o cümlədən təhsil şöbəsi rəhbərinin hələ də iş başında olması səbəbindən, bütün rayonun təlim və təhsil vəziyyətinin barometri, elə bu təhsil müəssəsi hesab oluna bilər.
Qeyd 1: Hesabat, məktub şəklində Astara Rayon Təhsil Şöbəsinə, Astara İcra Hakimiyyətinə, sözügedən məktəbin rəhbərliyinə və hazırki direktor Ülviyyə Bayramovaya, həmçinin, həmin dövrdə direktor işləmiş və hazırda rayon təhsil şöbəsinin baş məsləhətçsisi olan Mirzəzadə Elçin Mirzağa oğluna, həmin zaman Astara polisində işləmiş və hadisələrdə adı hallanan Abışi Nəcəf Aydın oğluna, Astara Rayon Polis Şöbəsinə və ən nəhayət, Təhsil Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur. Qeyd 2: Hesabatda adı hallanan əsas şəxslər-rayon təhsil şöbəsinin rəhbəri Rəşad Həsənov və keçmiş direktor Elçin Mirzəzadə ilə əlaqə qurmaq cəhdlərimiz bir müddətdən sonra tamamilə nəticəsiz qalmışdır və nədənsə bizdən yayınmağa üstünlük vermişlər.
F.Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəblə bağlı
HESABAT
Astara şəhəri üzrə “Təhsil Araşdırmalar Mərkəzi”nin (“Gənc Alimlər” təşkilatının və medianın dəstəyi ilə) apardığı çalışma və monitorinqlərin nəticəsində şəhərdə xüsusi həssas və problemli məktəb olaraq nəzərə çarpan F.Əliyarov adına 6 saylı tam orta məktəbin durumu barədə xüsusi hesabatı mətbuatın və ictimaiyyətin diqqətinə çatdırırıq.
Qeyd etməliyik ki, Astara Şəhər 6 saylı tam orta məktəbin 2017-2018 tədris ili üzrə bəzi təhsil işçiləri, həmçinin bəzi məzunları və şagirdləri ilə nümayəndəmizin söhbəti zamanı yazılı və elektron mediada məktəb barədə yayılan bir çox mətləblər öz təsdiqini tapmışdır.(1)
(1)Məsələnin məğzinə keçmədən öncə bunu qeyd etməliyik ki, şagirdlərin məzunlardan fərqli olaraq söhbətə daha tərəddüdlü davranmalarının və bəzi şeyləri açıq deyə bilməmələrinin onların normal yaş dövrünün psixo-sosial xüsusiyyətləri ilə bağlılığı olsa da, bu faktın həm də məktəbin ümumi durumu və psixoloji atmosferi ilə sıx bağlılığı olması tamamilə inandırıcıdır. (Qeyd edək ki, şagirdlərin yalnız anonim qalmaqla danışmağa razı olmasından sonra tərəfimizdən bu anonimliyin ikitərəfli olması gərəkdiyi bildirilmişdir. Eyni halın məzunlar üçün də keçərli olmasına qərar verilmişdir). Həmçinin, təbii olaraq, qız şagirdlərin oğlanlardan fərqli olaraq daha az bir qismi ilə ünsiyyət baş tutmuşdur. Amma, bununla belə, onların dedikləri digər şagird və məzunların dediklərini yoxlamaq baxımından önəmli bir imperativ olmuşdur.
Sorğu aparılan müddət (sentyabr 2018 - aprel 2019-cu il) ərzində şəhər 2 saylı tam orta məktəbdə oxuyan və çalışqanlılığı və intizamlılığı ilə fərqlənən Günay Bağıyeva adlı şagirdin
daha öncə təhsil aldığı bu məktəbdə yaşadıqları barədə yayılmış informasiyanın doğruluğunu təsdiq edən bir çox məqamlar ortaya çıxmışdır. Belə ki, adıçəkilən şagirdin bir məsələdə etikaya zidd olmayan bir formada bildirdiyi etirazdan sonra direktor tərəfindən şiddətli bir şəkildə təhqirə məruz qalmasını hadisənin şahidi olanlar, o cümlədən, həmin zaman tədris işləri üzrə müavin işləmiş Ülviyyə Bayramova və həmçinin, məzunlar da təsdiq etmişlər(Səsyazısı və dəlillər mövcuddur).(2)
(2) Direktor tərəfindən yol verilən kobudluq və özbaşına davranışın konkret hansı məsələylə bağlı olması isə başqa və əlavə bir motiv kəsb etdiyindən, onu digər konteksdə dəyərləndirəcəyik.
