Tərtərin icra başçısı Müstəqim Məmmədovun yaşadığı ev əvvəllər Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının qərargahı olub
GundemXeber.Az yenisabah.az-a istinadən xəbər verir ki, bina 90-cı illərdə tikilib və 1998-ci ilə qədər orada əmanət bankı yerləşib.
Daha sonra bina YAP-ın yerli təşkilatına verilib. 2016-cı ildə isə təşkilat yeni qərargaha köçüb. Bundan sonra Müstəqim Məmmədov binanı özəlləşdirərək, özünə ev edib. Binada o yenidənqurma işləri aparıb və bir mərtəbə artırılıb. Və həmin vaxtdan icra başçısı özəl mülkiyyətə çevirdiyi həmin villada yaşamağa başlayıb.
Məlumata görə, həmin ev Tərtərin mərkəzi ərazilərindən hesab edilən Nərimanov küçəsində yerləşir. Həmin küçədə yaşayış və inzibati binalar yerləşir.
“O ərazidə həyət evi yoxdur və heç vaxt olmayıb”, - deyə sakinlər bildirib.
İcra başçısı evinin kənarında “dayanmaq qadağandır” nişanı da quraşdırıb. Həmin ərazidə maşını saxlayan sürücü dərhal yol polisi tərəfindən cərimələnir.
Dünən məlumat vermişdik ki, icra başçısı evinin yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Müstəqim Məmmədov bu addımı evinin görünməməsi üçün atıb. Hazırda liseydə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.
Qərargahın villaya çevrilməsi zamanı çəkilmiş fotoları təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?