Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır.
Məlum olur ki, PA rəhbəri olduğu zaman R.Mehdiyevə “hədiyyə” adı ilə - əslində rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.
Gundemxeber.Az yenisabah.az-a istinadən xəbər verir ki, üç il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib.
Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib.
Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.
Bu haqda məlumat verən şəxs bildirir ki, həmin mənzilin hazırda bazar qiyməti iki milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir.
Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən üç il əvvəl ona təhvil verilib. Ramiz Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb.
Aradan üç il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?