Məktəbdə 2018-ci ilin 13 fevralından etibarən işə başlayan psixoloq Yunis Dürüstün (hüquqi adı: Daşqın Əliyev) ilk gündən bəri yaşadıqları ilə əlaqədar açıqlamalarınının və mətbuatda yayılan məlumatların çox qəribə və şok effekti doğuran mahiyyətini nəzərə alaraq, bu sahədə xüsusi araşdırmalarımız uzun müddətdən-2018-ci ilin avqustundan bəri mövcud olubdur. Bəribaşdan qeyd etməliyik ki, psixoloqun təqdim etdiyi açıqlama və sübutlar digər sübutlarla paralellik kəsb etmişdir və məktəbin bəzi işçiləri, şagird və məzunlar və həmçinin onların yaxınları tərəfindən bildirənlərlə üst-üstə düşmüşdür.
Məlum olmuşdur ki, direktor Elçin Mirzəzadənin qanunsuzluqlarını və yaramaz əməllərini aşkar sübut edə bilmək üçün psixoloq onunla ünsiyyətdə olduğu zaman səsini telefona yazmışdır və psixoloqun olmadığı şəraitlərdə isə bu işi bəzi şagirdlər görmüşlər. Şagird və məzunların bizə təqdim etdiyi bəzi səs yazılarında, həqiqətən də direktorun şagirdlərlə kobud davranması, onlarla nalayiq söhbətlər etməsi, loru ifadələrdən istifadə etməsi, hətta 9-cu sinifdə oxuyan həssas psixoloji duruma malik olan bir qız şagirdi (Adı: Xanım) aşkar şəkildə təhqir etdiyi görünür.
Psixoloqla bağlı məsələyə qayıtsaq; psixoloq Yunis Dürüstün (Daşqın Əliyevin) hələ ilk gündən bəri direktor, direktorun tədris işləri üzrə müavini və eləcə də bəzi müəllimlər tərəfindən qısqanc və qeyri-adekvat münasibətlə üzləşməsini bir çox nüanslardan və dəlillərdən görmək mümkündür. Əvvəla, onu qeyd etmək gərəkir ki, sosial elmlərdə, xüsusən də sosial psixologiya sahəsində ciddi çalışmaların müəllifi olan, əsərindən beynəlxalq elmi qaynaqlar gətirilən həmin psixoloq həm də sosial şəbəkələrə dair azərbaycanda ilk və önəmli psixoloji kitabın (“Feysbukuk və həyatın sirləri”) müəllifi olduğu üçün onun psixologiya və fəlsəfə sahəsində məharəti şübhəsizdir. Daşqın Əliyevin açıqlamaları və sübutları, həmçinin ortada olan digər sübutlar göstərir ki, psixoloqa qarşı direktorun qeyri-normal münasibəti hələ ilk vaxtlardan mövcud olmuşdur. Məsələn, fevralın 19-u və ya 20-si tarixində direktor öz otağında psixoloqa çox qəribə bir sual vermiş və məktəbdəki subay xanımları istəyib-istəmədiyini soruşmuşdur. Sayları ən az 2 olan və eyni məktəbdə işləyən birdən çox xanımı eyni vaxtda istəməyin necə mümkün olması isə direktorun ağlına gəlməmişdir... Bir neçə gün sonra isə direktor psixoloqu hansısa başqa psixoloqdan nəyisə öyrənmək üçün, ya da “təcrübə öyrənmək üçün” başqa bir məktəbə göndərmişdir. Həmin psixoloqun özünün də təəccüblə yanaşdığı bu hadisədə direktorun, hətta özü də sonradan bu qərarının mənasız olduğunu etiraf etmişdir. Bir neçə gün sonra isə direktor daha da anormal bir addım atmışdır: psixoloqa bu dəfə bildirmişdir ki, yuxarı sinif şagirdləri ilə (qız şagirdlərlə) mümkün qədər ünsiyyətdə olmasın və onlarla danışmasın.(3)
(3) Halbuki, psixoloq vəzifəsinin iş prinsipi elə budur ki, qız və ya oğlan olmasından asılı olmayaraq, onlarla ünsiyyət saxlayıb, problemlərini dinləyib məsləhətlərini versin. Bu, dərsdə də ola bilər, tənəffüsdə də; məktəb, təkcə dərs otağından ibarət deyil.
