“6-cı mərtəbə” şirkətinin 10-a yaxın əməkdaşı karantin dövründə işdən çıxarıldığını deyir. Bu barədə danışan həmin şikayətçilərin sözlərinə görə, şirkət “Şərq bazarı”nda təmirlə məşğul olub.
“Mən oktyabr ayında şirkətdə fəhlə kimi işə düzəlmişəm. Bizimlə müqavilə bağlandı, fəhlə kimi gündəlik 18-20 manat ödəniləcəyi bildirildi. Bizə demişdilər ki, 540-550 manat maaş ödəniləcək. Amma heç 350 manat vermədilər. Ağır şəraitdə işlədiyimizdən pulun artırılmasını tələb etdik, buna görə də 3 aydan sonra xəbərdarlıqsız işdən çıxarıldıq”,-şikayətçilərdən biri deyib.
Şikayətçilər hələlik adlarının açıqlanmasını istəmirlər. Çünki iş tapmaqda çətinlik çəkirlər, deyirlər ki, işlədikləri şirkətdə haqsızlığa etiraz edənləri digər qurumlar fəhlə kimi də olsa, işə götürmək istəmirlər: “Biz işdən çıxandan sonra dedilər ki, şirkətlə müqavilənin bir nüsxəsi də sizə verilməli idi. Fəhlələr, ustalar müqaviləni oxumurlar, əslində, oxusaq da, nə yazıldığını çox da bilmirik. Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər. Sonradan dedilər ki, müqavilənin vaxtı bitib. Bizə əvvəlcədən xəbərdarlıq etmədilər ki, vaxtında özümüzə iş axtaraq. Heç neçə aylıq müqavilə bağlanıldığını da bilmədik. Bizim tələbimiz işlədiyimizin müqabilində pulumuzun ödənilməsidir. Maaşlarımız da qalıb, ödənilməyib. Beton tökülüb, biz dağıtmışıq, yük daşımışıq, mala işləri eləmişik. İndi bizi qəbul edib dərdimizi dinləmirlər, mühafizəçilər yaxına buraxmırlar”.
Şikayətçilərin sözlərinə görə, onlar müdir kimi Atəş adlı şəxsi tanıyıblar. İşçilər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət ediblər.
“6-cı mərtəbə” şirkətinin rəsmi səhifəsində şirkətin 1994-cü ildə yaradıldığı, Bakı və Sumqayıtda bir çox layihənin reallaşmasında iştirak etdiyi qeyd edilib. Şirkət memarlıq və tikinti layihələndirilməsi, interyer və eksteryerlərin dizaynı və layihələndirilməsi, tikinti, bərpa, rekonstruksiya, təmir işləri həyata keçirir. Şirkətə məxsus istehsalat sahələri- daş və dəmir sexləri, mebel fabriki var. Şirkətin tabeliyinə xaricdən gətirilən eksklüziv oboy, keramika və santexnika materiallarının satışını təşkil edən salonlar, qapı və pəncərə sexi də var. Şirkət həmçinin beton istehsalı ilə də məşğul olur. O bir neçə dövlət müəssisəsində, o cümlədən 2014-cü ildə Dövlət Təhlükəsizlik Xidmətində təmir-tikinti işləri aparıb.//dia.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?