Qəhrəman Azərbaycan Ordusunun ölüm-dirim savaşı, sevimli şəhid övladlarımızın qanları bahasına işğaldan tam azad olunmağa az qalmış, doğma Qarabağımızı bir anda, bir imza ilə Rusiyanın sülhməramlıları adlanan, qanunsuz olaraq Azərbaycan torpaqlarına daxil olmuş hərbi qurumuna tapşırdıq. Otuz il əvvəl də Qarabağımızı bir Kreml məmuru olan Arkadi Volskinin rəhbərliyi ilə Moskvanın yaratdığı Xüsusi İdarəetmə qurumuna vermişdik və Azərbaycan xalqı bunun acılarını bu günə kimi çəkir.
Rusiya sülhməramlılarının iki minlik heyət və yüzlərlə hərbi texnikalarla suveren Azərbaycan ərazisinə daxil olması tam qanunsuzdur, suverenliyimizə böyük təhlükə və təhtitdir. Faktiki olaraq Rusiya Federasiyasının Azərbaycanda yeni yaradılmış hərbi bazasıdır və nəhayət Birləşmiş Millətlər Təşkilatının xüsusi mandatını almadan gəlməsi isə Beynəlxalq Hüquq və normalara qətiyyən ziddir. Hələ bunun üçün Azərbaycan Milli Məclisinin də xüsusi qərarının vacib olduğunu demirəm. Şanlı Ordumuzun qalib savaşına böyük siyasi və mənəvi dəstək olmuş Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın əvəzsiz xidmətlərini bir daha qeyd edərək qardaş Türkiyə əsgərlərinin də sülhməramlı qüvvələrin tərkibinə daxil ediləcəyini prezident İlham Əliyev dəfələrlə dilə gətirməsinə baxmayaraq təəssüf ki, belə olmadı.
Rusiya sülhməramlı qüvvələrinin həmişə olduğu kimi yenə də ermənilərin mənafeyini qoruyacaqları şübhə doğurmur. Bəs onda biz kimin ümidinə qalırıq?
Düşünürəm ki, suverenliyimizə və təhlükəsizliyimizə inamlı təminat məqsədi ilə Naxçıvanda və Qarabağda Türkiyə hərbi qüvvələrinin bazaları yaradılmalıdır.
Azərbaycan Kanstitusiyasına və Beynəlxalq Hüquq normalarına tam uyğun olmayan Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış bəyanatın qüsurları nəzərə alınaraq, Türkiyə rəhbərliyinin də iştirakı ilə problemin yenidən müzakirə olunmasına və sülh sazişi formasında imzalanması keçilməzdir.
Hərbi təcrübəyə əsasən qalib tərəf kimi bu danışıqlarda Azərbaycan prezidentinin təklifləri prioritet sayılmalıdır.
Mən, bütün HƏP üzvləri adından Vətən savaşında qalib olmuş qəhrəman zabit və əsgərlərimizə təbriklərimi və təşəkkürlərimi çatdırıram, unudulmaz Şəhid övladlarımıza isə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?