Növbəti dəfə isə mart ayının ikinci on günlüyündə direktor başqa bir anlamsız və gülünc addım atmışdır; belə ki, məktəbi zəif idarə etməsi və səbatsızlığı nəticəsində növbəti dəfə məktəbə “valideyn hücumu” baş vermişdir və tərbiyəsiz bir valideynin və ya yaxınının məktəbə icazəsiz daxil olub hansısa şagirdi təhqir edib fiziki hücuma məruz qoyması müqabilində psixoloqun sərt və qətiyyətli addım atmasını direktor psixoloqa qüsur tutmuşdur. Aprelin ilk on günlüyündə isə direktor psixoloqdan sosial şəbəkədə məktəblə bağlı paylaşdığı və son dərəcə təbii olan 2 tənqidi məzmunlu paylaşımını silməsini anormal şəkildə tələb etmişdir. Peşəkar mütəxəssislərin də təsdiq etdiyi kimi, (bu barədə ayrıca hesabatımız olacaqdır və mütəxəssislərin geniş rəyini təqdim edəcəyik) həmin paylaşımlarda nəinki qeyri-normal bir şey yoxdur, əksinə, məzmunlu və mənalı fikirlər yer alır və heç bir şəxsin adı, ümumiyyətlə, çəkilmir. Çox maraqlıdır ki, özü daima sosial şəbəkələrdə məktəb və şagirdlər barədə paylaşımlar edən və şagirdlərin də şəkillərini paylaşan direktor nədənsə bu işi yalnız öz inhisarında görür. Halbuki, eyni haqqa digər məktəb işçiləri, xüsusən də rəhbər vəzifə hesab olunan psixoloq da sahibdir və hətta bəzi hallarda bunu etmək vacib ola bilir.
Bildirmək gərəkir ki, direktorun anormal və özbaşına davranış və qərarları bunlarla məhdudlaşmamışdır. Belə ki Elçin Mirzəzadənin məktəbdəki yarıtmaz idarəçiliyi nəticəsində psixoloqla bağlı yaranan növbəti özbaşınalıq da tədris işləri üzrə müavin Ülviyyə Bayramova ilə münasibətlər kontekstində olmuşdur. Belə ki, bir dəfə Ülviyyə Bayramova psixi xəstə olduğu anormal və fövri davranışlarından bəlli olan Elman Ağayev adlı hərbi hazırlıq müəlliminin fitvasıyla, qeyri-adekvat və yersiz bir şəkildə psixoloqu hansısa sinifdə uşaqların dərsdən qaçmasında günahlandırmışdır. Qeyd edək ki, hazırda direktor olan Ü. Bayramovanın emosional ruh halını və psixi durumunun anormal olmasını onunla söhbətimizdəki səsyazısı da təsdiq edir.(4)
(4)Həmin səsyazısını yaxın günlərdə mediaya və ictimaiyyətə təqdim edəcəyik.
Və bu aqressiv psixoloji halın mənfi nəticələrini təkcə psixoloq deyil, müəllimlər və şagirdlər də yaşamışlar və təəssüf ki, hazırda da yaşamaqda davam edirlər. Belə ki, şagirdlərin, məzunların, psixoloqun və bir neçə müəllimin də təsdiq etdiyi kimi o, uşaqlarla normal və etik davranmır, adətən uca səslə və bir çox hallarda qışqıraraq danışır, bəzən, hətta birbaşa təhqir edir. Məsələn, sözügedən 2017-2018 tədris ilində, 9-cu siniflərdə imtahan hazırlığı zamanı, Ülviyyə Bayramovanın ağına-bozuna baxmadan bütün şagirdlərə “qandığınız qrafa yoxdur” deyə çığırması və təhqir etməsi bir faktdır və hadisənin səsyazısı da mövcuddur.
Direktor E. Mirzəzadənin psixoloqa qarşı birbaşa baş verən və sübuta yetmiş qeyri-adekvat əməllər siyahısını qeyd etməyə davam edirik. Belə ki növbəti dəfə, mayın 1-də rəhbər işçilərin toplantısında o, psixoloqu sosial şəbəkədəki paylaşımlarına görə haqsız yerə ittiham etməyə davam etmişdir və söylədikləri, psixoloq tərəfindən qəbul edilmədikdə isə qeyzlənmişdir və təhqirə keçmişdir. Bu arada qeyd edək ki, onun, psixoloqun, guya məktəbin şəklini çəkib internetə yerləşdirməsini deməsi və bunu ona qüsur tutması, onun savadsız olduğunu da bir daha təsdiq edir.(5)
(5)Texnika və informasiya əsrində az qala bütün məktəblərin internetdə şəkli mövcudkən, “quql” axtarış şəbəkəsindəki hansısa şəklin müəllifliyini kiminsə boynuna yıxmaq cəfəng olduğu qədər də, həm də komik bir davranış tərzidir və Elçin Mirzəzadənin tragikomik şəxsiyyət cizgilərini aydınlaşdıran növbəti xarakterik faktdır. Belə ki, əvvəla, həmin şəklin çox öncədən internetdə mövcud olması tərəfimizdən quqlda aparılan adi bir axtarışda sübut olunmuşdur. Üstəlik də, direktorun məktəbdən çoxlu şəkillər paylaşması necə normaldırsa, psixoloqun da məktəbin şəklini çəkib internetdə yerləşdirməsində də, təbii ki, bir anormallıq ola bilməz.
Eyni zamanlı olaraq, baş verən dramatik hadisələrin silsiləsində, Elçin Mirzəzadə həmin iclasda, digər rəhbər işçilərin ona dəstək verməsinə, xüsusən də uşaqları “qoyun” və s. “ad”larla daima təhqir edən Elman Ağayevin həyasızlığına güvənərək psixoloqa qarşı hədyanlarını davam etdirmişdir. Psixoloq direktorun absurd və gülünc ittihamlarına etiraz etdikcə bu dəfə Elman adlı həmin “şizofrenik şəxs”, psixoloqu təhdid etmiş və ağır söyüşlər söymüşdür (Maraqlıdır ki, həm tədris işləri üzrə müavin, həm də qadın olan Ülviyyə Bayramova bu söyüşlərə heç bir etiraz bildirməmişdir). Görünür ki, psixoloq Daşqın Əliyevə qarşı olan bu təxribatda əsas məqsəd, psixoloqu özündən çıxartmaq və onun davakar görüntüsünü yaratmaqla işdən çıxarmaq üçün bəhanə və zəmin əldə etmək olmuşdur. Lakin, psixoloqun, ruhi xəstə olduğu şübhə doğurmayan Elmana qarşı soyuqqanlı və səbrli davranışı və təxribatı boşa çıxarmaq üçün otağı tərk etməsi bu provokasiyanı puç etmişdir. Bundan sonra Daşqın Əliyev Elçin Mirzəzadəyə zəng edərək, yalnız Elmanın otağı tərk etməsi şərtilə söhbəti davam etdirə biləcəyini şərt qoşmuşdur və direktor da bu şərti qəbul etmişdir. Lakin, direktorun, digər rəhbər şəxsləri otaqdan çıxarmasından sonra psixoloqla danışığı yenə də öz anormal və nihilist məcrasını davam etdirmişdir. Və direktor, onun ittihamlarına etiraz etdiyi üçün psixoloqu faktiki olaraq təhqir edərək psixoloji problemli olmaqda günahlandırmışdır. Öz gözünün qabağında, rəhbər işçisi olan Elmanın aşkar ruhi xəstə davranışlarını normal bilən Elçin Mirzəzadə, nədənsə məhz psixoloqa “Sən də onun ağlındasan” demişdir. Ümumiyyətlə, arada heç bir səmimiyyət olmadığı halda, E. Mirzəzadənin psixoloqa daima “sən” deyə xitab etməsi, şüuraltında onu aşağılamağa çalışmağın bir inikası da hesab oluna bilər və yaxud da ən azından, bir etikasızlıq və mədəniyyətsizlik hesab oluna bilər.
Həmçinin, qeyd edək ki: sonrakı günlərdə, Bakıda keçiriləcək kitabının təqdimatı ilə əlaqədar 2 günlük icazə istəyən psixoloqa bu icazəni verməyən direktor, nədənsə aylarca səbəbsiz yerə işə gəlməyən və yalnız 8 mart və sair bayramlar qabağı məktəbə gəlib hədiyyə toplayan təşkilati işlər üzrə sədr müavininə (adı: Xuraman Məmmədova) göz yummasını heç cür izah etmək istəməyibdir. Halbuki təşkilat sədri funksiyası, məktəb üçün əvəzedilməz və olduqca önəmli bir instansiyadır və onun olmaması məktəbin bütün işlərinə, o cümlədən psixoloqun işinə təsir göstərir.
Lakin, direktor E. Mirzəzadənin özbaşınalıq seriyasi bununla da məhdudlaşmamışdır. Belə ki, sözügedən məsələlər konteksində, aşkar olan ən önəmli və dramatik hadisə isə direktorun psixoloqa iş otağı verməməsi və əvəzində psixoloqun “səyyari fəaliyyət” göstərmək məcburiyyətində qalmasıdır. Elçin Mirzəzadənin və Astara Təhsil Şöbəsinin sədri Rəşad Həsənovun psixoloqun işdən çıxarılmasına bəraət qazandırmaq cəhdlərinin bəribaşdan əsassız və absurd olmasını sübut edən ən aşkar meyar, əslində, elə bu məsələ ilə bağlı olmuşdur. Zira E. Mirzəzadənin özü ilə 2019-cu ilin iyul ayında telefon vasitəsilə qurulan və tərəfimizdən maddi sübut kimi qeydə alınan dialoq əsnasında bu bədnam keçmiş direktor, psixoloqa niyə otaq vermədiyini və sona qədər bu qərarında niyə israr etdiyini heç cür izah edə bilməmiş və olduqca savadsız və gülməli bir “çıxış yolu” təklif etmişdir; psixoloqun şagirdlərlə məktəbdə deyil, məhz öz evində məşğul olmalı olduğunu demişdir (!) (Təhsil sahəsində böyük inqilab vəd edən bu təklifi, düşünürük ki, nəinki Təhsil Nazirliyi mütəxəssisləri, hətta bütün dünya alimləri oturub dəyərləndirməlidirlər!) Bəli, olduqca gülməli və son dərəcə məntiqsiz olduğu aşikar olan bu təklifi telefonda etməyə özündə cəsarət tapması, onun psixoloji durumunun da normal olmadığını göstərən imperativlərdən biridir. Həmçinin, digər sübut olaraq da, sosial şəbəkələrdə yayılan və bizə çox öncədən bəlli olan 4 iyun 2018-ci il tarixli səsyazısında, Elçin Mirzəzadənin psixoloqu təhqir etməsi, hədələməsi və bunu çox normal bilməsi, aşkar şəkildə görünməkdədir. Əslində, elə bu iki imperativ- bizim vasitəmizlə, Elçin Mirzəzadə ilə qurulan 17 dəqiqəlik telefon əlaqəsi və
yutubda yayılan və psixoloqu təhqir etdiyi səsyazısı, vəziyyəti izah etməyə yetərlidir və Elçin Mirzazadənin haqsız olduğunu və psixoloqu qanunsuz olaraq məktəbdən kənarlaşdırdığını və Rəşad Həsənovun E. Mirzəzadəni əsassız yerə müdafiə etdiyini sübut edir. Şübhəsiz ki, bir psixoloqun bütün işinin əsas qismi, məhz öz şəxsi otağının olması ilə bağlıdır və otağının olmaması onun fəaliyyətinin iflic olması deməkdir.
Gundemxeber.az teref.az-a istinadla bildirir ki, psixoloqun məktəbdəki iş müddəti əsnasında, olduqca aktiv və nümunəvi bir fəaliyyət göstərməsi də sübut olunmuşdur. Belə ki, özünün iştirak etdiyi dərsləri maddi sübut kimi qeydə almaqla bəribaşdan tədbirli davranan Daşqın Əliyevin qısa müddət intervalında onlarca dərsdə iştirak etdiyi görünür və bu da yüksək məhsudlarlığı sübut edir. Daha da önəmlisi budur ki, boş dərsləri və vacib olmayan dərsləri özünün keçməsi və Azərbaycan tarixində, bəlkə də ilk dəfə məktəbdə keçilməyən “psixologiya” fənnini keçməyə çalışması, həqiqətən, təhsilimizdə tarixi bir cəhd və uğur kimi qeydə alınmışdır.
Həmçinin, direktor Elçin Mirəzadənin, psixoloqun guya sadəcə 20 gün məktəbdə iştirak etməsi ilə bağlı iddiasının da tamamilə həqiqətdənkənar və uydurma olduğu məhz Daşqın Əliyevin hər günə aid qeydləri ilə sübut olunmuşdur. Aprel ayında xəstəliyi ilə əlaqədar 1 aylıq bülleten götürməsinin, əslində, həm də ona yaradılan süni və anormal əngəllərlə bağlı olduğu da aydın olmaqdadır. Çünki, iş otağı olmadan, psixoloji həssas şagirdlərlə xüsusi iş aparılması mümkün olmadığı kimi, digər cari işlərin həyata keçməsi zəmini də ola bilməzdi. Təsadüfi deyil ki, psixoloq Daşqın Əliyevin, demək olar ki, bütün yuxarı sinif şagirdləri ilə (dərsə gəlməyənlər istisna olmaqla) fərdi söhbətlər etməsini və anket tutmasını, bizə göstərdiyi blanklar da sübut edir. (Blankların doğruluğu da yoxlanılmışdır və şagirdlərlə birlikdə test edilmişdir). Bir sözlə, fəaliyyətə başladığı 13 fevral 2018 tarixindən, bülleten götürdüyü 2018 aprel ayına qədər, demək olar ki, daima işə vaxtında gəldiyi və vaxtında getdiyi və ən əsası, çox aktiv fəaliyyət göstərdiyi təsdiq olunmuşdur. May ayından sonra isə baş verən məlum hadisələr, yəni direktorun artan özbaşınalığı və yaradılan əlavə məhdudiyyətlər şəraitində təbii olaraq, hansısa normal fəaliyyət göstərmə zəmini qalmadığı üçün Daşqın Əliyev məktəb rəhbərliyi ilə qarşıdurmadan mümkün qədər qaçmaq üçün may ayında 2 dəfə icazə götürmək məcburiyyətində qalmışdır və ikinci icazəni sona çatdırmadan məktəbə qayıtmışdır. Çox qəribədir ki, direktorla qarşıdurmadan qaçmaq üçün bir neçə gün icazə alıb məktəbdə görünmək istəməyən psixoloqun bu istəyini, direktor müsbət cavablandırsa da, sonradan bunu ona eyb tutmuş və işinə səhlənkarlıqda ittiham edərək, absurd bir həmkarlar iclası qərarı çıxartdırmışdır. Halbuki, sadə məntiq deyir ki, əgər direktor psixoloqa səhv bir iş görməyə icazə verirsə, deməli, elə özü birinci günahkardır. Və əlavə edək ki, direktorun bütün mənəviyyat və ləyaqət prinsiplərini tapdalayaraq, psixoloqu “qaralamaq” üçün və “sübut” toplamaq üçün özü və əmr qulu müəllimlər vasitəsilə psixoloqu şagirdlər qarşısında nüfuzdan salmağa çalışması və saxta sübutlara qol çəkməyə sövq etməsi də görünür ki, təhsil tariximizin qara ləkələrindən biri olaraq yerini alacaqdır.
Əlbəttə, son nəticədə də psixoloqun məktəblə olan müqaviləsinə qanunsuz şəkildə xitam vermişdir. Lakin, qeyd etmək lazımdır ki, bu, həmin direktordur ki, 2017-ci ildə dövlətə və xalqa faktiki xəyanət edərək məktəbdə Azərbaycanı işğal edən Sovet qoşunlarının gününü, yəni 23 fevral tarixini, “kişilər günü” kimi qeyd etmişdir. Üstəlik də, buna haqlı və adekvat etirazını bildirən məsuliyyətli şagird Günay Bağıyevanı hər kəsin gözü qarşısında təhqir edib alçaltmış və “tarix müəllimi” kimi tarixi bilməməyin verdiyi acı kompleksi məhz bu şəkildə kompensasiya etməyə çalışmışdır. Hələ üstəlik, bundan ürəyi soyumayaraq, onu otağına anası ilə birgə çağırtdıraraq, üzr istəməyə məcbur etmiş və həmin məktəbdə müəllimə olan anasının dərs saatlarını kəsmişdir. (Qeyd olunan məşum və dramatik hadisənin həqiqətən
baş verdiyini şahidlər-şagird və məzunlar, həmçinin, o vaxtkı müavin Ülviyyə Bayramovanın sonrakı etirafları və səsyazıları da sübut edir)
Və sonda bunu bildirməliyik ki, psixoloq Daşqın Əliyev bütün bu özbaşınalıqlar və direktorun əməlləri ilə bağlı Astara Təhsil İdarəsi rəhbəri Rəşad Həsənovla 4 dəfə görüşmüş və inandırıcı dəlillər təqdim etmişdir. Ümumilikdə 120 dəqiqədən çox davam edən bu söhbətlər əsnasında, sübutlar qarşısında çarəsiz qalan, lakin nədənsə direktoru işdən azad etmək istəməyən Rəşad Həsənov bir təhsil rəhbərinə yaraşmayacaq səviyyədə söhbətlər etmiş və yalançı vədlər vermişdir. Bütün söhbətlər Daşqın Əliyev tərəfindən qeydə alınmışdır. Belə ki, Rəşad Həsənovun sanki bazarda qiymət öldürürmüşcəsinə, Daşqın Əliyevlə “bazarlığa getməyə” çalışması və ona faktiki rüşvət təklif etməsi açıq-aydın görünür. Təhsil rəhbərinin ağzından çıxan, “Sən səbr elə”, “Mən o işi həll edəcəyəm”, “Sonuncu xəbərdarlığımı vermişəm ona”, “Ülviyyə Bayramovaya münasibətin necədir, ondan direktor çıxar?” şəklində ifadələri, düşünürük ki, şərh etməyə ehtiyac yoxdur. Görünür, psixoloqun “bazarlığa getməməsi” və qəti mövqeyində qalması Rəşad Həsənovu məcbur edib ki, bir neçə ay sonra da olsa, Elçin Mirzəzadənin direktorluq fəaliyyətinə son versin. Və əlbəttə, belə bir quldur təbiətli və tragikomik bir adamı özünə baş məsləhətçi təyin etməsi də Rəşad Həsənovun hansı ağıl və səviyyəyə sahib olduğunu və Astara təhsilinin hansı əllərdə olduğunu aşkar şəkildə gözlər önünə sərir.
Qeyd: Psixoloq Daşqın Əliyev əlindəki maddi sübutlarla 2018-ci ilin avqust ayında polisə də müraciət etmişdir və Elçin Mirəzadə tərəfindən şərəf və ləyaqətinin ictimai yerdə aşkar şəkildə təhqir olunduğunu əks etdirən səsyazısını təqdim etmişdir. İşə baxan sahə müvəkkili Abışi Nəcəf Aydın oğlu qəribə və izaholunmaz bir trayektoriya cızmış və çox maraqlıdır ki, anidən, Astaradakı işini tərk edib, başqa yerə (bizə məlum olduğu qədərilə-Lənkərana) getmişdir. Onun istər telefonda danışarkən, istərsə də polis şöbəsində olarkən yazılmış səsyazısı sonradan yutub sosial şəbəkəsində peyda olmuşdur və həmin səsyazısında Nəcəf Abışinin, işi yoxuşa sürdüyü və direktoru cəzalandırmaqdan israrla qaçdığı və psixoloqa yalançı “yatışdırıcı” sözlər dediyi (“mən onu tənbeh etmişəm”, “izahat yazdırmışam” və s) görünməkdədir. Hətta, Daşqın Əliyevin üzərinə qışqıraraq və “sən kimsən ə?” deyərək, aşkarca öz səlahiyyətlərindən sui-istifadə etdiyi duyulur. Digər tərəfdən, arada heç bir səmimiyyət olmadığı halda (və üstəlik də yaşca ondan kiçik olduğu halda), D. Əliyevə daim “sən” deyə xitab edir. Polis və hüquq-mühafizə orqanı işçisi adına yaraşmayan bu ləyaqətsizliyin arxasında hansı maraqların durduğu bilinməsə də, hər halda fakt faktlığında qalır (Həmin səsyazılarını məlum səbəbdən göndərməyimiz mümkün olmadı, lakin hər halda, yutubdan (hal-hazırda) və ya Daşqın Əliyevin özündən bunları əldə etmək mümkündür). Və onu da əlavə edək ki, bu ləyaqətsizliyə Astara Polis Şöbəsindəki “rəis”in (Azər Cahangirov) də ortaq olduğu və sahə müvəkkilinin fitvasına uyduğu da səsyazılarında aydın görünməkdədir.
Əlavələr:
1) Hesabatda əks olunan bütün məlumatlar, dəqiqliyi tamamilə yoxlanılmış və sübut olunmuş faktlara əsaslanır.
2) Hesabatda birbaşa adı çəkilməyən, lakin müəllimliyə yaraşmayan fəaliyyətlə məşğul olan məktəb işçilərindən bir çoxları barəsində səsyazılara və sübutlara sahibik; şagirdlərlə daim uca səslə və təhqiramiz tonda danışan Aysel Əliyeva, riyaziyyat dərslərini mənasız məişət söhbətləri ilə kompensasiya etməyə çalışan Çingiz İsayev, guya sinif rəhbəri olan, amma ali təhsili və heç bir ciddi savadı olmayan Nuranə Babayeva, azyaşlı şagirdləri belə döyməkdən çəkinməyən Lətafət, şagirdlərə “çaqqal” deyə xitab edən Rauf, uşaq təşkilatının uşaqları unudan rəhbəri Nərmin, təxribata meyilli İradə və s. adları qeyd edə bilərik. (Bəzilərinin soyadını dəqiqləşdirə bilmədik, çünki Astara Təhsil Şöbəsi müraciətlərə cavab vermir və nədənsə bizdən gizlənir)
3) Hesabatın gec açıqlanmasının əsas səbəbi, ifadələrindən istifadə olunan və əlaqə qurduğumuz şagirdləri, rəhbərlik və Təhsil İdarəsi tərəfindən mümkün təqiblərdən qorumaq və onların məktəblə hüquqi bağlarının bitməsini gözləmək idi. Digər tərəfdən, məsələlərin və hadisələrin əsas bütün subyektlərinin hələ də (fərqli cür olsa da) fəaliyyətdə olması və xüsusən də Təhsil İdarəsi rəhbərinin hazırda da iş başında olması da bunun səbəblərindən biridir.
Təhsil və təhsil problemləri ilə bağlı “Təhsil Araşdırmalar Mərkəzi”nin mütəmadi olaraq açıqladığı hesabatlar mediada dərc olunur və istifadə olunan bütün material və sübutların əsasları da mediaya və ictimaiyyətə təqdim olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?